Sui-qəsd iddiasının ciddi əsasları var

Milli Şura qurumun Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il tarixində, saat 17.20 radələrində Bakı şəhərinin mərkəzində, 28 May və Puşkin küçələrinin kəsişməsində, işıqforun yaşıl işığında piyadalar üçün nəzərdə tutulmuş keçid zolağı üzərindən yolu keçərkən müəmmalı şəkildə avtomobil tərəfindən vurulmuşdur. Son illər ərzində Oqtay Gülalıyevin insan hüquqlarının müdafiəsi sahəsindəki yorulmaz, ardıcıl və prinsipial fəaliyyəti sözün həqiqi mənasında böyük fədakarlıq, gerçək bir qəhrəmanlıq örnəyidir. İnsan hüquqlarının hər gün tapdalandığı, işgəncələrin dövlətin cəbr aparatının işlək mexanizminə çevrildiyi, insanların sorğu-sualsız öldürüldüyü, məhkəmələrin hər gün ədalət mühakiməsi adına rəzalətlər törətdiyi şəraitdə Oqtay Gülalıyev insan hüquqlarının ən ağır şəkildə pozulduğu Nardaran, Tərtər, Gəncə, Mehman Qələndərov və s. işlərin bütün ağırlığını öz üzərinə götürmüşdü. Nardaran və Gəncə faciələrinin gerçək mahiyyətinin ifşasında, Tərtər cinayətlərinin geniş ictimaiyyətə çatdırılmasında, Mehman Qələndərovun ölüm faktının açılmasında və s. işlərdə göstərdiyi müstəsna fədakarlıq və prinsipiallıq onu Azərbaycandakı irtica rejiminin əsas hədəflərindən birinə çevirmişdir. Oqtay bəy dəfələrlə hüquq müdafiəçiliyi sahəsindəki fəaliyyətinə, xüsusilə də işgəncə faktlarının aşkara çıxarılaraq yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasındakı prinsipiallığına görə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə dəvət olunaraq açıq şəkildə təhdid edilmiş, ondan hüquq müdafiəçiliyi fəaliyyətini məhdudlaşdırmaq, işgəncə mövzusunu ictimailəşdirməmək, Gəncə və Tərtər hadisələrini araşdırmamaq tələb edilmişdi. Oqtay Gülalıyev Milli Şuranın Koordinasiya Mərkəzinin iclaslarında, o cümlədən qəza hadisəsindən öncəki toplantıda naməlum insanlar və müxtəlif avtomobillər tərəfindən izlənildiyini, evinin və özünün daimi nəzarət altnda olduğunu, dəfələrlə açıq təhdidlər aldığını hətta “adamı yolu keçən yerdə maşın da vura bilər” kimi açıq şəkildə hədələndiyini də bildirmişdi. Oqtay Gülalıyev daha öncə Kür daşqınlarının nəticələrinin aradan qaldırılması sahəsində mövcud olan böyük korrupsiya faktlarını araşdırıb aşkara çıxardığı üçün həbs həyatı yaşayıb. O.Gülalıyevin prinsipial hüquq müdafiəçiliyi fəaliyyətinə görə azyaşlı oğlu bıçaqlanıb, özü zərərçəkən olmasına baxmayaraq barəsində saxta cinayət işi açılıb və cəzalandırılıb. Oqtay bəyin davamlı təqib və təhdid altında olduğu belə bir şəraitdə onun müəmmalı şəkildə qəzaya uğraması, sonradan faktiki olaraq tibbi yardımdan məhrum edilməsi və xüsusilə də hüquq-mühafizə orqanlarının davranışları ona qarşı məqsədli şəkildə sui-qəsd həyata keçirilməsini iddia etməyə ciddi əsaslar verir:
1. Hadisədən uzun müddət keçməsinə baxmayaraq qəzanı törədən avtomobilin hərəkət trayektoriyasını əks etdirən müşahidə kameralarının görüntüləri hələ də ictimaiyyətə açıqlanmayıb, halbuki, həmin ərazidə onlarla müşahidə kamerası mövcuddur.
2. Qəza törədən və taksi xidməti göstərdiyi iddia olunan sürücünün həmin gün ərzində telefon danışıqları, qəza törədilərkən hansı sifariş üzrə və hansı marşrutla hərəkət etməsi, Oqtay bəyi yaralı vəziyyətdə xəstəxanaya apararkən etdiyi telefon danışıqları haqqında məlumatlar açıqlanmayıb.
