19 oktyabr dinc mitinqində törədilən polis zorakılığına və işgəncələrə qarşı Milli Şuranın bəyanatı

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Respublikası Konstitusiyasının 49-cu, İnsan Hüquqları və Fundamental Azadlıqlar haqqında Avropa Konvensiyasının 11-ci, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsilə təminat altına alınmış sərbəst toplaşma azadlığının Azərbaycan hakimiyyəti tərəfindən 19 yanvar 2019-cu il tarixindən qadağan edildiyini və Milli Şuranın mitinq keçirməklə bağlı səkkiz rəsmi müraciətinə imtina cavabı verildiyini nəzərə alaraq 19 oktyabr 2019-cu il tarixində Bakının 28 May metrostansiyası ərazisində dinc kütləvi aksiya keçirməyə cəhd etdi. Lakin Azərbaycan qanunvericiliyi və Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrlə qorunan bu mühüm hüquq bu dəfə də Azərbaycan vətəndaşlarına verilmədi və 19 oktyabr mitinqində iştirak edən dinc vətəndaşlara qarşı polis orqanları, xüsusilə Çevik Polis Alayı tərəfindən vəzifə səlahiyyətlərini aşmaqla aşırı güc və zorakılıq törədildi, onlarla vətəndaş işgəncəyə və qeyri-insanı rəftara məruz qaldı, 500 nəfərə yaxın dinc nümayişçi saxlanılaraq müxtəlif polis idarələrinə aparıldı.
Aksiya zamanı onun əsas təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi amansızlıqla rəftar edilib. Ölkə müxalifətinin lideri saxlanıldığı zaman heç bir müqavimət göstərməsə də, polislərin tələblərinə əməl edəcəyini desə də, ona qarşı nümayişkarcasına aşağılayıcı və zorakı, sanki cinayət başında zərərsizləşdirilən terrorçu kimi davranılıb. Əli Kərimlini saxlanılarkən yerləşdirildiyi avtobusda altı nəfər polis əməkdaşı xüsusi amansızlıqla döyüb, alçaldıcı və qeyri insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qoyub. Maraqlıdır ki, ona qarşı edilən bütün zorakı hərəkətlər videoya çəkilib. Müxalifət liderindən işgəncələr altında siyasi fəaliyyətdən imtina edəcyi haqda öhdəlik götürməsi tələb edilib. Təkcə bu fakt, ölkə müxalifətinin liderinin polis əməkdaşlarına döydürülərək işgəncələrə və alçaldığı rəftara məruz qoyulması, bu qeyri-insani əməlin, heç şübhəsiz ki, rəhbərliyin tapşırığı ilə və onun məmnunluq və zövqlə tamaşa etməsi üçün kameraya alınması Azərbaycan siyasi hakimiyyətinin hansı dərin mənəvi, ideoloji, psixoloji böhran və hansı ağır cinayətlər içində olmasına əyani sübutdur. Əli Kərimli döyülən, xüsusilə də boğulan zaman həyatı üçün ciddi təhlükə yaranıb, daxili orqanları, qabırğası ciddi zədə alıb, başı partlayıb və onun ölüm ehtimalı ciddi olduğu üçün aparıldığı Daxili İşlər Nazirliyinin hospitalında başına altı tikiş qoyulub. Əli Kərimlinin boğazında boğulmanın, üzündə, başında aldığı başqa xəsarətlərin də açıq-aydın izləri var.
19 oktyabr dinc mitinqinin yüzlərlə iştirakçısı müxtəlif dərəcəli xəsarətlər alıb. Qadınlar, yaşlı insanlar polis tərəfindən zorakılığa məruz qoyulub, döyülüb, yerlə sürüdülüb. Dinc mitinq zamanı saxlanılanlar arasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Eldəniz Quliyev və Vahid Məhərrəmli də olub. Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb, onun işgəncəyə məruz qalması barədə təsdiqlənməmiş məlumatlar daxil olur.
