ABŞ və Avropa İttifaqı diplomatlarının danışıqları dinlənilirmiş! Xüsusi xidmətin əldə etdiyi səs yazıları Əliyevlərin ailə televiziyasında!

Azərbaycan hakimiyyəti yeni beynəlxalq skandal və cavabdehliklə qarşı-qarşıyadır. Belə ki, ölkənin xüsusi xidmət orqanları ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatlarının bir müxalif siyasətçi ilə söhbətini yazıb və ictimailəşdirib. Bu isə bəli olduğu kimi, üstündən sükutla keçiləcək olay deyil.
Söhbət ondan gedir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bu qurumun təyin etdiyi 19 oktyabr mitinqi zamanı ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə telefonla danışaraq, Əli Kərimli və başqalarının aksiya zamanı həbs edildiyi barədə məlumat verib. Diplomat da cavabında deyib ki, özü də şəhərdədir və baş verənləri müşahidə etməyə çalışır, ona həbslər barədə əlavə məlumatlar verilərsə, şad olar.
Gültəkin xanımla ABŞ diplomatının bu danışığı şübhəsiz ki, oların abunəçi olduqları mobil operatorların və xüsusi xidmət orqanlarının köməyi ilə birbaşa Əliyevlər ailəsinin ruporu olan REAL TV-də audio yazı kimi efirə verilib. Üstəlik eyni verilişdə Gültəkin Hacıbəylinin Avropa İttifaqı Bakı ofisinin siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Danilidislə söhbətlərinin də audio yazı verilib. Bu söhbətlərdən biri 19 oktyabrdan əvvəl nahar masasında olub. Gültəkin xanım avropalı diplomatdan soruşur ki, 19 oktyabr mitinqinə razılıq alınması üçün nəsə kömək edə bilərlərmi? Diplomat da cavab verir ki, onlar razılıq verilməsi üçün çox çalışıblar, lakin hakimiyyət Lökbatanı təkilf edib. Gültəkin xanım isə deyib ki, bu, Milli Şura üçün rədd cavabıdır. Vəssalam. Sonra da adamlar badə qaldırıb, naharlarını ediblər.
Digər səs yazısının məzmunu isə göstərir ki, Gültəkin Hacıbəyli mitinq zamanı Danilidislə zəng edərək saxlanılanların sayı barədə aldığı məlumatı bölüşür və AXCP sədri Əli Kərimlinin taleyindən xüsusi narahatlıqlarını çatdırır. Bu qədər.
İndi Azərbaycan hakimiyyəti içəriyində nə ABŞ və Aİ diplomatlarının, nə də Gültəkin Hacıbəylinin əleyhinə istifadə oluna biləcək bircə sözn də olmadığı bu danışıqları bütün beynəlxalq norma və qaydaları, öhdəlikləri, eləcə də siyasi etikanı pozaraq lentə alaraq, ruporu olduğu bir TV vasitəsilə yayıb. Bunun isə Azərbaycanın ali rəhbəliyi üçün mütləq bir cavab verməkliyi olacaq.
Aİ-nin diplomatı Danilidis artıq məsələylə bağlı “gününsesi.org”ın sualına cavab verərək, bu barədə bu gün rəsmi açıqlamanın olacağını deyib.
Gültəkin Hacıbəyli də məsələyə özünün feysbuk hesabında münasibət bildirib. “Azərbaycan hakimiyyəti növbəti rüsvayçılığına imza atdı. AZERCELL mobil operatoru növbəti cinayət əməlinin iştirakçısına çevrildi! Mənim ABŞ səfirliyinin və Avropa Birliyinin nümayəndələrilə telefon danışığım, hətta işgüzar görüşüm yazılırmış! Təsəvvür edirsinizmi, Azərbaycan hakimiyyəti ABŞ səfirliyinin və Avropa Birliyinin diplomatlarının görüşlərini, telefon danışıqlarını yazır və ağlı çatmadığından bunu milyonların qarşısında faş edir! Rəzalət olarmış, amma bu qədər də yox! Başlarını o səviyyədə itiriblər ki, nə etdiklərini bilmirlər! Əli Kərimliyə qarşı dünənki işgəncəyə ABŞ və Avropa Birliyindən sərt reaksiya gələcəyindən qorxan Azərbaycan hakimiyyəti bu yolla ABŞ və Avropa Birliyini şantaj edir! Ancaq düşünmürlər ki, həmin ölkələrin baxış bucağından, dövlət maraqlarından baxdıqda bu ölkələrin diplomatlarının şəxsi həyat və diplomatik toxunulmazlığına qəsd daha böyük rüsvayçılıq və cinayətdir! Bunu anlamayacaq dərəcədə abdal hökumətin sonuna yəqin ki, çox qalmayıb! Səbirsizliklə Vaşinqton və Brüsseldən bu diplomatik qalmaqala reaksiya gözləyirəm!”, – deyə o yazıb.
azadlıq.info