Cəmil Həsənli İlham Əliyevin BDU çıxışını darmadağın elədi

Qərbə inteqrasiya xalqın seçimidir, İlham Əliyev bunu müvəqqəti ləngidə bilər, amma qarşısını ala bilməz

Ölkə başçısı İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı bu ali təhsil ocağında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər hələ də cəmiyyətdə tənqidi yöndən müzakirə olunmaqdadır. Tarixçi alim, professor, Milli Şuranın sədri Cəmil Həsənli də həmin çıxışdakı bəzi məqamlara münasibət bildirib. O, feysbuk hesabında yazıb:

Bakı Dövlət Universitetində İlham Əliyevin nitqi xeyli suallar doğurur. Əvvəla, Universitet Cümhuriyyətin qalıcı işlərindən biridir. Bu toplandıda o, 20 dəfə BDU-nu qiyabi bitirmiş Heydər Əliyevin adını çəksə də, bir dəfə də olsun həmin universiteti açanların adını zikr etmədi. BDU Qərbə inteqrasiya etməyi strateji hədəf kimi seçmiş bir hökumət tərəfindən açılmışdı və İlham Əliyev 100 il sonra anti-qərb iserikasını məhz, Universitetin tədbirində bəyan etdi. İlham Əliyev nitqinin əvvəlində qeyd edir ki, “gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi”. AXC Bakı Universiteti yarananda 98 min kv km əraziyə tam və şəriksiz nəzarət edirdi və daha 16 min kv km əraziya iddialı idi. AXC hölkuməti dövründə Qarabağda erməni seperatizminə və Muğanda molokan qiyamına son qoyulmuş, Qarabağın Dağlıq hissəsində yaşayan erməni əhalisi Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul etmişdi. İlham Əliyev 16 ildə 16 arşın ərazi azad edə bilməyib və 5 ildir millətin başını Cocuq Mərcanlı ilə qatıb. Halbuki 1919-cu ildə Azərbaycanın bayrağı Şuşada, Xankəndində, Zəngəzurda dalğalanırdı. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu yaxşı və ya pis idarəçilik məsələsi deyildi, Rus imperiyasının 1914-cü il hüdudlarında bərpası məsələsi idi. Deyək, AXC liderləri bacarıqsız oldular. Bəs qonşu Ermənistan, Gürcüstan niyə müstəqilliyini itirdi? Bu həmin dövrdə ümumdünya prosesi idi. Əgər hazırda Azərbaycan öz müstəqilliyinin 3-cü on illiyini yaşayırsa, bu İlham Əliyev və Heydər Əliyevin xidməti deyil, müasir dünya düzəninin nəticəsidir. SSRİ dağılandan sonra hansı respublika müstəqilliyini itirib? Heç istəsə də itirə bilməz, çünki müstəqilliyin itirilməsi artıq daxili məsələ deyil. Rusiyanın qoltuğunda “müstəqil” olmaq isə ayrı bir məsələdir.

İlham Əliyev deyir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə “sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi”. Halbuki, ötən əsrin 60-cı illərində Azərbaycan ən mühüm göstərici olan əhali artımına, hər min nəfərə düşən doğulan uşaqların sayına görə Sovet İttifaqında birinci yerdə idi və İttfaqd orqanlardan dotasiya almayan bir neçə respublikalardan biri idi. İlham Əliyevin istinad etdiyi Qırmızı bayraqlar inkişaf göstəricisi hesab edilə bilməz, sonradan aydın oldu ki, həmin Qırmızı bayraqların bir hissəsinin arxasında rəqəmlərin şişirdilməsi dayanır.

İlham Əliyev qeyd edir ki, “20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı.” Bunun üçün Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafqarovanın 20 yanvar faciəsi ilə bağlı çıxışına diqqət yetirmək lazımdır. Yannvarın 26-da Qorbaçov Sov.İKP MK Katibliyinin toplandısında deyirdi ki, “indi Azərbaycanda bizim vəziyyətimiz Almaniya Demokratik Respoblikasında olduğu kimidir. Rəhbərliyə gətirməyə etibarlı adam tapa bilmirik”.

İlham Əliyevin “Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır” fikrinin heç bir əsası yoxdur və müstəqillik uğrunda mübarizə başlayanda Heydər Əliyev hələ Sovet sisteminin bir nümayəndəsi olaraq qalırdı, kommunist partiyasında təmsil olunurdu. Müstəqilliyə gedən yol bilavasitə Azərbaycan Xalq Cəbhəsi ilə bağlı idi və Naxçıvan Məclisində də milli bayraq cəbhəçilərin təkidi ilə qaldlırılmışdı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri cəbhəçilərin tələbi ilə çıxarılmışdı.

İlham Əliyev iddia edir ki, “Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı”. Bunun da heç bir əsası yoxdur. Azərbaycanda 1992-1993-cü illərdə heç vaxt on minlərlə adam çörək növbəsində dayanmayıb və ümumiyyətlə çörək növbəsi olmayıb. Un ehtiyatının dükənməsi ilə bağlı çətinliklər olub və hökumət Türkiyədən idxal etməklə bu çətinliyi aradan qaldırıb.

