Əliyevlər və ətrafı İngiltərəni ikinci evə çeviriblər

London

Son aylarda müxtəlif səbəblərə görə Britaniya mətbuatında İngiltərədə yaşayan və yaxud burada biznesi olan azərbaycanlı məmurların ailə üzvlərinin adları qeyd olunub.

Həbs olunmuş azərbaycanlı bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın İngiltərədəki bir sıra aktivləri dondurulub və o, bu ilin sentyabr ayına qədər deportasiya təhlükəsiylə üz-üzə idi. O, özünə qarşı iddiaları rədd edir.

Digər bir London sakini, Azərbaycan Dövlət Neft Şirkəti prezidentinin oğlu Rəşad Abdullayev də bu ilin iyun ayında İbizada milyon funt-sterlinqli saatı oğurlandıqdan sonra adı qəzet başlıqlarına düşmüşdü.

Abdullayev və Hacıyevanın ekstravaqant həyat tərzi və bahalı zövqləri istisna deyil, çünki onlar Britaniyanı öz evinə çevirmiş bir neçə Azərbaycan məmurunun ailə üzvlərindən yalnız ikisidir.

Həmin aparıcı ailələrin və onların İngiltərədə məlum olan fəaliyyətlərinin siyahısını tərtib etmək üçün biz bu kiçik, lakin böyüməkdə olan icmanın ən görkəmli şəxslərindən bəziləriylə bağlı araşdırma aparmışıq.

Açıq məlumatın əldə edilməsinin müəyyən həddi var, çünki bu şəxslərdən bəziləri şirkətlər və əmlaklar barədə mülkiyyət məlumatlarının tapılmasını çətinləşdirən və ya qeyri-mümkün edən ofşor sığınacaqlardan və ara şirkətlərdən fəal istifadə edirlər.

Aşağıdakı siyahı, yazı hazırlanarkən ictimaiyyətə açıq olan mənbələrdən əldə edilən məlumatın cüzi bir hissəsidir.

1Prezident ailəsi

Ilham Əliyev

Prezident İlham Əliyevin ailəsi onun atası Heydər Əliyev Azərbaycan prezidenti olduğu dövrdən bəri İngiltərədə uzun bir tarixə sahibdir.

2015-ci ildə jurnalistlərin araşdırması ilə Londonun şimalında Azərbaycanın Birinci ailəsinə məxsus 18 milyon funt sterlinqlik bir malikanə aşkar edildi.

Ailə bu evi 1998-ci ildə, İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti olduğu dövrdə alıb. Bu mülkün qiymətini müəyyən etmək çətin olsa da, bilirik ki, qonşuluqda yerləşən və oxşar ölçüləri olan bir ev 2013-cü ildə 16.850.000 funt sterlinqə satılıb.

İllər ərzində bu malikanənin intensiv təmiri nəticəsində həmin mülkə yeraltı avtomobil parkı əlavə edilib və yaşayış sahəsi 2438 kvadrat metrdən 3200 kvadrat metrə qədər genişləndirilib.

Prezident ailəsinə məxsus və ya əlaqəli digər mülklər Londonun ən bahalı ərazilərindən biri olan Knightsbridge ətrafında yerləşir.

Bunlardan biri Mayfair-dəki Park Lane küçəsindədir və 2006-cı ildə bazarda 32 milyon funt sterlinqə olub. İnflyasiya və keçən illərdəki mənzil sahəsində qiymət artımı nəzərə alınmaqla, bu gün həmin mülkün təxminən 48 milyon funt sterlinq qiymətində olduğunu demək olar.

Mülkdəki bütün mənzillər müxtəlif ofşor şirkətlərinə məxsus olduğundan, mülkdə yaşayan şəxsləri müəyyən etmək çətindir. Ancaq bilirik ki, 2008-2014-cü illər arasında mülkü idarə edən şirkətin direktoru Leyla Əliyeva olub.

2014-cü ildə onu direktor vəzifəsində dayısı oğlu, Paşa Holdinq və Paşa Bankın direktoru Mir Camal Paşayev əvəz etdi.

