“Striptiz” Məclis uşaq puluna yox dedi!

Yetmiş iki yaşlı Hadı baba niyə uşaqpuluna qarşı çıxır?

Parlamentin qocaman deputatı Hadı Rəcəbli yenə sosial şəbəkələrin dilinə düşüb. Elə bil adam həftə səkkiz, mən doqquz el-aləmə məsxərə olmaqdan zövq alır. Millət bunların əlindən bezib, üzlərini görmək, səslərini eşitmək istəmir. Bunlar isə qoca yaşlarında hərlənib, fırlanıb gəlir girirlər gündəmə. Adamın 72 yaşı var, gününü görüb, dövranını sürüb, gəl ki, deputat kürsüsündən düşmək fikri yoxdur. Özü də bu yaşında havayıdan bir ətək pul alıb, ailələrə uşaqpulu verilməsinin əleyhinə çıxır. Deyəsən hələ bu fikrini möhkəmlətmək üçün durub burdan Çinə qədər gedib. Deputat sosialist ölkəsində öyrəndiyi təcrübəni mətbuata da danışıb. Deyib ki, Çində uşaqpulu məfhumu yoxdur, “Çində, əksinə, çox uşaq olanda, ikinci uşaq olanda ondan vergi tutulur”. Deputat onu da bildirib ki, o yalnız beş uşağı olan ailələrin çoxuşaqlı ailə hesab olunması təklifini verib.

Bunlar millətə niyə qənim kəsiliblər görəsən? Nədir bu millətə verib ala bilmədikləri? Niyə bu yaşlarında çəkilib gedib yüksək deputat təqaüdü ilə istirahətlərini etmirlər? Uşaqpuluna qarşı çıxacaq qədər qansızlığı necə sığışdırırlar özlərinə? Bunun bircə cavabı var, onlar hakimiyyətin xidmətçiləridir, millətin yox. Onlar hakimiyyəti saxlamaq üçün təyinatlıdırlar, milləti saxlamaq üçün yox. Onlar öz həyatlarını yaxşılaşdırmaq üçün orda oturublar, millətin həyatını yaxşılaşdırmaq üçün yox. Elə bilirsiniz, bu yaşda dirənib növbəti seçkiyə ayaq yeri qoymaları xalqa can yandırdıqları üçündür? Əlbəttə, yox. Adamlar əllərində olan imtiyazları, imkanları, yüksək deputat maaşını ölənə qədər buraxmaq istəmirlər. Hətta o imkanlar ölkədəki minlərlə yoxsul ailənin uşaqpulunu kəsmək bahasına olsa belə…

Aydın