17 noyabr inqilab çağrışı və ya “Dərviş Parisi partladır”

Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini

Artıq bir neçə gündür ki, 17 noyabr inqilab avantürası ilə bağlı müzakirələr getməkdədir. İlk öncə bu avantüraya qarşı çıxıb, şər -böhtan hədəfinə cevrilməyimizə ehtiyac görməyənlərin nəzərinə çatdırıram ki, AXCP mövcud hakimiyyətin alternativi kimi ictimai məsuliyyət daşıyır və biz bu üzdən də xalqımızın gələcəyinə yönəlik təhlükələrə biganə qala bilmərik.
Bəs 17 noyabr inqilab çağırışı nəyə görə təhlükəlidir.
1) Xeyli vaxtdır ki, hakimiyyət heç bir səbəb olmadan mitinqlərə imkan vermir. Ancaq bu vəziyyət uzun müddət davam edə bilməz, beynəlxalq təşkilatların təzyiqlərini də nəzərə alsaq, payızda iqtidar mitinqlərə qoyduğu qadağanı götürməyə məcburdur. 17 noyabrda “inqilab edəcəyik” tezisi, ilk növbədə hakimiyyətin əlinə əlavə bəhanələr verir. 17 noyabrda zorakı üsullarla hakimiyyəti devirməyə edilən çağırışları əsas gətirən iqtidar, mitinqlərə qoyulan qadağa üçün lazım olan əsası tapmış olacaq. Bu halda hakimiyyət beynəlxalq təşkilatları 17 noyabrla bağlı səslənən zorakı çagrışlarla şantaj edib onları daha ehtiyatlı mövqe tutmağa sövq edə bilər.
2)İnqilab çağırışına uyan, siyasi təcrübəsi olmayan bir- iki min aqressiv narazı insan, spontan qaydada meydana toplaşıb, əvvəlcədən hazırlıq görmüş silahlı xüsusi təyinatlılarla toqquşanda, aydındır ki, uduzan tərəf bu dağınıq kütlə olacaq. Bu zaman həmin “inqilabçıların” fiziki zora əl atması, iqtidara geniş miqyaslı güc tətbiq etmək imkanı verəcək. Nəticədə meydanda kimlərinsə ölməsi, çoxsaylı həbslər, “ölkəni Suriyaya çevirmək istəyirlər” deyəcək hakimiyyətə demokratik proseslərin önünü zorakı şəkildə almağa və xalqda qorxu, vahimə yaratmağa imkan verəcək. Bu imkandan maksimum yararlanmağa çalışan iqtidar, həm də fürsətdən istifadə edib, narazı xalqı meydanlara çıxara bilən demokratik müxalifəti də əzmək və siyasi fəaliyyətə daha sərt məhdudiyyətlər qoymaq istəyəcək. Sonra isə uzun müddətli məyusluq dövrü başlayacaq.
3) Hətta 17 noyabr inqilab tamaşası alınmasa belə, hakimiyyətin niyyəti Qurban Məmmədovun bayağı və populist radikal çağırışları ilə, kəskin narazı elektoratı AXCP, Milli Şura ətrafından uzaqlaşdırmaqdır. Hakimiyyət Qurban Məmmədovun dilindən özünə qarşı siyasi etikadan kənar təhqirlərin islədilməsinə razılıq verməklə, kütlənin nəzərində onun Əli Kərimlidən, Cəmil Həsənlidən daha kəskin və radikal mubarizə apardığı fikrini yaratmağa çalışır. Eyni zamanda 17 noyabr inqilab tamaşası baş tutmayanda da, bunun məsuliyyətini AXCP – nin, Milli Şuranın üstünə atıb, ” görürsünüz, bunlar imkan vermədi ki, inqilab edib hakimiyyəti yıxaq” deyib, narazı xalqın bu qüvvələrə etimadını sarsıtmağa çalışacaqlar. Bu yolla da payızda 50- 60 minlik mitinqlər keçirməyə hazırlaşan AXCP və Milli Şuranın sosial bazasını parçalayıb, xalqın iradəsi və gücü ilə olacaq demokratik dəyişiklikləri uzun müddətə ləngitmək istəyirlər.
Göründüyü kimi, Qurban Məmmədovun ortaya atdığı 17 noyabr inqilab çağırışı əslində məhşur “Dərviş Parisi partladır” səhnəsinin siyasi aranjimanıdır. Qurban Məmmədov bir dəfə Gəncə hadisələri zamanı ” Parisi partladıb” bir necə gün insanları meydana çağırdıqdan sonra, efirə çıxıb hadisələrə bir neçə saat qalmış, artıq iş- işdən keçəndən sonra “evdə oturun” deməklə provakativ fəaliyyətinin məsuliyyətindən yayınmağa çalışıb.
İndi də xalqı təhlükəyə itələyib yenə də, Gəncə hadisələrində olduğu kimi, sudan quru çıxacağını gözləyir. Ancaq, biz xalq olaraq, rejimin bu böyük tələsinə düşməmək üçün daha ayıq olmalı və aldanmışları da ayıltmağa çalışmalıyıq.