3. Qəza törədən sürücüyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işinin qaldırılması, uzun müddətdir koma vəziyyətində olan hüquq müdafiəçisinin vəziyyətinin az ağır olaraq qiymətləndirilməsi, DİN sözçüsünün qəzaya görə məsuliyyəti qırmızı işıqda dönmə manevrini edərkən avtomobili birbaşa piyadanın üzərinə sürmüş sürücü ilə yaşıl işıqda piyadalar üçün keçid üzərindən yolu keçən zərərçəkən arasında paylaşdırmaq cəhdi Azərbaycan hakimiyyətinin bu cinayətin ört-basdır edilməsində maraqlı tərəf olduğuna dəlalət edir.
4. Oqtay Gülalıyev saat 18.15-də 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və 18.29-da Kompüter Tomoqrafiyasından keçirilib. Həmin Kompüter Tomoqrafiyasından göründüyü kimi xəstənin həm sağ, həm sol beyin yarımkürəsində qanaxma və hematomalar olub və kəllə sümüyü sınıb. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərinə və Oqtay bəyin ailə üzvlərinə həmin xəstəxanada Kompüter Tomoqrafiyasının nəticələrinə əsasən öncə vəziyyətinin çox ağır olduğu, xəstənin hər an ölə biləcəyi və imkan varsa hətta xəstənin Türkiyəyə aparılmasının gərək olduğu deyilsə də, daha sonra dəfələrlə bu diaqnozun yanlış olduğu, xəstənin heç bir ciddi probleminin olmadığı, vəziyyətinin yüngül olduğu, 2-3 üç gün xəstəxanada yatandan sonra öz ayaqları ilə çıxıb evə gedəcəyi bildirildi. Bu fakt Oqtay bəyə qarşı səhiyyə müəssisəsində hətta məqəsdli sui-qəsd həyata keçirilməmişsə belə, Azərbaycan səhiyyə sisteminin hansı bərbad və təhlükəli vəziyyətdə olduğunu əyani şəkildə sübut edir. Göründüyü kimi, Oqtay Gülalıyevin bu gün həyatla ölüm arasında çarpışmasının əsas səbəblərindən biri Kompüter Tomoqrafiyasından açıq göründüyü halda ona düzgün diaqnozun qoyulmaması, vəziyətinin ağırlığının adekvat dəyərləndirilməməsi və ya doğmalarından gizlədilməsi, artıq beynində yaranmış və təcili cərrahi müdaxiləni tələb edən hematomalara əhəmiyyət verilməməsi olub.
5. 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri tərəfindən xəstənin vəziyyətinin ağır olmadığı haqqında açıq zəmanət veriləndən, hətta “xəstəni aparmaq üçün xərc çəkib “City Hospital”-dan ambulans çağırmağa ehtiyac yox idi, onu adi jiqulu maşınında da apara bilərdiniz” deyiləndən sonra ailəsi və yaxınları onun daha yaxşı şəraiti və tibbi-texniki təchizatı olan özəl “City Hospital” xəstəxanasına köçürülməsi haqqında qərar qəbul ediblər. Oqtay bəy dörd saat 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasında qalandan və beynində yaranmış hematomalara görə cərrahiyə müdaxiləsinə birbaşa göstəriş olduğu halda ona heç bir ciddi tibbi yardım göstərilməyəndən sonra saat 22.10 radələrində “City Hospital”a köçürülüb. Bu zaman təkidlərə baxmayaraq nə artıq koma vəziyyətində olan xəstənin ailə üzvlərinə, nə “City Hospital”-ın həkimlərinə “cinayət işinin materialları üçün burada qalmalıdır” bəhanəsilə Oqtay Gülalıyevin Kompüter Tomoqrafiyasının nəticələri təqdim edilməyib.
6. Oqtay bəy saat 22.30 radələrində “City Hospital”-ın reanimasiya şöbəsinə yerləşdirilən kimi ailə üzvləri və yaxınları təkidlə xəstənin dərhal MRT edilməsini tələb ediblər. Lakin “City Hospital”-ın həkimləri “xəstəni qohumlarının istəyilə hər iki saatdan bir KT-dan keçirə bilmərik. 12 saat ərzində dinamika müşahidə olunmalıdır, sonra MRT ediləcək” deyə təkidlə bu tələbləri rədd ediblər.
