İlham Əliyevdən “Oqtay Şirəliyev əcəb edir, özüm arxasında dayanmışam” mesajı

Oqtay Şirəliyevin adamı nə güclü imiş?! İlham Əliyevin sərəncamından xəbəriniz var? Əslində o gün səhiyyədəki rüşvəti və çatışmazlıqları Sevinc Osmanqızı ilə müzakirə edəndә internetimin 3 dəfə müvəqqəti, sonra da tam kəsliməsindən bilmişdim ki, Oqtay Şirəliyev rejim üçün bizim hamımızın bildiyindən daha vacib adam imiş. Heç bir başqa nazirin, hətta İlham Əliyevin şəxsən özünün tənqidi zamanı da internetin başına bu oyun açılmırdı. İlham Əliyevin sərəncamı isə çox şeyi aydınlaşdırdı. Səhiyyə sistemindəki rüşvət ölkənin əsas gündəminə çevrildiyi bir vaxtda İlham Əliyev xüsusi sərəncamla səhiyyə işçilərinə fəxri adlar və medallar verib. Ola bilər ki, təltif edilən həkimlərin və məmurların bir qismi həqiqətən də təltif edilməyə layiqdir. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, səhiyyə nazirinin bu sistemdəki rüşvəti tənqid etmiş jurnalist Teymur Kərimovu həbs etdirməyə çalışdığı, cəmiyyətin də nazirdən səhiyyədəki çatışmazlıqlara görə hesabat və məsuliyyət tələb etdiyi bir vaxtda İlham Əliyevin bu sərəncamı Oqtay Şirəliyevə birmənalı dəstək ifadəsidir. “Oqtay Şirəliyev əcəb edir, özüm arxasında dayanmışam” mənasına gəlir. Mən elə belə də bilirdim və ona görə də demişdim ki, tək naziri deyil, bütövlükdə sistemi dəyişmək lazımdır. İndi artıq hamı bildi ki, İlham Əliyev səhiyyədəki rüşvətdən, korrupsiyadan və bacarıqsız idarəetmədən şikayətçi olan, xəstəsini müalicə etdirmək üçün satılmalı hər şeyi satan, borca girən, xəstəsinə şəfa dalınca xarici ölkələrə üz tutan milyonlarla sadə vətəndaşın yox, nazir Oqtay Şirəliyevin arxasındadır. İndi mənimlə razısınızmı ki, ayrı-ayrı nazirləri dəyişmək yetməz, bütövlükdə İlham Əliyev rejimini dəyişmək lazımdır?”.