“Lal deputat” çay içmir və yaxşı kotlet bişirir

Parlamentin evdarlar, lallar, üzgüçülər, atletlər məclisi…

Məclisin ən yaxşı evdar deputatı olsa da belə, bu xanım Zaqatala-Balakən reqionunda yaşayan camaatın problemlərini həll etmək ücün heç bir şey etmədi. Son günlər sosial şəbəkələr “striptiz” parlament üzvlərinin bənzərsiz “aforizmləri” ilə qaynayır. 78 yaşında hovuzda 20 dövrə vuran kimi, 82 yaşında 20 dəqiqə dayanmadan qaçan kim, “ağsaqqalsız məclis olmaz” deyib növbəti seçkilərdə “mən də varam” mesajı verən kimi. Və qoca qvardiyanın yola salınması söhbətləri gündəmdə dolaşarkən, ortaya çox maraqlı bir məqam çıxdı. Bu adamlar, həqiqətən də, parlamentdə heç bir iş görmürlər, mandatı ciblərinə qoyub öz lüks həyatlarını yaşayırlar. Maraq üçün hazırda MM-də oturan deputatların siyahısını açıb, heç səsini eşitmədiklərimizlə də “tanış olmaq” istədim. Siyahıda xeyli belə adlar var. Məsələn, MM-ə ikinci beş illik müddətə deputat seçilən Kamilə Əliyevanı kim tanıyır? Hansı yaddaqalan çıxışı və ya işi ilə xatırlayırsınız bu xanımı? Bir vaxtlar mətbuatda “lal deputatlar” adlı siyahı hazırlayıb bu xanımı da o kateqoriyaya daxil etmişdilər. Bir daha əmin oldum ki, parlament qəti şəkildə bu insanlar üçün iş yeri deyil. İnsanlar mandatı ciblərinə qoyub, öz rahat həyatlarını yaşayır, evdarlıqlarını, biş-düşlərini edir, arada da “mətbəx” müsahibələri verib var olduqlarını xatırladırlar.

https://youtu.be/o6gb56Earyk

Hər bacarığı var, bircə deputatlıqdan başqa

Kamilə xanımın deputatlıq fəaliyyəti ilə bağlı önəmli bir şey tapmadığıma görə, bəzi evdarlıq bacarıqlarını sizinlə bölüşmək istədim. Rayonda evdar xanımı heç tanıyan da yoxdur. Baxın xanım nə gözər sözlər deyir: “Kişinin ürəyinə gedən yol mədəsindən keçir. Əlbəttə, hər bir kişi, ailə başçısı istər ki, onun mətbəxdən başı çıxan, dadlı yeməklər bişirən həyat yoldaşı olsun. Mən öz mətbəximi heç kəsə həvalə etmirəm. Yeməklərin hamısını özüm bişirirəm… Bu yaşıma qədər heç zaman broyler toyuqlarından istifadə etməmişəm. Mənim yoldaşım da rayon yerində böyüdüyü üçün daim onların həyətlərində özlərinin saxladıqları toyuqlar olub. Demək olar ki, hər bir işdən başım çıxır. Heç zaman darda qalmaram, nəsə lazım olsa, şəxsən özüm həll edərəm. Tutaq ki, çəkiclə, mismarla nəsə iş görmək lazımdırsa, nəyisə harasa bərkitmək lazımdırsa, onu edərəm. Lampa yanıbsa, heç zaman gözləmərəm ki, həyat yoldaşım gəlib dəyişsin, özüm dəyişərəm. Xırda, lazım olan işləri özüm görürəm.”

Sonra gözəl xanım deyir: “Düz 15 ilə yaxındır ki, çay içmirəm. Çay içməməyimin xüsusi bir səbəbi yoxdur. Qış vaxtında limonlu qaynar su içirəm. Yayda isə soyuq limonlu su. Kofe də çox xoşlamıram. Basketbolla məşğul olmuşam, fortepianoda, qarmonda ifa edə bilirəm.”

Görürsünüz, dostlar… İnsafən, xanımın yaxşı evdarlığı var. üstəlik BDU-nun da professorudur. jKimi qınayaq, insanları yaxşı bacardıqları işlərdən ayırıb zorən deputat edənləri, yoxsa onların özlərini? Axı yaxşı evdar qadın olmağın deputat statusu ilə heç bir bağlantısı yoxdur. Niyə layiq olmadığı yeri boşuna zəbt edib, başqalarının haqqına girir bu adamlar?

Adı “lal deputatlar” siyahısına düşüb

Kamilə Əliyeva hələ bir adını “lal deputatlar” siyahısına salanlardan inciyir də. “Məncə, bir deputatı tənqid etmək üçün onun fəaliyyəti tam şəkildə araşdırılmalıdır. “Lal deputatlar”ın siyahısında olan deputatlardan bəziləri Azərbaycanı beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil edir. Araşdırma aparmadan belə siyahı hazırlayıblar. Millət vəkili olaraq qanun layihələrinin hazırlanması zamanı təkliflərlə çıxış edirəm, Yeni Azərbaycan Partiyasını təmsil etdiyim tədbirlədə məruzələrlə çıxış edirəm. Qanunvericiliklə bağlı bəzi təkliflərimi də yazılı şəkildə təqdim edirəm. Bir deputatın adı Milli Məclisin hər iclasında çıxış edənlər siyahısında yoxdursa, bu, o demək deyil ki, o, fəaliyyətsiz deputatdır.” Bu parlamentdə kimin necə işlədiyini xalq gözəl bilir. Ölkədə etirazların partlayış səviyyəsinə gəlib çatmasında ən böyük məsuliyyət bu parlamentin üzərinə düşür. Bu anti-xalq “striptiz” parlamentdən qurtulmaq üçün hər kəs 2 noyabr mitinqinə səfərbər olunmalıdır. Parlamenti xalq üçün yararsız “evdarlardan”, “lallardan”, “üzgüçülərdən”, “atletlərdən” təmizləməyin vaxtıdır!

Aydın