7. Təəssüf ki, hətta Oqtay bəyin ilk tomoqrafiyasından 12 saat sonra, yəni, səhər saat 6-7 radələrində də MRT və yeni Kompüter Tomoqrafiyası edilmədi və bununla da xəstənin xilası üçün qiymətli saatlar itirildi, halbuki “City Hospital”-ın reanimasiya şöbəsinə yerləşdirildiyi zamandan Oqtay Gülayıyev huşunu itirmişdi, səhərə yaxın isə onda beyin hematomasının bütün əlamətləri açıq görünürdü. Lakin bütün bunlara və yaxınlarının təkidlərinə baxmayaraq ona vaxtında cərrahiyə müdaxiləsi edilmədi, ağır xəstə üzərində neyrocərrahiyə əməliyyata yalnız 30 oktyabr, saat 12.30-da icra edildi. O zaman artıq Oqtay bəyin səhhətinin bərpa olunması üçün qiymətli zaman itirilmişdi. Oqtay bəyin vəziyyətinin məhz cərrahyə əməliyyatının vaxtında həyata keçirilməməsi nəticəsində ağırlaşdığını onu Türkiyədə müayinə edən təcrübəli həkimlər də təsdiq ediblər.
8. Hadisənin geniş şəkildə ictimai qınağa səbəb olmasından, xüsusilə də, təsadüfi sürücü tərəfindən Oqtay bəyin vurulma anını əsk etdirən avtomobil kamera görüntüləri sosial şəbəkələrdə paylaşılandan, cəmiyyətdə hadisənin sui-qəsd olması ilə bağlı əsaslı şübhələr güclənəndən və azərbaycanlı iş adamı Mübariz Mənsimov Oqtay Gülayıyevin müalicəsini öz üzərinə götürəcəyini bildirəndən sonra duruma Heydər Əliyev Fondu müdaxilə etmiş və koma vəziyyətində olan Oqtay Gülalıyev Türkiyəyə, İstanbulda yerləşən Avrasiya Xəstəxanasına köçürülmüşdür. Fondun bu addımını ümumilikdə müsbət dəyərləndirsək də, Oqtay bəyin niyə məhz bu sahədə ixtisaslaşmamış və neyrocərrahiyə şöbəsi olmayan xəstəxanaya transportasiya edilməsi ciddi suallar doğurur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Milli Şura dəyərli dostumuz və həmkarımız Oqtay Gülalıyevin müəmmalı avtomobil qəzasına uğramasının təsadüfi yol-nəqliyyat hadisəsi deyil, dəfələrlə susdurulmasına cəhd edilmiş, hədələnmiş və daimi əsasda təqib olunan siyasi opponetə və tanınmış hüquq müdafiəçisinə qarşı suiqəsd və planlaşdırılmış terror hadisəsi ehtimalının çox yüksək olması qənaətindədir. Azərbaycan hüquq mühafizə orqanlarının ən qısa zamanda açıq və şəffaf istintaqın aparılmasını təmin etməyəcəyi, Oqtay bəyin vurulma şəraiti, qəza törədən avtomobilin bilavasitə qəzadan əvvəlki hərəkət trayektoriyası və sürücünün telefon danışıqları haqqında məlumatların açıqlanmayacağı, 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasında ilkin müayinə zamanı beynində hematomaların yarandığı aydın göründüyü halda bu durumun xəstənin ailə üzvlərindən və yaxınlarından niyə ciddi-cəhdlə gizlətməsi, KT məlumatlarının təkidlərə baxmayaraq xəstənin qohumlarına və “City Hospital”-a verilməməsi, “City Hospital”-da niyə ağır xəstənin dərhal təkrar müayinə olunaraq MRT və ya Kompüter Tomoqrafiyasından keçirilməməsi və ağırlaşmanın bütün əlamətləri açıq göründüyü halda niyə xəstənin əməliyyatının yubadılması haqqında suallara cavab verməyəcəyi təqdirdə hadisənin sui-qəsd olmasına heç bir şübhə yeri qalmayacaq. Milli Şura olaraq biz əziz dostumuz və həmkarımız Oqtay Gülalıyevin faktiki olaraq həyatını məhv etmiş bu hadisəyə görə məsuliyyət daşıyan hər kəsin- onu təhdid və təqib edən hüquq mühafizə orqanları əməkdaşlarının, qəzanı tərətmiş sürücünün, ən azı cinayətkarcasına səhlənkarlıq etmiş həkimlərin cinayət məsuliyyətinə cəlb olunaraq layiqli cəzasını almasını tələb edirik.
Hazırda Oqtay bəyin xilası üçün daha peşəkar və keyfiyyətli tibbi müdafiləyə ehtiyac olduğunu nəzərə alaraq Azərbaycan hakimiyyətini onu həyata qaytarmaq üçün bütün imkanları səfərbər etməyə çağırırıq.