adil ismayilov

Keçmişi ləkəli olan insanlarla irəli getmək mümkün deyil…

adil ismayilovAdil İsmayılov

Yazmışdım yadınızdadırmı? Sonra gördüm ki, müxtəlif yozumlar, söz söhbət oldu. Son zamanlar başa düşmüşəm ki, bəzən yazdıqlarımı çox az adam düz başa düşür. Hətta İsmayıl da dedi ki, bəlkə bir az sadə yazasan, hamının başa düşdüyü tərzdə. Gördüyünüz kimi irəliləyiş var. Amma icazənizlə aradabir istədiyim kimi yazacam, özüm üçün. İNSAN ÜMIDINI ITIRƏNDƏ FACIƏNI DƏ LAĞLAĞIYA ÇEVIRIR…yazmışdım. Bax bu anlarda belə statuslar yazıram: BU IL GÜNAHSIZ ADAMLARI HƏBS ETDIKLƏRINƏ GÖRƏ 10 MÜSTƏNTIQ , ÜÇ PROKUROR VƏ IKI HAKIM VK-NIN TƏQDIMATI ILƏ VƏZIFƏDƏN AZAD OLUNUB. Bu cür statusları ürəyimdə ZƏNCİNİN ARZULARI adlandırıram. Son illər VK-dan uzaqlaşdırılan bir sıra vəkillərin, ad çəkməyəcəm onları hamınız tanıyırsınız, əsas günahı peşələrini ləyaqətlə yerinə yetirmələri olub. Bu adamların VK-dan uzaqlaşdırılması isə xirtdəyə kimi zibilin (tərbiyəm imkan vermir başqa şey yazım) içində olan, cinayətləri sübuta yetirilmədiyi və barələrində qanuni qüvvəyə minmiş hökm olmadığı üçün cinayətkar deyə bilməyəcəyim bir dəstə dövlətşüvənin sifarişi ilə olub. Onlar yeni-yeni qanunsuz əməllərinə görə irəli çəkilir, orden-medal alır, milyonlara sahiblənir. Ləyaqətli insanlar isə azadlıqlarını, səhhətlərini , iş yerlərini itirir. Son günlər paylaşdığım yazıların “qəhrəmanlarının” yeri bilirsiniz də haradır, amma onlar illərdi qanunları tapdaya-tapdaya “qanuna” xidmət edirlər. Qüvvəyə minmiş qanunları minirlər…
Prezidentin islahat barədə Fərmanından aylar keçib, nəsə dəyişibmi? Dəyişməyəcək də!!! Çünki KEÇMIŞI LƏKƏLI OLAN INSANLARLA IRƏLI GETMƏK MÜMKÜN DEYIL. Fərmandan dərhal sonra televiziyada, saytlarda, qəzetlərdə, müşavirələrdə onu tərifləmək üçün növbəyə düzülən dövlətşüvənlərin səsi çıxmır. İSLAHATLAR DEYƏSƏN ÇOX DƏRINƏ GEDIBLƏR, SƏS-SORAQ YOXDU… yazmışdım bu münasibətlə. Çox istərdim səhv edim, islahatlar həqiqət olsun. Amma keçmişi ləkəli olan insanlarla islahat olmaz. Illər öncə hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə səmimi söhbətim oldu. Onun növbəti qanunsuz qərarını müzakirə edirdik. Dedim qorxmursunuz ki, sabah bu qanunsuzluqlara cavab verməli olacaqsınız? Bilirsiniz nə cavab verdi? Dedi ki, “bilirsən bu qərarlardan nə qədər vermişəm, boğaza kimi pisliyin içindəyəm. Bir qərar çox, bir qərar az nə dəyişəcək ki? Bu gün bu qərarı verməsəm bir gün də bu kresloda qoymazlar sənin dediyin sabahsa nə vaxtsa olacaq-olmayacaq bunu bilmək olmaz”.
İndi bildiniz niyə yazıram gördüklərimi və bildiklərimi? Mən o sabahın tez gəlməsini istəyirəm, çünki görmək istəyirəm o günü. Və başa düşürəm ki, nə qədər ki, cinayətlə mübarizəni cinayətkara tapşıracaqlar o gün gəlməyəcək … Siz istəsəniz də, istəməsəniz də mən özüm üçün,uşaqlarım üçün o günün gəlməsi üçün əlimdən gələni edəcəm…Məni həqiqətən istəyənlər, əzizlərim, doğmalarım deyir ki, özünə niyə yazığın gəlmir, sənə hamıdan çoxmu lazımdı? Siz nə deyirsiniz, bəlkə həqiqətən düz eləmirəm… O günün gəlməsini İstəyirsinizmi??? Bundan sadə deyə bilmədim, üzrlü sayın… TAMAMMI?

Yazı müəllifin facebook səhifəsindən götürülüb