4 iyun hadisələri haqqında daha bir fikir

Araz Gündüz 

4 iyun hadisələrinin daha bir baxış bucağından görünüşü.

Xatırlayırsınızsa, neft pullarının sel kimi axmasından sərməst olduğu çağlarda İlham Əliyev şövqlə deyirdi ki, ən yaxın zamanda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olacaqdır. Biraz sonra belə də oldu. Ancaq bu yerdə “əlahəzrət məntiq” özünün qırmızı üzünü ortaya qoyub soruşurdu:
1. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olması ilə Ermənistan öz qoşunlarını Qarabağdan çıxaracaqmı, Azərbaycan zəfərlə öz halal torpaqlarına qayıdacaqmı?
2. Azərbaycan dövləti bunca varlıdırsa, onda nədən Ermənistanda əhalinin aldığı minimal əmək haqqı Azərbaycan əhalisinin minimal əmək haqqından çoxdur?
Biraz sonra üzə dirənməyi sevən “əlahəzrət fakt” da ortaya çıxıb dövlət büdcəsinin hərbi xərclər üçün ayrılmış xeyli vəsaitinin mənimsənilərək ofşorlara ötürülməsi, Rusiyadan alınan silahlara dəyərindən qat-qat artıq pul ödənilməsi kimi cinayət hadisələrini açıqlayanda, çoxlu qaranlıq mətləblərin üstünə işıq düşdü. Üstəlik, büdcə vəsaitlərinin ölkədaxili xərcləmələrinin bütün istiqamətlərində özünü açıq-aydın göstərən oğurluq, mənimsəmə və korrupsiya faktlarını nəzərə alsaq, hərbi xərclər üçün ayrılmış vəsaitlərin də təyinatına görə xərclənmədiyindən şübhələnməyə tam şəkildə əsas yaranırdı.

Müharibənin, özü də onun müxtəlif səbəblərdən çox uzun çəkən formalarının, kimlər üçünsə biznesə çevrilməsi və böyük qazanc mənbəyi yaratması faktlarının tarixdə çoxlu nümunələrini görmək mümkündür. O cümlədən, müharibənin yaratdığı ümumi halsızlıq və ümidsizlik şəraitindən yararlanıb hakimiyyətin bir qrup dələduz tərəfindən qəsb edilməsi faktları da həmişə olmuşdur.

1993-cü ilin mart ayında prezident Elçibəyin sərəncamı ilə yaradılmış, o vaxt Prezident Aparatı Ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində işləyən Əli Kərimlinin başçılıq etdiyi xüsusi komissiya Müdafiə nazirliyinə ayrılan dövlət vəsaitinin xərclənməsini yoxlamış və çoxlu maliyyə pozuntuları aşkara çıxarmışdı. Əslində bu komissiyanın yaradılması və fəaliyyəti ölkədə ordu quruculuğu sahəsində aparılan və getdikcə sürətlənən prosesin tərkib hissəsi idi. Nəhayət, ordunu onun içərisində özünə yuva salmış bir qrup avantüraçılardan təmizləmək qərarı verilmişdi. Ancaq, sonradan bəlli olacaqdı ki, bu avantüraçıların ölkə xaricində çox güclü himayədarları vardır və onlar, ordudakı əlaltılarına qarşı görülən tədbirləri önləmək üçün qanuni hakimiyyətə təzyiq göstərməyə başladılar. İlk addım Kəlbəcərin rus hərbi birləşmələri tərəfindən işğal edilib ermənilərə təhvil verilməsi oldu. Məhz həmin dövrdə, özünün, müdafiə nazirliyinin və ordunun ən yüksək mövqelərində yerləşdirdiyi və yaxın perspektivdə Moskvada daldalanan “mühacir prezidenti” hakimiyyətə gətirmək üçün hərtərəfli kömək göstərdiyi gücün sarsıdıldığını görən qarşı tərəf 4 iyunda əks-hücuma keçdi və bundan sonra baş verənlər acı nəticələrini yaşadığımız bugünə gətirib çıxardı. Əlbəttə, 4 iyun hadisələrinin dövlətə qarşı qiyama qalxmış və xarici himəyadarların köməyinə arxalanan bir qrupun cinayəti olduğu şübhəsizdir. Hadisələrin baş verməsindəki tələskənliyin səbəbi isə, dediyimiz kimi, ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində köklü islahatlara başlaması idi. Xatırlayırsınızsa, o dövrdə Türkiyədən dəvət olunmuş çoxsaylı hərbi mütəxəssislər peşəkar Azərbaycan ordusunun yaradılması üçün gərgin əmək sərf edirdilər və görülən işin bir sıra uğurlu nəticələri də gözə çarpmaqda idi.

4 iyun hadisələrində hakimiyyətin qiyamçılara məğlub olması isə, əlbəttə, güc strukturlarının vaxtında gücləndirilməməsinin nəticəsi idi. “Bu nə üçün belə olmuşdu?” sualının cavabı isə başqa, çox uzun bir söhbətin mövzusudur.