Nemət Əliyev : “Xalq hazırdır, hökumət hazır deyil”

“Azərbaycan Ümumudünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalıdır, bu ölkənin milli və dövlət maraqlarına da uyğundur ”.

Bunu iqtisadçı Nemət Əliyev deyib.

O, bu fikirləri hazırda Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatının üzv ölkələri ilə ikitərəfli məsləhətləşmələr aparmasına münasibət bildirərkən dilə gətirib.

Report agentliyinin xəbərinə görə, belə bir danışıqların aparılmasını bu günlər Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

O, Cenevrədə aparılan danışıqlarda müxtəlif nazirlik və idarələrin əməkdaşlarından ibarət ekspert qrupunun iştirak etdiyini diqqətə çatdırıb. İyunun 28-dək davam edəcək məsləhətləşmələr çərçivəsində Kanada, Braziliya, Yaponiya, Koreya, İsveçrə kimi ölkələrlə danışıqlar aparıldığı vurğulanıb.

Nemət Əliyev isə hesab edir ki, Azərbaycan hökuməti gerçəkdə bu təşkilata üzvülükdən çəkinir. İqtisadçının fikrincə, ÜTT-də norma, standart və qaydalar Azərbaycanın milli, dövləti maraqları ilə üst-üstə düşsə də Azərbaycan hökumətinin maraqları ilə eynilik təşkil etmir:

“Çünki Azərbaycan ÜTT-yə üzv olduqdan sonra hakimiyyət məmurları beynəlxalq standart və qaydalara əməl etməlidir. İndiki kimi inhisarı ölkədə istədikləri kimi eninə-uzununa tətbiq edə bilməyəcəklər. Məhsul istehsalına, qablaşdırılmasına nəzarət olacaq. Buna görə də hökumət ÜTT-yə üzvlükdən itmina edir. Açığı Azərbaycanda xalq buna hazır olsa da Azərbaycan hökuməti buna hazır deyil və bu qaydaların ölkəyə gətirilməsini istəmir”.

Azadlıq radiosu