aliyev-munich

Bu ölkənin rəhbəri var?

“Məcbur binaya çıxarırsınız adamı…” – birinci qrup əlil məhkəmələrə üsyan etdi

Ölkədə qanunsuzluq insanlara qan qusdurur. Sifarişli məhkəmələrin günahsız insanları necə şərləyib həbsxanalara doldurması faktlarını hamımız bilirik. Bu videoda haray çəkərək ölkə başçısına çağırış edən İsmayılov Sənan Zakir oğlu da həmin qurbanlardan biridir. Onun sözlərindən məlum olur ki, etmədiyi bir cinayəti boynuna qoymaq istəyirlər. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ailənin tək oğludur. Əlində faktları, neçə-neçə şahid ifadələri olsa da, səsini eşidən yoxdur. Üstəlik cinayəti boynuna qoymaq üçün döyüb işgəncə veriblər.

https://www.youtube.com/watch?v=ls5Rg2ZWjKc&feature=youtu.be

“Vurub məni ömürlük şikəst ediblər, cavan yaşımda həyatımı qaraldıblar. İndi də hansısa məmurlar himayədarlıq edib etmədiyim cinayətə görə həbs etdirmək istəyirlər. Hadisə yerində olmamışam, şahid ifadələrini mətbuata vermişəm. İbtidai istintaqda bütün şahidlərin ifadələri təqdim olunub. Nə veriblər, ala bilmirlər, axı mənim günahsızlığım açıq ortadadır və faktlarla sübut olunub. Vicdanınız, qeyrətiniz olsun. Mənə beş il verin gedim, amma cənab prezidentə səslənirəm, bu sifariş yerinə yetirən rüşvətxor prokurorları, rüşvətxor məmurları həbs etdirin, bunları işdən azad etdirin ki, Azərbaycan vətəndaşlarının başına belə oyun açmasınlar. Mən birinci qrup əliləm, xəstə adamam. Görün, indi sağlamların başına nə oyun gətirirlər. Ölkə insanlarından xahiş edirəm, bu videonu paylaşın, dövlət başçısına, lazım olan orqanlara çatsın. Şahidləri niyə dindirmirlər? Daha milləti yığıbsınız boğaza. Hakim Səbuhi Hüseynov mənə deyir “gedib binaya, zada çıxma”. Normal insan niyə binaya çıxmalıdır, dərdimizi kimə deyək, məcbur binaya çıxarırsınız adamı. İmkan verin, bu vətəndaşlar ölkədə sakit yaşasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevdən xahiş edirəm, bu konsertdir, məhkəmədə bir sirkdir, sirk. Məhkəmədə şahidlər ifadə verir ki, İsmayılov Sənan hadisə yerində olmayıb, amma qulaq asan yoxdur.”

Ölkə ədalətsizlik girdabında boğulur. Qanunu sayan, ona əməl edən yoxdur. Bu zülmdən qurtulmaq üçün mövcud rejim dəyişməlidir. Onu biz dəyişməliyik, hamımız birlikdə. Meydanlarda artaraq, çoxalaraq, çoxluq olaraq dəyişməliyik. Yoxsa sıra hamımıza çatacaq, mütləq çatacaq.