Yeni düşmənlərim barədə kədərli bir söhbət

Natiq Güləhmədoğlu

Son illər qazandığım düşmənlərimdən biri budur, tanış olun:alış-veriş arabası. Hər dəfə marketlərdən bu arabaların təppə-tıxma ayrılmasını görəndə özümə hakim ola bilmirəm, hiddətlənirəm. Çünki, dərk edirəm ki, bu arabalardakı məhsullar heç də zəruri təlabat yox, “onu da al, bunu da al” propaqandasının ovladığı məhsullardır. Demək, həm də israfdır. Özü də təkcə insanların şəxsi büdcəsinin israfı yox, planet resurslarının talandır, ona vurulan sanballı zərbələrdir.

İnsanlar indi o hala gətirilib ki, bu arabaları marketdən ala-yarımçıq çıxartmağı öz izzəti-nəfsləri üçün həqarət bilir. İnsanlar öz ehtiyaclarını ödəməkdən çox günü-gündən yekələn, vəhşiləşən bu cansız zəhrimarın qarnını doyuzdurmağı, onu ağzına qədər təpələməyi vacib sayır.

Diqqət edirsinizsə, arabanın arxa tərəfində qırmızı bir şey də var. Bu balacaları oturtmaq üçün yerdir. İlk baxışda ürəyimizə yatır; “necə gözəl bir ixtira, əl-ayağımıza dolaşan uşaqlarımızın və bizim rahatlığımızı təmin edən üstün zəka tapıntısı”, deyirsən! Amma stop!
Bu əlbəttə ki, ağıllı amma bizi hərfləmək, oyuna salıb cibimizi soymaq üçün düşünülmüş çox tədbirli tapıntıdır. O oturacaq əslində başımıza keçirilən noxtadır, əvvəl uşaq onunla valideynlərini o sektordan bu sektora sürükləyir, sonra böyüyüb öz başına keçirir.

Bugün valideynlər yeni nəsil uşaqların görməmişliyindən şikayətçidir. Uşaqların “mağazaya gedək, onu al, bunu da al” tələbləri amansız vüsət alıb. Bəziləri sadəlövhcəsinə bəxtinə düşən uşağın ipə-sapa yatmaz, ləlöyün olmasından şikayətlənir ki, “bizimki zay məhsuldur, filankəsin balası quzu kimidir, heç nə istəməz, nə versələr ona da qane olar!”
Yoxdur, belə şey, bu sizin üçün həm şad, həm bəd xəbər olsun, hörmətli kədərli valideynlər! Bütün uşaqlar sizin uşaq kimi ləlöyündür. Hansı uşaq özünü market önündə, yaxud içində nümunəvi, quzu kimi aparırsa, inanıram ki, çoxu şiddətli valideyn qorxusundan elədir (evə gedəndə ətini kəsərəm!), bu da qaş düzəldən yerdə, göz çıxarmaq kimi bir tədbirdir.

Ustalıqla hazırlanmış reklamlar, cizgi filmləri, mahnılar, müasir texnologiya çoxdan uşaqları bizdən alıb. Onlar uşaq hələ ata-ana deməyi öyrənməmiş uşaqların kövrək beynində istehlakçı (onu al, bunu da al, o birisindən də qoy bura) şüuru formalaşdırır. Ustadın bir sözü necə yerinə düşür: uşaqların məsul olmadığı bir dövrə qədəm qoymuşuq.

Mən 2-3 məlum sovet cizgi filmlərindən savayı demək olar ki, başqasına baxmamışdım. Amma keçənlərdə məcburən 2-3 yeni, olduqca tərifli cizgi filmi seyr etdim, bu barədə o vaxt yazmışdım, təkrar edim: təzə cizgi filmlərdə sürətli kardlar, aqressiya cəhənnəm, onların az qala hər 5 dəqiqəsində 3-4 məhsulun reklamı ustalıqla auditoriyaya ötürülür. İnsanlar acizdir, bizim dədə- babadan qalan öyüdlər reklamlar qarşısında böynü bükük bənövşədir. Yaman yerdə axşamlamışıq, az qala tərki-silahıq.

Tanınmış xalq şairi Ramiz Rövşən 90-ci illərin axırında- müxalifətçi vaxtında, mitinqdə bir söz demişdi. Şair hamilələrdən xahiş etmişdi ki, dünyaya uşaq gətirənə qədər aztv-yə baxmasınlar, çünki, dövlət televiziyasının çirkin informasiya təbliğatı o qədər şiddətlidir bətndə uşağı da zədələyə bilər.

İndi şairin o çağırışını yada salıb, utopik də olsa bu sözləri deyirəm: İmkan ola, yetkinlik yaşına qədər uşaqlara televiziyalara, telefonlara və s bu kimi şeylərə baxmağa qadağan edəsən. Heç küçəyə də çıxmağa qoymayıb mağarada saxlayasan.
Evlərimiz, küçələr, televiziyalar, internet, ümumən ətraf aləm istehlak (onu da al, bunu da al, o birisini də bura qoy) şüurunu tətikləyən şeylərlə ağla sığmayan həddə doludur. O vaxtın Aztv-si indi olduqca məsum görünür.