AXCP-yə üzv olun, gücümüzə güc qatın!

Ölkəmizin və millətimizin qurtuluşu naminə təşkilatlanmaq indi ən zəruri vəzifəyə çevrilib

AXCP sədri Əli Kərimli xalqa müraciət edərək, kütləvi şəkildə bu partiyaya üzv olmağa çağırıb. Çağırışda deyilir:

Dostlar, “Gəncə məhbuslarına”, “Tərtər işində” xəyanətdə itiham olunan hərbçilərə, “bandotdel”də cəbhəçilərə verilən dəhşətli işgəncələr haqda oxuyanda nə düşünürsünüz? Son bir neçə ildə məhkəməsiz, hökmsüz güllələnən, işgəncə ilə öldürülən şəxslərin taleyindən hansı nəticələri çıxarırsınız? Ağlınıza gəlirmi ki, siz özünüz və ya əzizləriniz də belə dəhşətli cinayətlərin qurbanı ola bilər? Bəs ölkədən oğurlanıb aparılan 100 milyard dollara qədər milli sərvətimiz haqda necə, düşünürsünüz? O sərvətlərin bizdən oğurlandığını unutmamısınız? Bəs bu qədər zəngin ölkənin milyonlarla işsiz, yoxsul vətəndaşının, uşaqlığı, gəncliyi məhv edilən, ahıl yaşları yoxsulluq şəraitində keçən milyonlarla soydaşımızın əzablı həyatı tez-tezmi yadınıza düşür? Onlara, özümüzə necə kömək etmək haqda düşünürsünüzmü? Bütün bu və sadalamadığım digər problemləri biz yalnız təşkilatlanaraq, mübarizə apararaq, birgə səylərimizlə həll edə bilərik.

Tariximizin elə bir mərhələsindəyik ki, indi ölkəmizin və millətimizin qurtuluşu naminə təşkilatlanmaq ən zəruri vəzifəyə çevrilib. Ölkənin bu bəlalardan daha tez qurtulması üçün siz həmvətənlərimizin dəstəyinə ehtiyacımız var. Hazırda AXCP ölkədə ən yaxşı təşkilatlanmış bir partiyadır. Ölkənin bütün coğrafiyasını əhatə edirik. Bütün ölkə boyu 70-dən artıq rayonda, 1000-dən artıq dayaq dəstəsində cəsur, fədakar üzvlərimiz hər gün ədalətsizliyə, hüquqsuzluğa qarşı mübarizə aparır. Hər ay sıralarımıza əlavə olaraq yüzlərlə insan qoşulur. Ancaq daha çox olmağımız lazımdır. Siz də qoşulun sıralarımıza! Ölkəmizdə korrupsiya və rüşvətxorluğa, ədalətsizlik və hüquqsuzluğa, məmur özbaşınalığına, məmur övladlarının harınlığına, dövlət səviyyəsində oğurluğa, insanların ləyaqətinin alçaldılmasına son qoymaq naminə bizə qoşulun!

Ölkəmizdə qanunun aliliyinin, azad seçkilərin, hakimiyyət bölgüsünün, hər bir şəxsin qanun qarşısında bərabərliyinin təmin olunmasının tezləşməsi üçün AXCP sıralarına qoşulub, gücümüzə güc qatın!

Demokratiya və azadlıq bu xalqın haqqıdır. Yarım əsrlik ailə hakimiyyətinə son qoymağın, cümhuriyyət dəyər və prinsiplərini Vətənimizdə bərqərar etməyin yolu təşkilatlanmaqdan keçir. Daha yaxşı təşkilatlanaq, daha kütləvi və dinc mübarizəmizlə arzularımızdakı Azərbaycanı reallığa çevirək! Bu şərəfli tarixin yazılmasında birlikdə iştirak edək! Xalqımızı dünyada yenidən ilin xalqı edək!