19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb:

“19 oktyabr mitinqi zamanı hakimiyyətin dinc insanlara, müxalif liderlərə qarşı sərgilədiyi amansızlıq və qəddarlığı sadəcə post yazıb fikir bildirməklə yola vermək olmaz. Və biz baş verənlərə susmaq fikrində deyilik…

Dinc, günahsız insanalara qarşı dövlət səviyyəsində cinayət baş verib. Konstitusion hüquqlarından istifadə etmək istəyən xalqa zor tətbiq olunub. İnsanların ləyaqəti alçaldılıb. Onlar şiddətli işgəncəyə, fiziki və mənəvi terrora məruz qalıblar. Sağlamlıqlarına qəsdən, ciddi ziyan vurulub. 300- dən artıq şəxs saxlanılıb. Aparıcı müxalif liderlər Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli başda olmaqla insanlara ağır işgəncə verilib. h
Hazırda 30 nəfərdən çox şəxs qanunsuz olaraq həbsdədir. Üstəlik ölkə həbsxanalarında 130 nəfərdən çox siyasi məhbus var. Evrovizion və Nardaran hadisələri, Gəncə işi, Tərtər işi ilə bağlı günahsız insanların işgəncəyə məruz qalıb, qətlə yetirilməsinə, həbs olunmasına hələ də obyektiv hüquqi qiymət verilməyib. Belə bir vəziyyətdə bizim susmağa, hakimiyyətin insafına bel bağlamağa haqqımız yoxdur…

… 19 oktyabrla bağlı baş verənlər barədə respublika baş prokurorluğu ciddi ölçü götürmək əvəzinə sərsəm, qeyri- ciddi, böhtan xarakterli açıqlamaları xalqı ələ salmaq, təhqir etməkdir. Dövlət qurumlarının hərəkətsizliyinə ciddi etiraz etmək, baş verən cinayətlə bağlı ümumxalq müqavimətini gücləndirməyə ehtiyac var…

Repressiya və İşgəncələr Əleyhinə Komitə olaraq 19 oktyabrda baş verənlər barədə ciddi ölçü götürülməsi, ictimai etirazın təşkil olunması, eləcə də digər faili- məchul cinayətlərə, həbslərə, işgəncələrə aydınlıq gətirilməsi məqsədilə ictimai dinləmələr keçirməyi qərara almışıq. Toplantı 4- cü gün, 24 oktyabr saat 12.00- da Musavat partiyasının Qərargahında keçiriləcək. Dinc, günahsız insanlarımıza qarşı baş verən repressiyalara, işgəncə və həbslərə susmayan hər kəsi etiraz səsini qaldırmağa, toplantıda iştiraka dəvət edirik!

Güc və qələbə birlikdədir!”