15 iyun xalqımın bayramı deyil

Hikmət Nikbin 

***
Əslində sözün saxtakarlığa xidmət etdiyi Ölkələri Respublikamızın “nümunə”sində təsnif etmək olar.
Bizdə söz çox süniləşib, ilıqlığını, hərarətini itirib. Taqətsiz, nəfəssiz bir vəziyyətə gətirilib. Söz “titullu”, “adlı-sanlı” adamların “cib”indədir. Bəh-bəhlər “ordu”su işləri ötənlərə “bər-bəzək” vurmaqla məşğuldurlar. Ər-arvad-qohum-quda-qonşu-dost idarəçiliyi bir həqiqəti unudur ki, söz ənlik-kirşan deyil, boya deyil, sürmə deyil!
Sözlə məmləkətlər alınır, məmləkətlər bağışlanır.
Söz Xalq olaraq böyüməyimizə, ucalmağımıza vasitə olmalıdır.
Azərbaycanda söz böyük məqsədlərə hesablanmalıdır.
Söz isə bizdə mənasını və əhəmiyyətini itirir. Bir başqa “mahiyyət” kəsb edir.
Ölkəmizdə sözü qladiator döyüşləriylə də müqayisə etmək olar. Yəni, yalnız “mötəbər”ləri əyləndirmək üçündür.
Özünü cəmiyyətin böyük bir hissəsindən “uca” görən toplumun günlərinə məna gətirməkdir söz.
Söz ölkəmizdə yüyrüyü də ifadə edir. Xalqı yatmağa, yatızdırmağa vadar etmək üçündür.
İlahi qanunlar qüvvəsini itirəndə qaloş, köynək parçası, kimlərinsə ağız suyu – tüpürcəyi “müqəddəs”ləşər.
İlahi qanunlardan qopub ağız suyuna qədər endik. Görəsən ağız suyundan o yana nə gözləyir bizi?
Söz xələt, şirinlik boyuna qədər enib cəmiyyətdə.
Məni istəyənə xələt, məni istəməyənə yumruq düşüncəsinin hökm sürdüyü feodal dövründə yaşayırıq. Qəbilə təsəvvürü bizi sabahımızdan məhrum edib. Hələ də keçmişimizdə vurnuxuruq.
Ailə hakimiyyəti üçün iki rəng var. Yaşamağa layiqlər, yəni, sözdən həqiqətin üzünə pərdə çəkənlər, birdə yaşamağa layiq olmayanlar, yəni, həqiqəti olduğu kimi ifadə edənlər.
Sözün kəllə-mayallaq aşdığı yerdir bura.
Ailə hakimiyyəti Azərbaycan xalqını təsəllilərdə “üyüdür”.
Xonça idarəçiliyi günlərini xarici siyasətdə ağlamaqla keçirir. Özlərini isə Ölkə daxilində Xalqın gözünə qəhrəman kimi göstərirlər. Ölkəmizə gərək olanı ondan-bundan ummaq, dilənmək böyüklük deyil.
Bir gerçəyi unudurlar ki, nağıllardakı kimi dilənənlərin üzünə həyat xoşbəxt sonluqla bitmir.
Ölkəmizin olmayan böyüklüyündən, olmayan əzəmətindən danışmaqdan hələ də yorulmayıblar.
Söz S. Hüseynin, Qəddafinin, B. Əsədin boyuna qədər düşəndə ölkələrinin fəlakətləri başladı.
Axı, İlahi sözün insan boyuna düşməsi Ölkələrin çökümüdür.
Azərbaycanda da söz ata, oğul, gəlin boyuna düşüb.
Bəxtsizləşir Azərbaycan!
Çünki, ailə hakimiyyətində təmsil olunanlar ilahi qanunlardan ağır gəlir cəmiyyətdə.
Hakimiyyətlər torpaqdan, Xalqdan, qanunlardan üstün ola bilməz.
Sabah isə “Qurtuluş” günüdür.
Sözün yalana büründüyü, təngnəfəs olduğu daha bir gündür.
Hər gün əsgəri həlak olan Respublikanın da qurtuluş günü olar?
Torpaqları işğal edilən Ölkəyə qurtuluş yaraşar?
Şəhid analarından, atalarından ayıb deyil?
Axı, sabahkı gün Qələbəmizi ifadə etmir.
Torpaqlarsız, Qələbələrsiz nə qurtuluş?
Həqiqətdə isə, 15 iyun – hakimiyyətin şəxsi əllərə dönüş günüdür, ər və arvadın hakimiyyət taxt-tacına sahiblənməsi günüdür. İdarəçiliyin məzmunca monarxiyalaşması həvəsidir.
Yetər!
Qurtuluş adlı quramadan danışmağa lüzum yox!
15 iyun – Dövlətçiliyin əlifbasından xəbərsizlərin bəxti gətirdiyi gündür.
Bu bayram “ovuc”ların (klanların) bayramıdır.
Bu “bayram” Qurtuluş günü kimi yox, H. Əliyevin hakimiyyətə Qayıdışı günü kimi keçirilsəydi başa düşülən olardı.
Xalqım, Sən bu “bayram”ı keçirməyə borclu deyilsən!
15 İyun – Sənin bayramın deyil, Xalqım