İlham Əliyev iddia edir ki, “Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər”. Jurnalsit döyülməsi pis nümunədir və buna görə “Azadlıq” qəzetinin redaktoru Nəcəf Nəcəfovun təkidi ilə Daxili İşlər naziri vəzifədən uzaqlaşdırıldı. Əliyevlər dövründə jurnalistlər qətlə yetirilib, onların üzərindən maşın sürülüb, onlarca jurnalist işgəncələrdən keçib. Bunlara görə kim çəzalandırılıb? Adam oğurluğuna gəldikdə isə bu işlə Əliyevlərin dövründə DİN-də yuva salmış insan oğurluğu və qətllərində ad çıxarmış Hacı Məmmədovun dəstəsi “peşəkarcasına” məşğul olmuşdu. Bu dəstə zərəsizləşdirilən zaman verilən ilkin açıqlamada akademik Ziya Bünyadovun bu dəstə tərəfindən qətlə yetirildiyi bəyan edilmişdi. İlham Əliyevin fikrincə “müəllimlər bu tarixi onlara (tələbələrə) çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin.” Əlbəttə, müəllimlər bütün həqiqətləri olduğu kimi tələbələrə çatdırmalıdırlar və onu da deməlidirlər ki, AXC hökuməti dövründə müəllimlər ən yüksək əmək haqqı ilə təmin edilmişdilər və həftəlik dərs saatları da 2 dəfə azaldılaraq 12 saata endirilmişdi. Sonra onu İlham Əliyev 18 saata qaldlrdı. Müəllimə 150-250 manat əmək haqqı verib deyir ki, “mən müəllimlərin fəaliyyətini çox yüksək qiymətləndirirəm”. Bu gün müəllim, həkim, mədəniyyət işçisi, orta məmur təbəqəsi hansı səfalətin içində yaşayır?! Qoy bunu da müəllimlər həqiqət naminə desinlər. Məsələn, müəllimlər həmin həqiqətlər sırasına AXC-nin vətən uğrunda döyüşlərdə 5 mindən çox şəhid verdiyini, rus qoşunlarını ilk olaraq ölkədən çıxardığını (Gürcüstan bunu 10 il sonra edə bildi), ilk pul vahidini dövriyyəyə buraxmasını, test imtihanları tətbiq etməsini, sonralar Əliyevlərin axırına çıxdığı ləl-cəvahirət fondu yaratdığını və sairi də daxil etsələr pis olmaz.

İlham Əliyev deyir ki, “Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur… Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik”. Bu müqayisəni aparanda nədənsə o, xatırlatmaq istəmir ki, axı 2014-cü illə müqayisədə ümumi daxili məhsul 2 dəfə azalıb. Bu azalma fonunda indi xarici borc ümumi daxili məhsulun 17 faizini təşkil edir, əks təqdirdə bu 34 faiz olacaqdı.

İlham Əliyev qeyd edir ki, “iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox (əlavə) vəsait toplamışıq, bunun nəticəsində bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb”. Sual olunur, artıb nə qədər olub? Əvvəl işləyənlərin yarıya qədərinə 76 dollar aylıq əmək haqqı verirdin, indi 130 dollar verirsən. 131 manat minimum pensiya və 131 dollar minimum əmək haqqı ilə necə fəxr eləmək olar və bu artırılmış əmək haqqı, pensiyalar vətəndaşların hansı problemlərin həll edir? Bu qədər inkişaf etmişiksə uşaq pulu niyə verilmir? Bunun izahın vermək lazımdır.

İlham Əliyev nida pafosu ilə sual edir ki, “haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə?” Addam əməlli-başlı islam təəssübkeşi olub. Amma axı həqiqətdən yan keçmək də mümkün deyil. Həmin o “Stop İslam!” kimi ittiham edilən Almaniyanın son illərdə islam inanclı qaçqınlara verdiyi aylıq yardım İlham Əliyevin öz ölkəsində professora verdiyi aylıq əmək haqqından iki dəfə çoxdur. Avropaya inteqrasiya yolunu Azərbaycan 1918-ci ildə seçib, millətin imzasın imzalar içində görmək istəyib, keçirilən sosial sorğularda əhalinin 50 faizə qədər ölkəsin xilasını məhz Avropaya inteqrasiyada görür. Bu Avropa belə pisdirsə, bunlar ölkədən əyri yollarla oğurladığı müdafiə xərclərini niyə Londonun 4 ofşor şirkətində yerləşdirir, Rusiya ilə silah müamiləsindən daldaladıqları milyonları niyə Belçika və Avstriya banklarında dolandırdırır, çirkli pullarını Maltada yuyur, Avroppa şəhərlərin məhəllə-məhələ alırlar? İlham Əliyev 16 il ölkəni talayandan, idarəçiliyi dövründə Azərbaycanı qismən azad ölkədən qeyri-azad ölkəyə çevirəndən, portretləri diktator və kleptokratiklər muzeylərində nümayiş etdiriləndən, Malta təhlükəsi onu təhdid edəndən sonra başa düşüb ki, Avropa dəyərləri pisdir. Əlbəttə, ölkəni bu vəziyyətə salandan sonra o, özünü, öz hakimiyyətini bu dəyərlərin içində görmür. Avropanı və Qərbi aldatmağın limiti qurtarıb. Ona görə cəmiyyəti “Stop İslam!” isterikası ilə manipulyasıya edir, adamlara 131 dollar donluq verib guya Avropanı böhran bürüməsindən haray salır, İsveçrədə müalicə olunub Qərbin xəstələnməsindən danışır. Qərbə inteqrasiya xalqın seçimidir, hakimiyyətin yox, İlham Əliyev müvəqqəti olaraq bunu ləngidə bilər, amma qarşısını ala bilməz.