Kamal Abdulla ilə Əvəz Zeynallının məhkəməsində dava düşdü

Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla bir neçə ay öncə cəzalandırdığı müəllimləri də, onların şikayətlərini yayımladığına görə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını da məhkəməyə verib. Avqustun 1-də Binəqədi Rayon Məhkəməsində keçirilən ilk iclasda dava düşüb. Səbəb isə rektorun nümayəndəsi olan vəkil Muxtar Mustafayevin Əvəz Zeynallı və digər cavabdehlərə “quzu balası kimi təkzib verəcəksiz” deməsi olub.
K.Abdulla məhkəməyə iddia ərizəsində “xural.com” universitetin işçilərinin Təhsil Nazirliyinə şikayət məktubları, müsahibələri əsasında hazırlanıb yayımlanmış yazıların həqiqətə uyğun olmayan məlumat hesab edilib təkzib verilməsini, həm Ə.Zeynallının, həm cəzalandırdığı üç işçinin – Vüsalə Ağabəyli, Elmira Baxşəliyeva və Pərvin Mürsəlovanın ondan üzr istəməsini, bir də pul tələb edir. Məbləğə gəlincə, rektor Ə.Zeynallıdan 10 min, universitetin filologiya və jurnalistika fakültəsinin dekanı olmuş V.Ağabəylidən 5 min, P.Mürsəlova və E.Baxşəliyevadan isə 3 min manat istəyir.

Pərvin Mürsəlova

Rektorun ləyaqətinə, işgüzar nüfuzuna zərbə hesab etdiyi yazılar “xural.com”da bu ilin yanvar-iyul aylarında yayımlanıb. Avqustun 1-də məhkəmənin hazırlıq iclasında hakim elan edib ki, rektor iddiaya yeni əlavələr edib. Onu narazı salan başqa yazılar da var.
Ə.Zeynallı və digər cavabdehlər əvvəlki iddia ərizəsini də almadıqlarını bildirərək, onlarla tanış olmaq üçün vaxt istəyiblər. Onlar həmçinin işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz ediblər. Bildiriblər ki, K.Abdulla Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun atası, mərhum Nurəddin Kazımovla dost olub: “Özü də universitetdə deyib ki, Araz bu işi mənim xeyrimə həll edəcək, danışılıb”.
Ə.Zeynallı qarşılıqlı iddia verəcəklərini deyib, bunu hazırlamaqdan ötrü də vaxt istəyib: “Biz indi elə adamla qarşı-qarşıyayıq ki, ona gündə bir medal verilir, akademikdir, universitetə rəhbərlik edir. Böyük bir universiteti dəhşətli bir şeyə çevirib…” Hazırlıq iclasının təxirə salınması məsələsi müzakirə olunanda rektorun nümayəndəsinin cavabdehlərə ünvanlanan “quzu balası kimi təkzib verəcəksiz” ifadəsi prosesdə qalmaqal yaradıb. Ə.Zeynallı ona məhkəmə prosesi heç başlamamış artıq nəticə barədə danışmasını irad tutub: “Sən kimsən ki, məhkəmənin nəticəsini əvvəldən müəyyənləşdirirsən?
Bu zaman M.Mustafayev Ə.Zeynallının ünvanına təhqiramiz ifadə işlədib. Ə.Zeynallı da ona “atandır” cavabını deyib. Bundan sonra qarşılıqlı şəkildə təhqirlə müşayiət olunan mübahisə az qala, əlbəyaxa davaya çevriləcəkdi. Hakim məcbur olub, yerindən durub zalın tərəflər əyləşən hissəsinə gəlib və M.Mustafayev çıxarıb. Vəkil hakimlərin istifadə etdiyi qapıdan müşavirə otağına tərəf yola salınıb.

Elmira Baxşəliyeva
Prosesin qalan hissəsində qərar verilib ki, Ə.Zeynallının hazırlıq iclasının təzirə salınması barədə vəsatəti təmin olunsun. Məhkəmə avqustun 9-na qədər təxirə salınıb.
Müəllimlər Təhsil Nazirliyinə, vitse-prezident Mehriban Əliyevaya məktublarında K.Abdullanın universitetə rektor təyin edildikdən sonra orada anormal mühit yaratdığını, özünə yaxın olan, savadsız müəllimləri himayə etdiyini, fikrini sərbəst şəkildə ifadə edən müəllimlərə qarşı təzyiqləri günü-gündən gücləndirdiyini bildirirlər. Deyirlər ki, K.Abdulla universitetdə əsl diktatura mühiti yaradıb, sözünü deyən, onun iradəsi əleyhinə fikir səsləndirənlər cəzalandırılır. Müəllimlər həmçinin universitetdə korrupsiya və mənimsəmə hallarından da bəhs edirlər.
K.Abdulla ünvanına səslənən ittihamları rədd edir. Bildirir ki, həmin müəllimlər işdə yol verdikləri qüsurları ört-basdır eləmək üçün ona böhtan atırlar.
Adları çəkilən müəllimlərin üçü də hələ bir neçə ay öncə K.Abdullaya qarşı məhkəmədə iddia qaldırıb. Amma məhkəmələr onların şikayətlərini təmin etməyib.

Azadliq.info