
Prezident iki gün əvvəl Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla görüşünün ardınca bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib. İki gün əvvəlki müşavirədə islahatlara mane olan məmurları atəşə tutan ölkə başçısı, deyəsən, “islahat” anlayışını köhnə nazirlərini bir-bir çağırıb söhbətləşmək kimi təqdim edir. İslahat işinə köhnə korrupsioner Saleh Məmmədovdan başlamaq ortada önəmli bir dəyişiklik niyyətinin olmadığını açıqca ortaya qoydu. Adam zaman-zaman ölkənin korrupsiya qalmaqallarında ən çox adı hallanmış məmurlarından birdir. İlham Əliyev işin “bismillah”ına onunla başlayıb, özünü daha da biabır etdi. Prezident-məmur səmimi atmosferdə, gülə-gülə hansı böyü uğurların sevincini bölüşürdülər, anlamadıq. Ümumiyyətlə, prezidentin onu nədən qəbul etdiyi, mühüm bir məsələnin müzakirəsini aparırmış kimi nədən uzun-uzun söhbətləşdiyi də hamıya qaranlıq qaldı. Bəhs edilən “yeni format” dedikdə, nəyi nəzərdə tuturlar axı? Yol tikintisi ilə bağlı yeni korrupsiya layihələrinimi, ya nəyi?
Bugünkü görüş də elə əvvəlki görüş formatından fərqlənməyib. Prezident son illərdə məcburi köçkünlərlə bağlı görülən işlərdən danışıb, onlara ev tikintisi üçün 7 milyard vəsait xərcləndiyini deyib. O, ev tikintisinin növbəti ildə də davam edəcəyini bildirib və görülən işlər haqqında komitə sədrinin hesabatını dinləyib. Rövşən Rzayev bu vəzifəyə 1 il 6 aydır təyin olunub. Milli Məclisin 4-cü çağırış üzrə deputatı olan komitə sədrinin atası, Bakı şəhərinin sabiq prokuroru Şükür Rzayev Qarabağ müharibəsi zamanı 24 gün əsirlikdə olub. R. Rzayev sələfi Əli Həsənovun nəvəsi ölümlə nəticələnən qəza hadisəsi törədən zaman məsələyə ən sərt münasibət göstərməsi ilə gündəmə gəlib. O, Nail Allahverdiyevin qanun qarşısında cavab verməli olduğunu vacib saydığını vurğulayıb. Bu açıqlamasından bir müddət sonra da indiki vəzifəsinə təyin olunub. R. Rzayevin adı başqa nazirlər kimi böyük korrupsiya qalmaqallarında hallanmasa da, məlum komitədə işlərin yeyintisiz aparılmasının mümkünsüz olduğunu hər kəs bilir. Zaman-zaman mətbuatda çıxan rəqəmləri ortaya töküb araşdırsaq, Prezidentin bəhs etdiyi 7 milyard manatın yarısının mənimsənildiyi məlum olar. Bu qədər vəsaitlə tikilən evlər indiyə kimi kimlərə paylanıb ki, hələ də yataqxanalarda və kirayələrdə zülm çəkən yüzlərlə ailə var. O evlərin tamam başqa statuslu adamlara satıldığı haqqında da xeyli sayda şikayət var ortada. Son bir ildə belə faktların sayı artım üzrə gedib. Xülasə, Prezidentin islahat söhbəti bir az qarışıq məsələ oldu. Köhnə sistem işçilərini bir-bir çağırıb söhbətləşməklə ölkə düzəlsəydi, dünyada problemli ölkə qalmazdı. Məsələ köhnə sistemin özünü dəyişməkdir ki, İlham Əliyev onu etmək iqtidarında deyil. Çünki onu etməyin öz hakimiyyətinin sonunu gətirmək anlamına gəldiyini yaxşı bilir.