
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli noyabrın 25-də 5 illik həbs müddətini günəgün başa vuraraq azadlığa çıxıb.
AXCP sədri Əli Kərimli və başqa partiyadaşları onu evində ziyarətediblər.
Asif Yusifli özünü yaxşı hiss etdiyini və əfvlə azadlığa çıxmadığına görə sevincli olduğunu bildirib.
«Mən heç vaxt İlham Əliyevin əfvi ilə azad olunacağıma inanmırdım. Bütün proseslər göstərirdi ki, bu, heç vaxt olmayacaq», – deyə A.Yusifli Azadlıq radiosuna bildirib.
A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edib və cəza müddətini 6 ilə endirib. Qanuna dəyişikliklərdən sonra cəza 1 il də azaldılıb.
İttihamda yazılıb ki, zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.
Məhkəmə zamanı R.Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. F.Zülfüqarova da ziyanın ona ödənilməsinə dair şikayətindən imtina edib.
Üzvü olduğu AXCP bəyan edib ki, A.Yusiflinin həbsinin gerçək səbəbi özü kimi Qarabağ əlili olan Zaur Həsənovun intihar həddinə çatdırılmasına etirazı olub. Z.Həsənov haqsızlığa məruz qaldığını bəyan edərək deputat Səttar Mehbalıyevin rəhbəri olduğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə özünü yandırıb. Z.Həsənov xəstəxanada vəfat edəndən sonra A.Yusifli Fəvvarələr meydanında etiraz aksiyası keçirib.