
AXCP Rəyasət Heyətinin üzvü, siyasi məhbus Aqil Məhərrəmlinin səhhətində ciddi problem var. O, ayağını yerə basa bilmir, dəfələrlə müvazinətini itirərək yıxılıb. Bu barədə partiyadan yayılan məlumatda deyilir.
Məlumatda bildirilir ki, səhhətindəki problemə və cəzaçəkmə müəssisələrində effektli müalicə imkanı olmadığına görə A.Məhərrəmli cəzaçəkmə müəssisəsinin rəhbərinə Ədliyyə Nazirliynin Müalicə Müəsissəsinə göndərilməsi üçün müraciət edib. Amma müəssisə rəhbərliyi hələ də onun müalicəsi üçün tədbir görməyib.
AXCP bildirir ki, Aqil Məhərrəmli həbs olunarkən “bandotdel”də (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsi-red) işgəncələrə məruz qalıb və ayağındakı şiddətli ağrılar da onun nəticəsidir.
“O ailə üzvləri ilə görüşdə deyib ki, diz qapağı ətrafında sınıq, yaxud çat olmasını və ağrıların məhz bu səbəbdən olduğunu ehtimal edir. Aqil bəyin təcili və ciddi müalicəyə ehtiyacı var və buna görə də onun dərhal müalicə müəssisəsinə göndərilməsini tələb edirik” – deyə məlumatda qeyd edilir.
AXCP bildirir ki, hakimiyyət indiki halda A.Məhərrəmlinin həyatına görə məsuliyyət daşıdığını unutmamalı və təcili olunun effektiv müalicəsini təmin etməlidir.