
Yaxın oturun. Hökumətdən rəsmi arayış almışıq ki, AXCP-də heç bir trol yoxdur, sosial şəbəkələrdə də mübarizəni fədakar cəbhəçilər, həm də öz adları ilə aparır ))
Hər zaman düşünmüşəm, bu avtoritar hakimiyyətin ki bu qədər maddi, informasiya, inzibati və s. resursu var, əgər üstəlik dərin ağlı da olsaydı, biz batmışdıq, bunlardan xilas olmaq heç mümkün olmazdı. Ancaq yox, vəziyyət yaxşıdır, xilas olacağıq. Dünəndən öz aləmlərində partiyamıza qarşı sensasion “gizli səs yazısı” yayırlar. Xüsusi xidmət orqanları kibercinayət törədərək, bizim Xətai rayon şöbəsinin bir dayaq dəstəsinə sızıb. Oradakı virtual qrup toplantısında rayon şöbəsinin fəalı Rəşid Turabovun səs yazısını “Yeni Müsavat” və digər hökumət mediası vasitəsilə tirajlayıblar. Dinləməyənlər mütləq dinləsin. AXCP-nin bir rayon şöbəsinin bir özəyində olmuş bu söhbət cəmiyyət üçün, xüsusilə də həqiqət axtaranlar üçün olduqca vacib informasiyalar verir. Bu 4 dəqiqəlik səs yazısından məlum olur ki:
1. Partiyada ciddi tələbkar mühit var. Nəinki mərkəzdə, hətta rayon şöbəsinin bir özəyində belə ciddi iyerarxiya var. Vaxtaşırı tapşırıqlar verilir. “Gizli səsin” müəllifi Rəşid bəy deyir: “Monitorinq aparılır və kimin necə işlədiyi bilinir”.
2. Sosial şəbəkələrdə partiyanın işlərini görən, təbliğatını aparanlar qətiyyən trol deyil. Hamısı real, öz adları ilə fəaliyyət göstərən, təzyiqlərə məruz qalan adamlardır. Rəşid bəy 4 dəqiqəlik çıxışında bir özəkdən siyasi fəaliyyətinə görə əvvəllər həbs olunmuş, işdən çıxarılmış 7 nəfərin adını çəkir. Bu məsələ çox önəmlidir. Bu məqam bir tərəfdən AXCP-yə qarşı repressiyanın miqyasını göstərir. Digər tərəfdən rejimin AXCP-yə qarşı son fitnələrindən birini ifşa edir. Dostlar, son vaxtlar cəbhəçilər çox ciddi mənəvi terrora məruz qalır. Hökumətin sosial şəbəkələrdə trollar vasitəsilə işlədiyi heç kimə sirr deyil. İndi bizimlə özləri arasında süni bərabərlik yaratmaq üçün rejim öz informasiya resursları və gizli agentura şəbəkəsi vasitəsilə “AXCP trolları” ifadəsini dövriyyəyə buraxıb. Hər kəs bilməlidir ki, cəbhəçilərdən trol olmaz. Trol öz fikri və adı olmayan, robot kimi adamlardır. Onların işi onlar üçün yazılıb, hazırlanmış mətnləri uydurma adları ilə tirajlamaqdır. Cəbhəçilərin öz sosial şəbəkə hesabları var. Onların əksəriyyəti öz fikirləri, yazıları ilə tanınan insanlardır. Onlar işdən çıxarılma, həbs təhlükəsi altında mitinqlərə gəlir, əksəriyyəti bir neçə dəfə polis idarələrində olub. Bu adamların fikri kiməsə xoş gəlməyə bilər, ancaq bu mübariz adamları trol adlandırmaq olmaz.
3. Baxmayaraq ki, partiyaya böyük təzyiqlər var, AXCP-də insanları “tutub saxlamağa” çalışmırlar – Cəbhə süni görüntü naminə adamları dilə tutub partiyada saxlamır. Yenə də “Gizli səsin” müəllifi Rəşid bəydən bir sitat: “Kim cəbhəçi ismini daşıya bilmirsə, desin, işimizi bilək”. Rəşid bəy çox açıq deyir: “Əgər işin öhdəsindən gələ bilmirsənsə, formal olaraq partiyaya üzv qalmayın”. Bu sözlərdəki səmimiyyəti, tələbkarlığı görməmək mümkün deyil.
4. Həmin qrup söhbətində Rəşid bəy cəbhəçiləri həm də AXCP sədrinin səhifəsində müzakirələrə qatılmağa çağırıb. Qeyri-adi bir şey varmı? Mənim səhifəmdə elə paylaşımlar olur ki, 4-5 min insan müzakirəyə qatılır. Minlərlə trol öz yalanını məhz mənim səhifəmdə tirajlamağa çalışır. AXCP üzvünün bu müzakirələrə qatılıb, trolları təkzib etməsindən, bizim inandığımız həqiqətləri 225 minlik səhifədə yaymağa çalışmasından təbii nə ola bilər?
5. “Gizli səs” partiya daxilindəki demokratik mühiti ortaya qoyur. Tənqidlər açıq və adbaad edilir. “Gizli səs” partiyadaşlarına xtabən deyir: “Mən də cəbhəçiyəm, sən də cəbhəçisən. Gəl hərəmiz öz yükümüzü daşıyaq.” Yaxşı işləyənlərin də, işinin öhdəsindən gəlməyənlərin də adı çəkilir.
6. Nəhayət, “gizli səs yazısı” partiya daxilində plüralizmi, tolerantlığı, müxtəlif fikirliyi tam çılpaqlığı ilə ortaya qoyur. Feminist həmvətənlərimiz də rahat olsunlar, üzvlərimiz arasında feministlər də var və buna görə onlara irad tutulmur. “Gizli səs” deyir: “Məsələn, İsgəndər bəy gedir orda feminstlərlə pivə vurur, ok, əla, çox gözəl…” Sonra İsgəndər bəyə irad tutulur, ancaq feminst olduğu üçün deyil, partiya tapşırıqlarını yerinə yetirmədiyi üçün.
Dostlar, mən əminəm ki, hökumətin əlində bizim toplantılardan, virtual qruplardan başqa “səs yazıları” da var. Paylaşmırlar ki, AXCP təbliğ olunar. Biz necə görünürüksə, elə də varıq. İctimaiyyət qarşısında nə deyiriksə, daxili toplantılarımızda da təqribən eyni şeyləri deyirik. Mən boş yerə tez-tez təkrarlamıram ki, ən böyük biclik düzlükdür.