Avropa Məhkəməsi QHT-ni qeydiyyata almadığına görə hökuməti cərimələdi

“Bu gün, iyulun 25-də Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan etdi. Qərar İnsan Haqları Klubu təşkilatının Azərbaycanda qeydiyyata alınmasından imtina edilməsi ilə bağlıdır”. Bunu hüquqşünas Xalid Ağaliyev Facebook statusunda yazıb.

Avropa Məhkəməsi qərara gəlid ki, dövlət qeydiyyatından imtina olunması Ərizəçilərin birləşəmək hüququnu (Konvensiyanın 11-ci maddəsi) pozub. Bu pozuntuya görə, hökumət Ərizəçiyə 4500 avro, hüquqi məsrəflərə görə isə 2040 avro ödəməli olacaq. Dərs çıxarılası, QHT-lərin qeydiyyatındakı 1000 illik problemi birdəfəlik çözmək üçün örnək alınası qərardır. Normalda hökumətlər bu cür qərarlardan sonra məhz belə addım atmalıdır.

Qeyd edim ki, bu işdə şikayətçilər Rəsul Cəfərov, Emin Hüseynov, Səbuhi Qafarov və İHK idi. Onlar 9 il əvvəl Bakıda İnsan Haqları Klubu qeyri-hökumət təşkilatını təsis etmişdilər. Bütün qeydiyyat sənədləri qanuna uyğun şəkildə Ədliyyə Nazirliyinə təqdim edilmiş, amma qeydiyyatdan imtina olunmuşdu. Yerli məhkəmələr isə nazirliyin bu qərarından şikayətləri rədd etmişdi. Ərizəçilər AİHM-ə şikayətlərində birləşmək hüququnun pozulduğunu iddia edirdilər.