Parlament layihə sənədini niyə tələm-tələsik qəbul edir?

Ölkə gündəmində növbəti ilin büdcə müzakirələri gedir. Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini artıq hökumətə təqdim edib. Büdcə müzakirəsi dünyada əhalinin bütün təbəqələri üçün yüksək maraq kəsb edən bir məsələdir. Amma ekspertlərin dediyi kimi, Azərbaycanda büdcə prosesi hələ də sırf hökumət-daxili bir məsələ kimi qalmaqdadır. Hökumət də büdcənin müzakirəsinə daha çox insanın cəlb edilməsində maraqlı deyil. Elə bu başdansovdu yanaşmanın nəticəsidir ki, Azərbaycan nüfuzlu Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının keçən ilin yanvarında açıqladığı Açıq Büdcə İndeksində minimal büdcə açıqlığına malik ölkələr qrupunda yer alıb. 100 mümkün baldan cəmi 34 bal toplayan ölkəmiz 115 ölkə arasında 78-ci olub. İqtisadçı ekspertlər də hesab edir ki, büdcədə bir çox boşluqlar var və onu detallı müzakirə etmədən tələm-tələsik qəbul etmək anlaşılan deyil. İqtisadçı Rövşən Ağayev büdcə layihəsinin parlament tərəfindən birinci oxunuşda qəbul edilməsinə təəccübləndiyini bildirib. O deyib ki, vətəndaş cəmiyyəti artıq büdcəni rəqəmlər üzərində analiz etməkdən daha çox effektiv xərclənmə, müzakirə prosesinin effektivliyi, büdcə şəffaflığı kimi məqamları önə çəkməlidir.
“Əslində bu cür ildırım sürətli müzakirənin hər hansı effekti yoxdur. Dünən deputat Siyavuş Novruzov deyib ki, bizdə prezidentli respublika olduğuna görə, sahə qurumlarının rəhbərlərinin gəlib hər birinin öz büdcəsini əsaslandırmasına ehtiyac yoxdur. Yanlış müqayisədir. Türkiyə prezidentli siyasi sistem keçdi, amma yenə hər nazir öz büdcəsini təqdim edir, proqram və strategiyalar ilə büdcə arasında əlaqəni təqdim edir, parlament qarşısında xərcləri əsaslandırır. Parlamentdə büdcə müzakirələrinin sürətinə görə dünya reytinqi tərtib edilsə, biz top 10-luqda yer alarıq,” iqtisadçı qeyd edib.
Növbəti ildə də neftdən asılılıq qalacaq
Xülasə, gələk, yeni ilin büdcəsinə. “Turan” informasiya agentliyinin analitik yazısında qeyd edildiyi kimi, bütün parametrlərinə görə bu dəfə də “hökumətin neftə ümid etmək “ənənəsinə” sadiq qaldığı” görünür. Layihədə neftin bir barelinin qiyməti 55 dollar hesablanıb ki, 2019-cu ilin dövlət büdcəsində bu rəqəm 60 dollar idi. 2020-ci il üçün də dövlət büdcə xərclərinin həcmi dəyişmədən 25,62 milyard manat, dövlət büdcəsi gəlirlərinin 24,484 milyard manat olacağı gözlənir. Yenilənmiş məlumatlara görə, bu rəqəmin 2019-cu il üçün 25,2 milyard manat olacağı gözlənilir. Dövlət büdcəsi kəsirinin 1,134 milyard manata (ÜDM-in 1.4%) qədər azalması gözlənilir. Bu ilin nəticələrinə görə, dövlət büdcəsinin kəsiri 2 milyard manatı (ÜDM-in 2.5% -i) keçə bilər.
Əvvəlki illərin büdcələrində olduğu kimi, bu il də layihədə neft sektorundan asılılığı aydın görmək olar. Belə ki, gəlirlərin strukturunda 57% və ya 13,95 milyard manat neft sektorundan, 43% və ya 10.537 milyard manat qeyri-neft sektorundan planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan büdcə gəlirlərinin 11,3% artması planlaşdırılır. Diqqəti cəlb edən məqam odur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 milyard 767,5 milyon manat (2019-cu illə müqayisədə 3,5% artım) və ya bütün büdcə gəlirlərinin 48.1%-i qədər nəzərdə tutulub. Bu, 10 ilin ən yüksək göstəricisidir.
Gələn il üçün dövlət büdcəsi xərclərinin strukturunda 10 milyard 247,1 milyon manatın (40.7% payı) sosial məqsədlərə xərclənməsi planlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 664,2 milyon manat çoxdur. 2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2019-cu ildəki gözləntilərdən (3,7%) 4.6%-ə qədər sürətlənəcək.
2020-ci ildə dövlət büdcəsindən 2,46 milyard manat dövlət borcunun ödənilməsinə yönəldiləcək ki, bu da 2019-cu ildəkindən 5,3% çoxdur.
