
AXCP sədri Əli Kərimli Müəllimlər Günü münasibətilə müəllimlərə təbrik və müraciət qarışıq geniş yazı ilə çıxış edib. Ə.Kərimlinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
Təkcə təbrik deyil, müəllimlərlə bağlı çoxdan yazmaq istədiklərimi yazdım.
Əslində müəllimlər də 26 illik ailə hakimiyyətindən ən çox zərərçəkənlərdəndir. Nəinki müəllimlər, hətta peşə olaraq müəllimlik də rejimin qurbanları arasındadır. Azərbaycan cəmiyyəti bütün zamanlarda müəllimə xüsusi hörmətlə yanaşıb. Müəllim hörmətli müraciət forması kimi cəmiyyətdə geniş yayılıb. Sovet dövrünün nöqsanları çox idi. Ancaq həmin dövrdə də müəllimin nüfuzu cəmiyyət üçün də, dövlət üçün də vacib idi. Əbülfəz Elçibəy cəmi bir illik hakimiyyəti dövründə müəllim peşəsinin nüfuzunu artırmaq üçün çox mühüm qərarlar verdi. Müəllimlərin əmək haqqı 3 dəfə artırıldı, ali məktəblərdə rüşvət mexanizmini dağıtmaq üçün “test üsulu” tətbiq olundu. Universitetlərə muxtariyyət verən mütərəqqi təhsil qanunu qəbul edildi. Müəllimlər siyasi sifarişlərdən tam azad edildi…
Əliyevlərin ailə hakimiyyəti isə öz ömrünü saxta yollarla uzatmaq üçün müəllimləri faktiki qurban seçdi. Seçki saxtakarlığı əsasən müəllimlərə həvalə edildi. Bununla da müəllim peşəsinin nüfuzuna çox böyük zərbə dəydi. Məktəblilərə təkcə elm yox, həm də dürüstlük və mənəviyyat dərsi verməli olan müəllimlər rejim tərəfindən cəmiyyətə seçki saxtakarları kimi təqdim olundu. Ancaq obyektiv olub, açıq danışaq: əgər seçki saxtakarlığı müəllimlərə yox, başqa peşə sahiblərinə tapşırılsaydı, onlar həmin saxtakarlığı etməyəcəkdimi? Əlbəttə, edəcəkdilər. Bir anlıq təsəvvür edək ki, rejim seçki komissiyalarında olub, seçkini saxtalaşdırmaq işini məsələn, vergi müfəttişlərinə, səhiyyə işçilərinə, DİN-ə və ya başqa bir sahənin əməkdaşlarına tapşırsaydı, onlar saxtakarlıq etməkdən hamılıqla imtinamı edəcəkdilər? Təbii ki, yox. Bununla seçki saxtakarlığı edənlərə qətiyyən haqq qazandırmıram. Onlar hər fürsətdə qınanılmalıdır. Sadəcə onun altını cızmaq istəyirəm ki, saxtakarlıqdan imtina ayrı-ayrı insanların vicdan və cəsarət məsələsidir, nəinki peşə məsələsi. Dəqiq bilirəm ki, hazırda da minlərlə müəllim müxtəlif yollarla seçki saxtakarlığından imtina edir. Ancaq on minlərlə digər müəllimlər saxtakarlıqda iştirak etdiklərindən bu gözəl peşənin nüfuzuna xeyli zərər dəyib.
Ancaq müəllim peşəsinin nüfuzu təkcə seçki saxtakarlığı vasitəsilə zədələnməyib. Rejim müəllimləri adekvat əmək haqqı ilə təmin etmədiyi üçün onlar təkcə müəllimlikdən aldıqları əmək haqqı ilə dolana bilmirlər. Hətta rejim təmsilçiləri də müəllimləri dərsdən sonra məsələn, “bənnalıq etməyə” çağırmışdı. Hazırda xeyli müəllim ailəsini dolandırmaq üçün peşəsini atıb. Müəllimlərin xeyli hissəsi dolanmaq üçün müəllimlikdən əlavə işlər də görürlər, dərsdən sonra taksi sürəni, kənd təsərrüfatında əl əməyilə məşğul olanı və s. üsullarla ailəsini dolandıranlar da çoxdur. Ən hazırlıqlı müəllimlər isə dərsdən əlavə repititor kimi dərslər deyirlər. Bu zəhmətkeş insanlar normalda müəllimlik etdiklərinə görə almalı olduqları əmək haqqını əldə etmək üçün azı ikiqat çalışmalı olurlar.
Təhsil sahəsində rüşvət və müxtəlif bəhanələrlə pul yığmalar da müəllimin nüfuzuna ciddi zərbədir. Müəllimlər günündə bu barədə ətraflı yazmaq istəmirəm. Yalnız onu qeyd edim ki, bunun da səbəbi hakimiyyətin təbiətindədir. Heç kim güman etməsin ki, bu pul yığmalar ayrı-ayrı müəllimlərin, hətta məktəb direktorlarının özfəaliyyətidir. Qətiyyən belə deyil. Bütün digər sahələrdə olduğu kimi təhsildəki rüşvət mexanizmi də “dövlət siyasətidir”. Ən yüksək səviyyədə sanksiyalaşdırılıb.
Əziz müəllimlər, sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik edirəm. Qısa müddətdə olsa da, mən də müəllim olmuşam. Özümü qismən də olsa sizlərlə həmkar sayıram. Dövlət katibi təyin olunana qədər Bakı Dövlət Universitetinin hüquq fakultəsində 2 il dərs demişəm. Mənə müəllim deyərək xitab edən xeyli tələbələrim olub. Yeri gəlmişkən, müəllim müraciət forması da mənim üçün çox dəyərlidir. Sizi əmin etmək istəyirəm ki, ölkəmizdə demokratiyanın, xalq hakimiyyətinin bərqərar olmasından ən çox xeyir görən təbəqələrdən biri müəllimlər olacaq.
Müəllim adının nüfuzunu tam olaraq bərpa etmək, təhsili hərtərəfli inkişaf etdirmək xalq hakimiyyətinin əsas vəzifələrindən olacaq. Müəllimlərin əmək haqqı dərhal və ciddi şəkildə artırılacaq. Müəllimin dolanmaq üçün başqa işlərlə məşğul olmasına ehtiyac olmayacaq. Təhsilin, o cümlədən uşaq bağçalarının, orta məktəblərin, universitetlərin maliyyələşdirilməsi dövlətin prioritet vəzifəsi olacaq. Özünüzü rejimin girovu saymayın. Biz sizin bir çox işlərə iradəniz ziddinə məcbur edildiyinizi bilirik. Demokratik dəyişikliklər xalqımızın hər bir nümayəndəsi kimi, sizi də qanundan kənar tapşırıq və təzyiqlərdən azad edəcək. Siz ailə hakimiyyətinin şəcərəsini şagird və tələbələrinizə təbliğ etmək məcburiyyətində qalmayacaqsınız. Ötkəm şəkildə dürüstülüyü, saxtakarlıqla mübarizəni, azadlığı təbliğ edəcəksiniz. Tənqid, təklif və iradlarınızı iqtidarlara açıq şəkildə çatdıra biləcəksiniz. Seçki saxtakarlığına cəlb edilməyəcəksiniz. Seçiminizi özünüz edəcəksiniz. Azad, qanunlarla idarə olunan Azərbaycanda peşənizlə, yetirmələrinizin daha böyük nailiyyətlərilə fəxr edərək yaşamağı sizə arzu edirəm!