Təmizlikdən və halallıqdan danışan ən üzlü adam

YAP icra katibinin müavini Siyavuş Novruzov müxalifət nümayəndələrinin keçirdiyi dəyirmi masaya münasibət bildirib. Novruzov müxalifət təmsilçilərini öz leksikonuna uyğun şəkildə ağır sözlərlə təhqir edərək, dəyirmi masanı “onların gündəmə gəlmək cəhdi” kimi qələmə verib. O, 26 illik bərbad YAP hakimiyyətinin cinayətlərindən utanmadan yenə bir illik AXC hakimiyyətinin “uğursuzluğundan” danışıb. Oğurluq, rüşvət, korrupsiya əməlləri ilə dünyanın gündəminə oturan hakimiyyət təmsilçisinin bir illik hakimiyyət haqqında “insanların başına oyun gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər” deməsi həyasızlığın görünməmiş nümunəsidir, əlbəttə. YAP-ın yüngülsaqqal “ağır artilleriyası” AXC hakimiyyətini asıb-kəsməklə kifayətlənməyib. Onlarla söhbətini çürüdüb, keçib YAP hakimiyyətinin qurucularından biri olan Əli İnsanova hücuma. “Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Bizim kimi təmiz, halal adamlarla bir cərgədə ola bilməz. Onun yeri elə müxalifətin yanıdır.” Təsəvvür edirsiniz, bu sözləri kim deyir? Ölkənin adını korrupsiya göstəricilərinə görə dünyanın ən yüksək reytinq cədvəllərinə salan, “kürü diplomatiyası” ilə rüşvəti Avropaya qədər aparıb çıxaran, çirkli pulların yuyulması -“landromat” rüsvayçılığı ilə ən məşhur media orqanlarına manşet olan bir hakimiyyətin aparıcı adamı.
“Bizim kimi təmiz, halal adamlar”! Nə qədər ironik və olsa da, bunu Novruzov deyir. Nə deyəsən, hələ tarix bunlar qədər acgöz və utanmaz oğrulara səhnə olmayıb. Adamları əllərində oğurluq pulla, kürü ilə, rüşvətlə tuturlar və hələ qayıdıb tutanları borclu çıxartmağa çalışırlar. Bu komandada YAP-dan kənar hansı şəxsin cəmiyyətdə bir nüfuz sahibi olmaq şansı var, sizcə? Başda Novruz olmaqla, kimsənin elə bir şansı yoxdur, inanın. Əslində, Novruzov bu gününə görə məhz o partiyanın yaradıcılarına, elə Əli İnsanovun özünə də minnətdar olmalıdır. İnsanovun qanundankənar, partiyaya yaraşmayan korrupsioner olması Novruzovun indi niyə yadına düşür? YAP-çı deputat korrupsiyadan danışanda, prezidentin ailə üzvlərinin adına ofşorlara daşınan milyardlardan niyə söz açmır? Yoxsa o milyardların da günahını Əli İnsanovun boynuna yıxmaq olar elə? Bir dəyirmi masanın ardınca Novruzovu bu qədər təlaşlandıran nədi, axı? Bəlkə İnsanovun aktiv siyasətə qayıtmaq iddialarını açıq bəyan etməsi? Bəlkə parlament dəhlizlərində İnsanovun hakimiyyətə gəlmək imkanları haqqında dolaşan söhbətlər? Bəlkə indiki komandadan qarşıda bir çoxlarının ona qoşulmaq qorxusu? Bəlkə çevrəsindəki YAP-çılardan xeyli adamın İnsanova içində bəslədiyi hörmət və ya loyallıq? Nəyin dərdini çəkir Novruzov?
Novruzov, sadəcə, boş-boş danışaraq, 26 illik YAP hakimiyyətinin ölkəni fəlakət girdabına saldığını pərdələməyə çalışır. Amma belə ağ yalan uydurmaq üçün də adamda üz olmalıdır. Əliyev komandasında isə Novruzov qədər üzlü adam bir də özüdür.