“Bandotdel” Rüfət Səfərovdan Əli Kərimliyə qarşı ifadə almaq istəyib

“Milli Şuranı, AXCP-ni, Əli Kərimlini İranın radikal dini dairlərinə bağlamalı idim

Keçmiş müstəntiq, ictimai fəal Rüfət Səfərov hakimiyyətin Milli Şura, AXCP və şəxsən Əli Kərimliyə qarşı təxribat planını faş edib. 19 oktyabr mitinqində saxlanılaraq 30 gün müddətinə inzibati həbs cəzası alan və ağır işgəncələrə məruz qalan Rüfət Səfərovdan həm də Əli Kərimlinin, AXCP və Milli Şuranın əleyhinə saxta ifadə almaq istəyiblər. Rüfət bəy bu barədə feysbuk səhifəsində yazıb:

“Həbs olunduğum günün ertəsi mülki geyimli bir şəxs məni qəbul etdi. Özünü təqdim etmədi. Lakin duydum ki, ya xüsusi xidmət, ya da daxili işlər orqanlarının əməkdaşıdır. “İslahedici” söhbətlər aparırdı…
10 gün keçdikdən sonra yenidən məni qəbul elədi, yenə də adını və soyadını bildirmədi. Ancaq məlum oldu ki, o, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə İdarəsinin müstəntiqidir.
Qeyd edilən idarənin rəisinin adına izahat almaq üçün hazır suallarla gəlmişdi. Tələb olunan cavabları yazmayacağım təqdirdə cinayət işinin başlanacağı ilə hədələdi.
Nə idi tələb olunan cavab? Heç nə, Milli Şuranı, AXCP-ni, Əli Kərimlini İran İslam Respublikasının radikal dini dairlərinə bağlamalı idim, 19 oktyabr mitinqinin qanunsuz olduğunu bildirməklə bərabər, 2 noyabrda müxalifətin odlu və soyuq silahlarla polisə hücum çəkəcəyini, bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığını göstərməli idim.
Heç şübhəsiz, bu kimi gülünc ittihamları yağdırmaqdan imtina etdim, müstəqil ictimai fəal kimi qanuna və hüquqa zidd olmayan fəliyyət göstərdiyimi önə çəkdim.
Müstəntiqlə baş tutan dialoqumuzun yekununu əzbərləmişəm:
-Sənə xeyiri olar, yaz.
-Təşəkkür edirəm, belə xeyirə ehtiyacım yoxdur.
-Cinayət işi başlanacaq!
-Xeyirli olsun, müəllim.
-Amin.”