Maaşların artırılmasının yaratdığı suallar

Növbәdәnkәnar parlament seçkisinә hazırlıq?

AXCP sədri Əli Kərimli

Bəzi dövlət qurumlarında (əsasən güc strukturlarında) çalışanların əmək haqlarının və minimum əmək haqqının artırılması istənilən halda ən azı bir neçə yüz min vətəndaşımız üçün yaxşı xəbərdir və mən onların hamısını təbrik edirəm. Bəri başdan deyim ki, maaş artımları haqqınızdır və ölkədə indiki miqyaslı korrupsiya və bacarıqsız idarəetmə olmasaydı, siz də, bu gün əmək haqqı artırılmayan milyonlarla soydaşımız da hazırda aldığından dəfələrlə (faizlərlə yox) artıq maaş, pensiya, müavinәt, təqaüd alardınız. Ona görə heç kimə minnətdarlıq borcunuz yoxdur. Haqqınız çatanın çox kiçik bir qismini sizə verəcəklərini hələlik vəd ediblər.
Bu əmək haqqı artımı xeyli suallar yaradır ki, hakimiyyət onlara cavab verməlidir. Əvvəla, əmək haqları yalnız sentyabr ayından artacaqsa və artırılan əmək haqlarını vətəndaşlarımız yaxşı halda yalnız oktyabr ayında ala biləcəksə, nəyə görə bu barәdә sərəncam 4 ay qabaqdan elan olunub? Hökumət bu yay hansı anti-xalq “prosesə”, “hadisəyə” hazırlaşır? O nə proses və ya hadisədir ki, ondan öncə hökumət güc strukturlarının, MSK-nın və müəllimlərin (hamsının da yox) bir hissəsinin loyallığını satın almağa hazırlaşır? Əcabə, bu “proses” yay aylarında parlament seçkilərini növbəti dəfə və xəlvətcə (təəssüf ki, yay aylarında ölkəmizdə siyasi fəallıq aşağı olur) saxtalaşdırmaq cəhdi deyil ki?
Əgər hökumət əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hansısa mənbələr tapıbsa, nəyə görə ən vacibindən, məsələn, uşaqpulunun artırılmasından başlamayıb? Uşaqpulu bərpa olunandan sonra hökumət sosial sahəyə xərcləyə biləcəyi vəsaiti nəyə görə hamıya bərabər şəkildə ayırmayıb? Yəni güc strukturlarında işləyənlərin də, müəllimin, həkimin və digər büdcə təşkilatlarında çalışanların da, pensionerlərin, əlilliyə və s. səbəblərə görə müavinәt, təqaüd alanların da – hamının dövlətdən aldığı əmək haqqı, pensiya, müavinәt və təqaüdləri eyni faizlə artırmaq daha yaxşı olmazdımı? Hazırkı ayrı-seçkiliyin mənası nədir? Nəyə görə hökumət müəyyən təbəqədən olan insanlara “siz daha vacibsiniz”, başqa təbəqədən olan insanlara isə “siz o qədər də vacib deyilsiniz” mesajı verir?
Biz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını hər zaman tələb edirik. Çünki Milli Şura və AXCP olaraq əminik ki, xalqımız indi olduğundan çox-çox yaxşı həyatı haqq edir. Ona gör də mütamadi olaraq maaşların, pensiyaların, müavinәtlәrin, təqaüdlərin artırılmasını və s. sosial xidmətləri tələb edirik. Ancaq biz onu da bilirik ki, əmək haqları, pensiyalar və s. ödənişlərin artırılması üçün ölkənin gəlirləri artmalıdır. Gəlirlərin artması üçün hökumət gərək büdcənin korrupsiyaya gedən, oğurlanan hissəsini azalda, israfçılığı, özünü doğrultmayan mənasız xərcləmələri kəsə və ən vacibi ölkə iqtisadiyyatının real böyüməsi, azad sahibkarlığın inkişafı üçün kompleks tədbirlər görə. Bunların heç birini görmürük. Deməli, indiki əmək haqqı artımları iqtisadi səbəblərlə deyil, siyasi səbəblərlə bağlıdır. Hökumət cavab verməlidir ki, ölkə iqtisadiyyatında real böyümə olmadığı şəraitdə hazırkı əmək haqqı artımları hansı mənbələr hesabına maliyyələşəcək? İndi vəd edilən əmək haqqı artımlarının əvəzini hökumət növbəti devalvasiya və inflayasiya ilə çıxmayacaq ki?
Nəhayət, vəd olunan əmək haqqı artımlarının cari, taktiki səbəbi nə olur olsun, əsas səbəb hökumətin xalqla hesablaşmağa başlamasıdır. 19 yanvar mitinqində və ondan sonrakı mitinq tələblərində mübarizə əzmini nümayiş etdirmiş xalqımız rejimə başa sala bilib ki, artıq bizi də saya salmaq, bizimlə də hesablaşmaq lazımdır. “Humanist prezident” nağılı ilə artıq heç kimi aldatmaq mümkün deyil. Birilərinin həmin “humanist prezidenti” cəmi 3 ay öncəyə qədər bu ölkədə minimum əmək haqqının (600 min nəfər alırmış) cəmi 130 manat olmasını normal sayırdı. Hətta hər növbəti seçki ərəfəsində, neftin barelinin 100 dollardan baha olduğu vaxtlarda belə əmək haqları və pensiyalar uzaqbaşı 10 faiz artırılıb. İndi nə oldu ki, cəmi 3 ayın ərzində minimum əmək haqqı az qala 2 dəfə artıb 250 manata çatdı, əmək haqları da əvvəllər olduğu kimi 10 yox, 40 faiz artırıldı? Bütün bunların hansısa iqtisadi səbəbi varmı? Əlbəttə ki, yoxdur. Səbəb rejimin xalqdan qorxmağa başlamasıdır və buna xalqımız özü nail olub. Hazırkı əmək haqqı artımlarının da, ilin əvvəlində imzalan sosial sərəncamların da köklü səbəbi siyasidir, xalqı sakitləşdirmək, kütləvi mübarizədən yayındırmaq, olası kütləvi etirazların qarşısına ala bilmək istəyidr. Xalqımız da buradan özü üçün gərəkən nəticəni çıxarmalıdır. Biz yalnız təşkilatlanmış şəkildə və dinc mitinqlərdə hamılıqla öz haqlarımızı tələb etdikdə nələrəsə nail ola bilirik. Daha böyük mitinqlər daha ciddi güzəştlərə gətirib çıxaracaq. Ölkədə siyasi, sosial, Iqtisadi islahatların, sonra da köklü dəyişikliyin önünü yalnız vətəndaş fəallığı və kütləvi, dinc mübarizə açacaq.