Mitinq günü Bakının “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” metrostansiyaları fəaliyyətini dayandırıb, Bakının bütün giriş və çıxışları, eləcə də şəhərin mərkəzi sərt polis nəzarətinə götürülüb, yollar bağlanıb. Mitinq saatlarında bütün Bakı ərazisində internet əlaqəsi məhdudlaşdırılıb, şəhərin mərkəzində isə ümumiyyətlə, internet olmayıb, mobil və stasionar telefonlar bağlanıb, Bakının mərkəzinin dünya ilə əlaqəsi tamamilə qapadılıb. Bu rəzalətin, qanunsuzluğun və cinayətlərin bilavasitə icraçıları AZERCELL, BAKCELL və NarMobile kimi mobil operatorlar, internet provayderləri, Bakı Metropoliteni və s. olsalar da, sifarişçi, sözsüz ki, korrupsiner, talançı və insan hüquqları düşməni olan İlham Əliyev hakimiyyətidir.
19 oktyabr aksiyasında minlərlə azərbaycan vətəndaşına qarşı törədilən zorakılıq və tətbiq edilən aşırı güc, yüzlərlə dinc nümayişçinin heç bir hüquqi əsas olmadan saatlarla polis idarələrində saxlanması, bəzilərinin fiziki xəsarətlər alması, müxalifət liderinin ağır fiziki və mənəvi işgəncələrə, alçaldıcı və qeyri-insani rəftara məruz qoyulması birbaşa İlham Əliyev başda olmaqla despotik Azərbaycan rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir və Əliyev tiraniyası bu əməlinə görə, heç şübhsiz ki, qanun və məhkəmə qarşısında cavab verəcək.
Milli Şura olaraq biz beynəlxalq təşkilatları və bütün demokratik dünyanı öz xalqına qarşı vəhşiliklər törədən, öz siyasi opponentlərinə ağır işgəncələr verdirib, bu işgəncələrin videoçəkilişinə baxmaqdan zövq alan, açıq və ədalətli siyasi mübarizdə uduzduğu rəqibindən polis işgəncəsi altında siyasi fəaliyyətdən imtina haqqında öhdəlik tələb edən və ölkəni cəngəllik qanunları ilə idarə edən İlham Əliyev rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə çağırırıq. Azərbaycan kleptokratik hakimiyyəti Maqnitski qanununun əhatə dairəsinə düşməyi çoxdan haqq edib və bu istiqamətdə ən qısa zamanda konkret addımların atılmağını gözləyirik.
Azərbaycan hakimiyyətindən, heç olmasa, dünya miqyasında daha çox rüsvay olmamaq naminə bu cinayətləri bilavasitə törədən Çevik Polis Alayı rəhbərliyinin və şəxsən Daxili İşlər naziri Vilayət Eyvazovun məsuliyyətə cəlb etməsini və sərbəst toplaşmaq azadlığına yaratdığı bütün maneələri aradan qaldırılmasını tələb edirik.
Milli Şura olaraq əsas gözləntimiz Azərbaycan xalqındandır. Biz bu korrupsioner, talançı, quldur mahiyyətli və cinayətkar hakimiyyətə artıq tarixin dəftərxanasındakı yerini göstərmək üçün əziz xalqımızı dinc, sivil, konstitusion mübarizəyə çağırırıq. Yaşadığımız bütün məhrumiyyətlərə, üzləşdiyimiz bütün zorakılıqlara və hətta işgəncələrə baxmayaraq Milli Şura olaraq bu mübarizənin önündə olaraq xalqımızı haqq etdiyi azadlığa, demokratik, azad, firavan və ədalətli cəmiyyətə qovuşdurmaq niyyətimizdə israrlıyıq. Bu şərəfli mübarizədə Qələbə Azərbaycan xalqının haqqıdır və o öz haqqına qovuşacaq!