Fuad Əhmədlini yenə həbsdə saxladılar VİDEO

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin apelyasiya şikayətinə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılıb. Onun dörd illik cəzasının üçdə ikisindən çoxunu çəkməsini əsas gətirən vəkil müvəkkilinin vaxtından əvvəl buraxılması xahiş edib.

Fuad Əhmədli məhkəmədən fərq qərar, ədalət gözləmədiyini, sadəcə dostlarını görmək üçün bu şikayəti verdiyini bildirib. Onun saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinin  nümayəndəsi Fuadın islah olunmadığını, vaxtından qabaq həbsdən azad edilməsini məqsəduyğun saymadığını bildirib.

Habiı Məmmədovun sədrlik etdiyi kollegiya F.Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı vəkili Elçin Sadıqovun müraciətin təmin edilməməsi ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.

Qeyd edək ki(report), F.Əhmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. 2016-cı il avqust ayının 18-də saxlanılan F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürməkdə ittiham edilib.Onun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə bu il mayın 1-də Suraxanı Rayon Məhkəməsində baxılıb və təmin edilməyib.