London

Bu mülklər bahalı olsa da, prezidentin qızlarının nəzərdə tutduğu daha bir layihə ilə müqayisə edilməz idi.

2015-ci ildə bacılar “The Knightsbridge Apartments” adlı lüks yaşayış kompleksindən iki mənzil almağa cəhd etdilər. Onların planı, biri 30 milyon funta, digəri isə 29,5 milyon funta olan iki mənzili birləşdirərək daha böyük bir mənzilə çevrimək olub. Lakin bu sövdələşmə başa çatdırılmayıb.

Onların adından danışıqlar aparan vəkil, bacıların “siyasətlə əlaqəli fiqurlar” (Politically Exposed Persons – PEP) olub-olmadıqlarını yoxlamaq üçün lazımi addımlar ata bilmədiyi üçün intizam məhkəməsinə çağırılmışdı. PEP termini siyasi liderlərlə əlaqəsi olan fərdlərə aid edilir. Bu təsnifat PEP-lərə məxsus şirkətlərin fəaliyyətləinin daha ciddi araşdırılmasını və müvafiq yoxlanışını nəzərdə tuturdu.

Vəkillərin Fəaliyyətini Tənzimləmə Qurumu bildirib ki, razılaşmanın şərtləri elə idi ki, “çirkli pulların yuyulmasının baş verməsinin əhəmiyyətli riski” var idi.

Bu iş əsnasında Tənzimlənmə Qurumuna məlum olub ki, Child & Child hüquq şirkətində işləyən həmin vəkillə Leyla və bacısı Arzunu iranlı-britaniyalı iş adamı Cavad Marandi tanış edib.

Tribunala bildirilib ki, 2013 və 2014-cü illər arasında Marandi prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın əmisi oğlu Mir Cəlal Paşayevə 3,5 milyon funtluq sterlinqlik mənzil hədiyyə edib.

Vəkillərin Fəaliyyətini Tənzimləmə Qurumuna məlum olub ki, Marandinin Londondaki mənzil hədiyyəsi, Mir Cəlal Paşayevdən Azərbaycanda doğum günü üçün aldığı mənzilə cavab hədiyyəsi olub.

Leyla Əliyeva İngiltərədəki prezident ailəsinin ən fəal üzvlərindən biri olsa da, onun bibisi – prezidentin bacısı bəlkə də, ölkədə ən rahat məskunlaşandır.

O, İngiltərədə iki məlum şirkət təsis edib – onlardan birincisi hazırda bağlanıb, ikincisinə isə üç övladı sahiblik edir və onlardan birininin Britaniya vətəndaşlığını aldığı təsdiqlənib.

Prezident Əliyevin mətbuat katibi BBC News Azərbaycanın suallarına cavabında qeyd edib ki, prezidentin ailə üzvlərinə dair bu yazıdaki “faktlar həqiqətə uyğun deyil”.

“Prezidentin ailə üzvləri bizneslə məşğul olurlar və onların fəaliyyəti, o cümlədən onların əldə etdikləri gəlirlər Azərbaycan və beynəlxalq qanunlara tam uyğundur”, o əlavə edib.

2. Eyyubovlar ailəsi

Britaniyada özlərinə yuva quran başqa bir ailə, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovundur.

Oğlu Orxan Eyyubov təxminən 2012-ci ildə Britaniya vətəndaşlığını alıb – bu, Britaniyada sahib olduğu bir şirkətlə bağlı təqdim etdiyi sənədlərdən bildiyimiz bir faktdır.

Eyyubov şirkətini 2009-cu ildə “Unifood & Liquors (UK) Limited” adı altında qeydiyyatdan keçirib.

İndi New Canada Capital Ltd adlanan şirkətini ilk dəfə qeydiyyata aldıqda, onun ünvanı kimi Knightsbridge-in xəlvəti hissəsində yerləşən və dəmir örtüklü qapısı olan sirli bir ev göstərilib.

2012-ci ildə o, İngiltərə vətəndaşlığını aldığını açıqlayıb.

