Müsavatın başqanı yenə Arif Hacılı seçildi

Oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında Müsavat Partiyasının IX qurultayı keçirilib. Qurultayda partiya başqanlığına, eləcə də Nəzarət-Təftiş Komissiyasına və Məclisə sərbəst üzvlüyə seçkilər keçirilib.

Qurultay başlayandan sonra ilk olaraq hazırkı başqan və namizəd Arif Hacılı ötən 5 illik fəaliyyəti haqqında hesabat verib. Daha sonra partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın çıxışı dinlənilib. Bundan sonra partiya başqanlığına namizədlər öz platformaları, başqan seçilərlərsə hansı işləri görəcəklərindən danışıblar.

Qurultayın gedişində partiyanın keçmiş başqanı İsa Qəmbərlə Müsavat başqanlığına hazırkı namizədlərdən Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə də düşüb.

Namizədlərin çıxışından sonra İsa Qəmbər fikir bildirib. Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu buna etiraz edib. İsa Qəmbər isə bildirib ki, ona çıxışlarda hücüm olub, ittiham edilib, buna 2 dəqiqə cavab vermək hüququ var.

Tofiq Yaqublu isə deyib ki, o halda onların da cavab vermək hüquqi yaranacaq. İsa Qəmbər onların da bu hüququnun tanınacağını söyləyib.Tofiq Yaqublu isə deyib ki, bu prosesin yarısında qaydaların dəyişməsi olcaq.

Arif Hacılı da müzakirəyə qoşulub. O, qurultay nümayəndələrinin çıxışına qadağa qoyulmasının doğru olmadığını və namizədlərin dediklərində yanlış məqamların yer aldığını söyləyib . Amma buna cavabı internet vasitəsilə verəcəyini qeyd edib.

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.

Səsvermənin nəticəsinə görə, 333 etibarlı səsdən 262-ni Arif Hacılı, 51-ni Tofiq Yaqublu, 20-ni Yadigar Sadıqlı qazanıb. Beləliklə də, Arif Hacılı səslərin 50%-dən artığını qazanaraq, yenidən Müsavatın başqanı seçilib.

Müsvat başqanlığına namizədlər Tofiq Yaqublu (solda), Arif Hacılı və Yadigar Sadıqlı, 13 oktyabr 2019
Müsavat partiyasının 9-cu qurultayı,13 oktyabr 2019