Keçmiş nazirin Londona yatırdıqları

İsmət Abbasovun oğlu Yunisin İngiltərədə 21 milyon dollarlıq mal-mülkü var

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycan məmurları ilə bağlı araşdırmalarını davam etdirir. Bu araşdırmalar ölkənin var-yatırının, büdcənin pullarının illərdir YAP hakimiyyətində necə talandığını ortaya qoyur. Müxtəlif sahələrə dövlət büdcəsindən ayrılan vəsaiti nazirlərin övladları və yaxınları vasitəsilə ölkədən necə çıxardığı göz önünə sərilir. Ancaq bütün bu araşdırmalar, cinayət faktları nədənsə həmişə Baş prokurorluğun, onun Korrupsiya idarəsinin diqqətindən yayınır. Keçmiş kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə baş nazirin müavini olmuş İsmət Abbasovla bağlı jurnalistin Facebook səhifəsində paylaşdığı araşdırmasını təqdim edirik. 9 il kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasov həmin illərdə kənd təsərrüfatından çox özünün, ailəsinin qayğısına qalıb, öz gələcəyini düşünüb. Yeri gəlmişkən, o illər neft pullarının ölkəyə sel kimi axdığı çağlardır. Həmin illərdə neft pulları dədə malı kimi sağa-sola xərclənib, ofşorlara, müxtəlif ölkələrdə bahalı villalar alınmasına, şirkətlər qurulmasına xərclənib; prezidentdən üzü aşağı. Həmin araşdırma ilə siz də tanış olun, əziz oxucular, gün altında gecəsini gündüzə qatıb bir parça çörək uğrunda  səhərdən axşama kimi torpaq belləyən kənd təsərrüfatında çalışanlar. Sizə ayrılan pulların getdiyi ünvanlardan xəbəriniz olsun. Bəlkə, nə vaxtsa o diyarlara yolunuz düşdü, öz eviniz kimi o qapıları döyə bilərsiz. Oxuyun:

“2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı?
Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.
1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı 19 Edinburgh Drive, Staines-Upon-Thames, England olaraq göstərilir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.
Keşmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.
Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Lindonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.
KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini – AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.
Yeri gəlmişkən, İsmət Abbasov hələ də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür”.