Britaniya subyekti olduğuna baxmayaraq, Eyyubov o vaxtdan bəri yaşadığı ölkə qismində Kanadanı qeydiyyatdan keçirib.

İngiltərədə şirkətlərdən sahiblərini açıqlamağı tələb edən yeni qaydalar qüvvəyə minəndə, Orxan Eyyubov şirkətdə 50%-dən yuxarı nəzarət payına sahib olduğunu göstərib. Səhmlərin qalan hissəsinin isə bir kanadalı şəxsə məxsus olduğu göstərilir.

Bu il yayımlanan məlumatda şirkət kapital dəyərinin 13 milyon funt sterlinqdən çox olduğunu açıqlayıb.

BBC News Azərbaycanca Azərbaycan Nazirlər Kabinetinin mətbuat katibliyinə bu mövzuda ünvanlandırdığı suallarına cavab almayıb.

3Rəhimovlar ailəsi

Arif Rahimov

İdman və Gənclər naziri Azad Rəhimovun oğlu Arif Rəhimov bir müddət Britaniya vətəndaşı olduğu qeyd olunan digər bir nazir oğludur. Lakin onun atası bunu təkzib edib və deyib ki, Britaniyada “vətəndaşlığa [ərizə] heç vaxt verməyib”.

Onun biznes fəaliyyəti ilə bağlı məlumatlar nisbətən seyrəkdir. Onun Britaniyadaki ilk şirkəti, 2016-cı ildə ləğv olunan AR & Co Trading Limited şirkəti olub. Məhz bu şirkətin qeydiyyatı zamanı Arif Rəhimov Britaniya vətəndaşı olduğunu bildirib.

Şirkət ilk dəfə 2012-ci ildə Arif Rəhimov və onun iş ortağı Qeys Siraclı tərəfindən fərqli bir ad altında qeydiyyata alınıb – ARGS Construction Limited.

Arif Rəhimovun Britaniyadaki biznes fəaliyyəti AR & Co Trading Limited şirkətinin 2016-cı ildə ləğv olunması ilə yekunlaşmayıb. O və Qeys Siraclı 2018-ci ilin aprel ayında mərkəzi Amerika ölkəsi olan Belizdə qeydiyyatan keçirilən iki şirkət vasitəsilə Britaniyada yeni bir şirkət təsis edib – HESA Construction LLP. Lakin ilk şirkətlərinin qeydiyyat sənədlərindən fərqli olaraq, bu dəfə Arif Rəhimov Azərbaycan vətəndaşı olduğunu qeyd edib.

İdman və Gənclər Nazirliyinin sözçüsü BBC Azərbaycancaya bildirib ki, Belizdəki iki şirkət və HESA Construction-ın “məqsədi kommersiya fəaliyyəti olub. Lakin həmin fəaliyyət uğursuzluqla nəticələndiyi üçün şirkətlərin fəaliyyəti dayandırılıb”.

Arif Rəhimovun İngiltərədə hansı aktivlərə sahib ola biləcəyi barədə ictimaiyyət üçün açıq məlumat az olsa da, Formula 1 üçün Bakı Grand Prix yarışlarını təşkil edən şirkətə onun rəhbərlik etdiyini bilirik.

Onun eləcə də Britaniyanın xaricində Geys Siraclı ilə bir sıra digər biznes əlaqələri var. Belə müəssisələrdən biri də ilk əvvəl tikinti sahəsiylə məşğul olan DDLAR şirkətlər qrupudur.

BBC-nin əldə etdiyi sənədlərə görə, Arif Rəhimovun Britaniyadakı iş ortağı Geys Sirajli, azı 2014-cü ilin iyul ayına qədər DDLAR Qrupunun baş direktoru olub.

Göründüyü kimi, onunla o dövrdə şərikli menecer Arif Rəhimov olub. Idman və Gənclər Nazirliyinin sözçüsü bildirib ki, “DDLAR İnşaat dövlət layihələrinin həyata keçirilməsi ilə əlaqədar tenderlərdə iştirak etməyib. Həmin şirkət bir neçə layihələrin inşaasında subpodratçı qismində çıxış edib.”

