
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs cəzası başa çatdıqdan sonra, noyabrın 25-də azadlığa buraxılıb.
Qarabağ müharibəsi əlili Asif Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə saxlanılıb.
2015-ci il iyulun 30-da məhkəmə onu təqsirli bilərək 7,5 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb.
2019-cu il mayın 29-da Suraxanı Rayon Məhkəməsi Asif Yusiflinin cəzasının dörddə üç hissəsini çəkməsilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Asif Yusifli müsahibəsində bildirib ki, siyasi fəaliyyətini AXCP sıralarında daha fəal şəkildə davam etdirəcək.
“Mən siyasi sifarişlə həbs olunmuşdum. Sifariş birbaşa ölkənin birinci şəxsi tərəfindən gəlmişdi,” o qeyd edib.
O əfv olunmamasının səbəbini özünün, AXCP-nin və Milli Şuranın prinsipial mövqeyi ilə bağlı olduğunu deyib.
“Bu prinsipial mövqe hökumətin bizimlə yumşaq davranmasına əsas vermir. Digər siyasi təşkilatların üzvləri ilə yumşaq davranılsa da, AXCP-nin prinsipial mövqeyinə görə bu təşkilatın üzvlərinin adı adətən əfv fərmanlarına salınmır.”
Yusifli ona siyasi fəaliyyətini dayandırması və ya həbsdən azad edilməsi müqabilində ölkəni tərk etməsi ilə bağlı təkliflər olunduğunu deyib.
“Bildirmişəm ki, mən heç vaxt öz vətənimi tərk etməyəcəm. Hətta həbsxana köşəsini Amerikanın Kaliforniya ştatındakı dörd mərtəbəli villadan üstün sayıram. Ölkəni tərk etyməli bir şəxs varsa, o da İlham Əliyevdir.”
O siyasi fəaliyyətini dayandırması ilə bağlı təklifi isə ümumiyyətlə qıbul etmir.
“Bizim yolumuz haqq yoludur, vətənimizin, millətimizin yoludur, demokratiya və azadlıq yoludur. Biz bu yoldan heç bir şərt daxilində geri çəkilməyəcəyik,” Yusifli qeyd edib.
Asif Yusiflıi həbsdə olarakən onun əlillik qrupunun birinci qrupdan ikinci qrupa endirildiyini deyib.
Öz növbəsində, rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.
Amerikanın səsi