Ali Məhkəmədən AXCP işi ilə bağlı rüsvayçı qərar VİDEO

Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmovun cəzası 2 ay azaldılıb. Sentyabrın 25-də Ali Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Ali Məhkəmə S.Rüstəmovla yanaşı, onunla birlikdə mühakimə olunan AXCP funksionerləri – partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirovun da şikayətinə baxıb.

S.Rüstəmov və A.Məhərrəmov Ali Məhkəməyə məktub göndəriblər ki, şikayətlərinə baxılanda özləri də iştirak etmək istəyirlər. Vəkilləri də onların iştirakının təmin olunmasını istəyiblər. Amma hakimlər onların istəyini nəzərə almayıblar və məhkəməni davam etdiriblər.

Məhkəmə çıxışlarında vəkillər Cavad Cavadov, Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov bu işə görə məhkum olunan 5 nəfərin hamısının günahsız, onlara qarşı irəli sürülən ittihamların isə absurd olduğunu bildiriblər.

B.Bayramov deyir ki, S.Rüstəmova qanunsuz sahibkarlıq ittihamı verilib. Amma onun 1996-cı ildən yaşadığı, kiçik sahibkarlıqla məşğul olduğu Rusiyanın hüquq-mühafizə orqanlarının məktubu var ki, bu adam heç bir qanunsuzluğa yol verməyib. S.Rüstəmov və digərlərinin Rusiyadan siyasi məhbus ailələrinə yardım məqsədilə pul göndərməsini «çirkli pulların yuyulması» kimi qiymətləndirmək yanlışdır.

Vəkil S.Rüstəmovun qardaşı, qardaşının həyat yoldaşına 90-cı illərdə verilmiş pay torpaqlarının, hətta 1955-ci ildə atasının tikdiyi evin də müsadirə olunmasının da qanunsuz olduğunu vurğulayıb. Bildirib ki, öncə mayın 8-də S.Rüstəmovu, iki gün sonra isə qardaşı oğlu Vidadini narkotik ittihamıyla şərləyib həbs etməkdə məqsəd onları qapalı şəraitdə, təzyiq altında saxlayıb, AXCP-yə pul göndərilməsiylə bağlı cinayət işini hazırlamaq olub. Təzyiq altında ifadələr alınandan sonra isə mayın 25-də AXCP üzvlərini həbs ediblər.

Vəkil C.Cavadov AXCP üzvlərinin həbsindən dərhal sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu deyib.

Vəkillər həm S.Rüstəmov, həm də B.Həsənovun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakı, yaralanmasından da danışıblar. Müdafiəçilər bu işdə cinayət tərkibinin olmadığını vurğulayaraq, müvəkkillərinə bəraət verilməsini istəyiblər.

«Hətta birinci instansiyada dindirilən şahidlərdən biri dedi ki, Rusiyada işləyir, Ramazan ayı idi deyə, fitrə kimi yardım göndərib. Bunu indi çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq kimi necə qiymətləndirmək olar?», – C.Cavadov bildirib.

Hakimlər qısa müşavirədən sonra bu işə görə məhkum olunanlardan yalnız S.Rüstəmova aid hissədə hökmə dəyişiklik edib. Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə verilən ittiham 234.1 maddəsinə tövsif olunub. S.Rüstəmliyə digər ittihamlarla da verilən cəzalar birləşdirilməklə, üzərində 7 il 1 ay həbs saxlanılıb.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, bu işdən Avropa Məhkəməsinə şikayət göndəriləcək.

azadliq.org