Tikilən obyektlərin bir çoxunun açılışında isə prezident İlham Əliyev iştirak edib.

Azadlıq Radiosunun apardığı bir araşdırmaya görə, Geys Siraclı DDLAR adından istifadə edərək Türkiyədə iki şirkəti qeydiyyatdan keçirib.

Dolar

Arif Rəhimov özü BBC News Azərbaycancanın müraciətinə cavab verməsə də, onun atası, Azad Rəhimov BBC Azərbaycancanın Bakı ofisinə zəng edərək suallarımızı cavablandırıb.

Azad Rəhimov BBC News Azərbaycancaya bildirib ki, onun oğlu DDLAR İnşaat şirkətinə rəhbərlik edərək “Qeys Siraclı ilə bir yerdə tikintilər aparırlar” və “rayonda bütün kompleksləri onlar tikiblər”.

Nazir bu layihələrin tikintisə dair qərarın tenderlə müəyyən edildiyini və bütün obyektləri tikən bir şirkəti nazirliyin seçdiyini bildirib.

Lakin oğlunun Britaniya vətəndaşlığı əldə etməsinə dair sənədlərlə bağlı suala, Arif Rəhimovun “vətəndaşlığa heç vaxt” müraciət etmədyini israr edib.

O, Arif Rəhimovun 14 yaşından Britaniyada məktəbə getdiyini və 2012-ci ildən bəri Bakıya qayıtdığını və Britaniyada yalnız daimi yaşayış icazəsinə sahib olduğunu deyib. HESA Construction şirkətinin qeydiyyat sənədlərində Arif Rəhimovun yaşadığı ölkənin Azərbaycan olaraq qeyd olunması bu məlumatı təsdiqləmiş olur.

4Abdullayevlər ailəsi

Rəşad Abdullayev

Arif Rəhimov kimi Rəşad Abdullayevin də Türkiyədə geniş biznes maraqları var. Ancaq mediada son zamanlar gündəmə gəlməsi onun iş fəaliyyətilə deyil, İspaniyanın İbiza şəhərində 1 milyon avro dəyərində qol saatının oğurlanması əlaqəli idi.

Hadisəylə əlaqədar polis hesabatının sızmasından sonra araşdırmalarımız zamanı, ARDNŞ prezidenti Rövnəq Abdullayevin oğlunun hazırda Londonda yaşadığı məlum olub.

Londona köçməzdən əvvəl, 2007-ci ildə 13 yaşından etibarən Türkiyədə təhsil alıb, bir qədər çaşdırıcı görünsə də, onun Linkedİn profilində 14 yaşında Kimya Mühəndisliyi və İş İdarəçiliyi ixtisası üzrə təhsil almağa başladığı qeyd olunub.

Bununla belə, o hələ universitetdə oxuyarkən ARDNŞ-in ticarət qolu olan SOCAR Trading SA şirkətində Ticarət və Biznes İnkişafı üzrə mütəxəssis kimi ilk dəfə işləməyə başlayaraq fəallıq göstərib.

İngiltərədə Rəşad Abdullayevin nə işlə məşğul olduğunu bilmək mümkün olmayıb. Nə o, nə də SOCAR BBC News Azərbaycancanın suallarını cavablandırmayıblar.

5. Heydərovlar ailəsi

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsi uzun müddət idi ki, Azərbaycanın Britaniyada özünə ən rahat yer eləmiş və ən gözə çarpan nazir ailələrindən idi.

Heydərovun böyük oğlu Tale Heydərov İngiltərədə şirkət açmaqda birinci olub, lakin ən çox hazırda fəaliyyət göstərməyən Avropa Azərbaycan Cəmiyyətini (TEAS) təsis etməklə tanınıb.

Onun kiçik qardaşı Nicat da TEAS və İngiltərədəki digər şirkətlərin idarə edilməsində iştirak edib.

Təşkilat indi fəaliyyət göstərmir, lakin fəal olduğu vaxtlarda Londonda təmtəraqlı Novruz şənliklərinə ev sahibliyi edib. Daha çox mübahisə doğuran isə təşkilatın hədiyyələr və Azərbaycana səfərlər vasitəsiylə avropalı siyasətçilərin rəğbətini qazanmaq ittihamlarıyla qarşılaşması olub.

