AXCP funksioneri narkotik ittihamı ilə həbs edilib

AXCP Nizami şöbəsinin sədri Paşa Umudov narkotik ittihamı ilə həbs edilib. Paşa Umudov oktyabrın 15-də “yoxa çıxıb”, onu polisin saxladığı bəlli olub, amma yerini tapmaq mümkün olmayıb. Yalnız 3 gün sonra – oktyabrın 18-də axşam vəkili Zübeydə Sadıqova DİN-i Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən (“bandotdel”) öyrənə bilib ki, Paşa Umudov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.2 maddəsinə (narkotik) əsasən cinayət işi açılıb və 3 aylıq həbs qətiimkan tədbiri seçilib. Vəkilə Paşa Umudovun özüylə görüşmək imkanı isə verilməyib.

Oktyabrın 21-də vəkil Zübeydə Sadıqova Paşa Umudovla görüşmək üçün 1 saylı Bakı İstintaq təcridxanasına ( Kürdaxanı) gedib. Vəkilə bildirilib ki, Paşa Umudov orada yoxdur. Yenidən “bandotdel”ə qayıdan vəkilə orada da müvəkkili barədə məlumat verilməyib. Bununla bağlı həm vəkil, həm də Paşa Umudovun ailə üzvləri DİN-in 102 xidmətinə və Ombudsman Aparatına məlumat verib. Güman olunur ki, Paşa Umudovu vəkili və ailə üzvlərindən gizli saxlamağın səbəbi ona işgəncə verilməsidir.