
AXCP sədri Əli Kərimli rəsmi təbliğatın “İlham Əliyev Aşqabadda Paşinyanı məhv etdi!” tipli təbliğatına münasibət bildirib və İlham Əliyevin təbliğ olunan çıxışının mahiyyətini açıqlayıb. O, feysbuk səhifəsində yazıb:
Hökumət saytları, səhifələri şou yaradıblar. Hər yerdə “İlham Əliyev Paşinyanı susdurdu”, “İlham Əliyev Paşinyandan bu rüsvayçılığa son qoymağı tələb etdi” tipli başlıqlarla Əliyevin Aşqabaddakı çıxışını təbliğ edirlər. Həmin çıxışında Əliyev Ermənistanın faşistlərin adını əbədiləşdirməsinə etiraz edib. Xeyli adama da elə gəlib ki, yəqin Əliyev azərbaycanlılara, türklərə qarşı faşist düşüncəsilə terror törətmiş canilərə ermənilərin çoxsaylı abidələr qoymasına etiraz edib. Etiraf edirəm ki, İlham Əliyevin çıxışını dinləyənə qədər başlıqlardan mən də belə güman etmişdim. Əslində Ermənistanın terrorçulardan qəhrəman düzəltməsi ciddi problemdir. Və bu tendensiya Ermənistanda geniş yayılıb. Çoxsaylı faktlardan bir neçəsini xatırladım:
Monte Melkonyan – Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı terror qruplaşmasının rəhbəri idi. Xocalı qətliyamının əsas təşkilatçılarından biri olub. 1993-cü il iyunun 12-də Qarabağda öldürülüb. Ermənistanın milli qəhrəmanı elan olunmuş terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmiş, eləcə də onun Xankəndi və Yerevanda heykəli qoyulmuşdur.
Soqomon Teyleryan – Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşanı Berlində qətlə yetirmişdi. Klassik mənada tetrrorçu olub. Yeravanda bu terrorçunun abidəsi ucaldılıb.
Mixail Avaqyan – Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın əsas təşkilatçılarından olub. Ermənistanın fitnəsilə Cavaxetiyada (Gürcüstanda) ona abidə qoyulub.
Azərbaycanın dövlət başçısı beynəlxalq tədbirdə Ermənistanda faşizmin təbliğindən danışırsa, məntiqlə Qaregin Njde ilə yanaşı müasir erməni faşist terrorçuların adının əbədiləşdirilməsindən də danışmalı idi. Əlbəttə, Qaregin Njde faşist idi, 2-ci Dünya Müharibəsi zamanı Almaniya kəşfiyyatına xidmət etmişdi və onun adının əbədiləşdirilməsi pislənilməlidir. Lakin Qaragen Njde haqda Azərbaycan rəhbəri danışırsa, mütləq bu faşistin 1919-21-ci illərdə Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdiyi qətliyam və etnik təmizləmə də xatırlanmalı idi. Həmçinin Azərbaycan və Türkiyəyə qarşı terror törətmiş şəxslərin də Ermənistan rəhbərliyi tərəfindən qəhrəman kimi təqdim edilməsinə, bu terrorçulara da abidə qoyulmasına etiraz bildirilməliydi. Terrorçuluqla ordu sıralarında savaşmaq çox fərqlidir. Terrorçular heç bir halda qəhrəman kimi təqdim edilməli deyil. Ancaq təəssüf ki, İlham Əliyev bu mövzuların heç birinə toxunmadı. Belə görünürdü ki, İlham Əliyevi Qaregin Njdenin yalnız faşistlərin rəhbərlik etdiyi Almaniyaya xidmət edib, Sovet Rusiyasına qarşı savaşması əsəbiləşdirmişdi. Bilirsiniz nəyə görə? Çünki bir neçə ay öncə Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi haqqında” məruzə təqdim edibmiş və həmin məruzədə 3-cü Reyx ilə əməkdaşlıq etmiş Qaregin Njdenin xatirəsinin Ermənistanda əbədiləşdirilməsi pislənibmiş.
Hər şey aydın oldumu sizə, əziz həmvətənlər? Əliyevi acıqlandıran, danışdıran azərbaycanlılara qarşı etnik təmizləmə edənlərin, terrorçuların, Xocalı qatillərinin qəhrəman kimi təqdim edilməsi deyilmiş. Onu danışdıran Sovet Rusiyası ilə vuruşanların qəhrəman kimi təqdim edilməsinə acıqlanmış Rusiya XİN ilə həmrəy olmaq istəyi imiş.