TEAS və təşkilatla əlaqələndirilən siyasətçilər hər hansı bir pozuntuya yol verildiyi iddialarını qətiyyətlə rədd ediblər.

Tale və Nicat Heydərovlar tərəfindən qurulmuş altıyadək məlum şirkətlərdən bir çoxu fəaliyyət göstərməkdədir, baxmayaraq ki, əksər şirkətlərin idarəçiliyi Guernsey-də yerləşən sərvət menecmenti şirkətinə tapşırılıb.

Tale Heydərov özünü idmana, təhsilə və mədəniyyətə həvəs göstərən “aparıcı Azərbaycan biznesmeni” kimi təsvir edir. Qardaşı Nicat Heydərov indi Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkətləriylə bağlı sənədlərdə qaldığı ölkə qismində Birləşmiş Ərəb Əmirliklərini göstərir.

BBC News Azərbaycanca Heydarov ailəsinə ünvanlandırdığı suallara cavab almayıb.

6. Hacıyevlər ailəsi

Cahangir Hacıyev

Yuxarıda sadalanan digər ailələrdən fərqli olaraq Hacıyevlər ailəsi hökumətdə təmsil olunmur, amma Azərbaycanda siyasi nufuz əldə ediblər. Azərbaycan Beynəlxalq Bankının keçmiş Baş direktoru Cahangir Hacıyev ətrafında gedən mübahisələr Azərbaycanda səngimək əlamətini göstərmir. Fırıldaqçılıq, vəzifə səlahiyyətindən sui-istifadə etmək, dövlət vəsaitinin israfı və mənimsənilməsi ittihamına görə o, 16 il 6 aylıq cəza müddətini çəkir.

Bu dövrdə onun yoldaşı, Zamirə Hacıyeva Londonda böyük xərcləmələr etdiyinə görə adı qəzet başlıqlarına düşüb.

Bu faktların çoxu onun 2018-ci ildə İzaholunmayan Sərvət Sərəncamıyla (Unexplained Wealth Order – UWO) yoxlanılan ilk şəxs olmaqla baş verən məhkəmə prosesi nəticəsində məlum olub.

Hazırda ona qarşı İzaholunmayan Sərvət Sərəncamı altında üç ayrıca iş açılıb.

Sentyabr ayına qədər isə, o, Azərbaycana ekstradisiya ilə üzləşirdi. Lakin onun vəkili,Hugo Keith, ona qarşı işin “üstüörtülü siyasi motivlərə görə qaldırıldığını” bildirərək müvəkkilini müdafiə edib.

Sentyabrın 26-da London məhkəməsi onun ekstradisiyasını bloklayıb və səbəb olaraq, Zamirə Hacıyevanın Azərbaycanda ədalətlə mühakimə olunmaması risklərini göstərib.

Azərbaycan hökuməti isə bu qərara qarşı apelyasiya verəcəyini bildirib.

Azərbaycanda o, əri ilə əlbir olaraq qanunsuz mənimsəmə və dələduzluqda ittiham olunur. Azərbaycan onun ekstradisiyasını tələb edib, lakin bu işin məhkəmə baxışı 2019-cu il 3 sentyabr tarixindən etibarən davam etməkdədir.

UWO xəttiylə araşdırma Zamira Hacıyevanın ərinin keçmiş bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən verilmiş 35 kredit kartından istifadə etdiyini aşkarlayıb.

Onun xərclədiyi məbləğə 10 il ərzində Harrods dükanında xərclədiyi 16 milyon funt sterlinq də daxil idi, onunla əlaqəli şirkətlər isə 10 milyon funta Berkşir-də bir qolf klubu, 31 milyon funta Gulfstream G550 özəl təyyarə və 15 milyon funta Londonun Knightsbridge rayonunda Harrods dükanı yaxınlığında ev alıb.

BBC News Azərbaycanca (redaksiya məqaləsi)