Ekspertlər nə düşünür?
Mətbuatda bir çox tanınmış iqtisadçılar yeni büdcə ilə bağlı fikirlərini bölüşüb. İqtisad elmləri doktoru Qubad İbadoğlu parlament müzakirələri zamanı deputat Vahid Əhmədovun təkliflərini dəstəklədiyini bildirib. “Yenə orada həqiqəti deyən Vahid Əhmədovdur. Onun son müzakirə zamanı “bir sıra hallarda ölkədə tenderlər düzgün keçirilmir. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Xüsusilə də dövlət büdcəsinin xərc hissəsinə nəzarət gücləndirlməlidir” və “biz 10 ildən çoxdur qanun qəbul etmişik. Təklif edirəm ki, yanvarın 1-dən gəlir deklarasiyasını tətbiq edək” fikirlərini birmənalı şəkildə bölüşürəm. İqtisadçı Rövşən Aağayev deyir ki, büdcə prosesini və dövlət büdcəsini şəffaflıq və səmərəlilik baxımından qiymətləndirmək olar. Dövlət maliyyəsində, xüsusilə büdcə xərcləmələri sahəsində korrupsiya hallarının geniş yayılması bu vəsaitlərin istifadəsini səmərəsiz edir, onların istifadəsindən gözlənilən nəticələri son dərəcə aşağı salır.
“Əgər vətəndaş, hətta millət vəkilləri və büdcə araşdırmaçıları büdcəni rəqəmlərlə “oxuya” bilmirlərsə, deməli, həmin büdcə şəffaf deyil… İslahat yalnız strukturların və kadrların yenilənməsi deyil. Ən əsası onların davranışlarının dəyişməsidir. Gətirdiyim misalda davranışların dəyişməsi o zaman ola bilər ki, hökumət büdcəni şəffaf tərtib eləsin, ordakı hər manatın təyinatı aydın görünsün, hökumət büdcəni öz baxışı ilə dəyişə bilməsin, ən xırda dəyişikliklər belə Parlamentin, onun yaratdığı təsisatın – ictimai maliyyəyə xarici audit funksiyasını yerinə yetirən Hesablama Palatasının rəyini alsın, ictimai müzakirələr keçirsin, bütün maraq qruplarının ehtiyaclarını ictimai müzakirələr əsasında özlərindən öyrənsin.
Sonda da büdcəni hamının gözünün qarşısında, hamının iştirakı il dəyişsin. Kabinetlərdə verilən qərarlar qaldıqca, davranışlar dəyişməyəcək…”-deyə iqtisadçı ekspert bildirib.
Doğrudan da, belə əhəmiyyətli sənədi tələm- tələsik qəbul edib, sonra ordakı boşluqlardan şikayətlənən dövlət nümayəndələri nə düşünürlər? Yaxın günlərdə prezident İlham Əliyev belə büdcədə süni şişirtmələrin olduğunu bildirmişdi. Demişdi ki, bəzən kimlərinsə sifarişi əsasında rəqəmlər şişirdilib dəyişdirilir. Uzağa getməyək, büdcə layihəsi açıqlanan kimi, Milli Məclis Maliyyə Nazirliyinə müraciət göndərib, 45 milyon 488 min 15 manat xərclər smetasının 1,9 milyon manat da artırılmasını xahiş edib. Milli Məclisin əlavə vəsait tələb edən maddələrini nəzərdən keçirdikdən sonra, anlaşılır k, şişirtmələr hardan və necə meydana gəlir.
Növbəti ilin büdcəsində daha maraqlı bir məqam var. Büdcədə kəskin artıma məruz qalan xərc maddələrindən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir. Gələn il üçün nəzərdə tutulan bu xərc maddəsi ötən illə müqayisədə bütövlükdə 655 milyon 331 min 737 manat və ya 49,7 faiz artacaq. Maraqlıdır, ölkədə inflyasiyanın bu illə müqayisədə 4,6%-ə artacağı gözlənildiyi halda, prezident nədən o vəsaitləri sosial layihələrə yönəltmir? Yoxsa “mənim hakimiyyətimi qoruyan adamlar daha önəmlidir” mesajını verir xalqa?
Xülasə, daha bir ilin sonuna yaxınlaşırıq və gündəmdə daha bir yeni büdcə müzakirəsi var. Amma iqtisadçı ekspertlərin qeyd etdiyi kimi, şəffaflıq və hesabatlılıq olmayan yerdə heç bir büdcə səmərəliliyindən söhbət gedə bilməz. Yəni dəyişən yeni bir şey yox. 2020-ci ilin büdcəsi də korrupsiya tüğyan edən ölkənin ənənəvi qeyri-şəffaf büdcələrindən biri olacaq. Onun geniş müzakirələrə, ictimai nəzarətə qapalı olmasının əsas səbəbi də budur.