mtn

Jurnalist “dövlətə xəyanətlə” bağlı ittihamları rədd edir

“Dövlətə xəyanət”də ittiham edilən “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov barəsində seçilmiş 4 aylıq həbs qərarına qarşı apellyasiya şikayəti veriləcək, onun həyat yoldaşı bildirib.

Gülmirə Aslanova deyib ki, iyunun 14-dә Sәbail Rayon Mәhkәmәsində keçirilən qapalı proses vaxtı həbsini peşə fəaliyyəti ilə bağlayan jurnalist ittihamları rədd edib.

“Biz heç cür razı deyilik, onun heç bir günahı yoxdur.”

Gülmirə Aslanovanın sözlərinə görə Polad Aslanov 12 iyunda ailəsi ilə birlikdə İran üzərindən Naxçıvana gedərkən Biləsuvar rayonunda saxlanılıb.

İyunun 13-dә DTX tərəfindən yayılan mәlumatda deyilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı “xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib”.

“O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürmüş, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır”, məlumatda bildirilib.

Məlumatda həmçinin deyilir ki, Polad Aslanov “adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.

DTX hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini də qeyd edir.

BBC News Azərbaycanca