Keçmiş vicdan məhbusu Asif Lətifovun Avropa Məhkəməsinə ünvanladığı müraciətin arasından qəbzlər yoxa çıxıb. Bu baxımdan Avropa Məhkəməsi Asif Lətifovun müraciətinə baxmaqdan imtina edib. Bu barədə azadliq.info-ya keçmiş vicdan məhbusu özü məlumat verib. Asif Lətifovun sözlərinə görə, bundan əvvəl Avropa Məhkəməsinə göndərdiyi müraciət bütövlükdə yoxa çıxmışdı. “Həmin müraciəti 2014-cü ildə şəxsən vəkilim Elçin Sadıqov 7 saylı poçtdan göndərmişdi. Sonra bəlli oldu ki, müraciət Avropa Məhkəməsinə çatmayıb. Məsələyə aydınlıq gətirmək üçün poçtdab sorğu göndərməyi tələb etdik. Lakin bildirdilər ki, 6 ay ötdüyünə sorğu göndərə bilməzlər. Məcbur olub ikinci dəfə yenidən Avropa Məhkəməsinə müraciət hazırladıq. Bu ilin fevral ayının 4-də şikayəti şəxsən özüm qəbzlərlə bir yerdə Tiflisdən göndərdim. Fevralın 11-də şikayət ünvana çatıb. Lakin bəlli olub ki, şikayətin arasında qəbzlər yoxdur”.
Asif Lətifov baş verənləri təsadüfi saymır. “Hesab edirəm ki, hansısa maraqlı qüvvələr Avropa Məhkəməsinə şikayətimin qarşısını almağa çalışır. Lakin mən bu məsələdə sona qədər getməkdə israrlıyam”, – deyə Asif Lətifov bildirib.
Asif Lətifov 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin “Betta” dəstəsində xidmət edib. Xidmətinə görə dəfələrlə təltif olunub. Lakin 2011-ci ildə işdən çıxarılıb, 2012-ci il avqustun 29-da isə həbs edilib. Cinayət Məcəlləsinin CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunan Asif Lərifov Hərbi Məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun 27 mart 2014-cü il qərarı ilə cənab Lətifovun cəzası 4 il 6 aya endirilib. Asif Lətifov 2017-ci ildə azadlığa buraxılıb. Beynəlxalq təşkilatlar Asif Lətifovu vicdan məhbusu kimi tanıyıb.

Asif Lətifovun “işi”ndə müəmma
•