Xarici siyasətin “hikmətli” anları

Yaxud, Vaşinqtonda AzTv günləri

Azərbaycan hökumətinin daxili siyasəti kimi xarici siyasəti də “analoqsuzluq” kateqoriyasına aiddir. Ona görə də xaricdəki lobbiçilik, diaspora siyasəti iflasa uğrayıb, bütün dünya Azərbaycandakı korrupsiyadan danışır, Azərbaycan nümayəndə heyətinin xaricdəki “macəra”ları mütəmadi olaraq beynəlxalq mətbuata mövzu olur və.s
Yəni, xarici siyasətimiz ən yaxşı halda Elmar Məmmədyarovun Paşinyandan narazılıq etməsindən ibarətdi.
Amma bütün bunlara baxmayaraq, hökumət demokratik inkişafdan, Azərbaycandakı şəffaflıqdan, dünya ilə sıx əməkdaşlıqdan danışmağa davam edir.
İyunun 11-də Vaşinqtonda Azərbaycan hökumət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə müzakirələrin əsas mövzusu demokratik idarəetmə və vətəndaş cəmiyyəti, Dağlıq Qarabağda dinc nizamlanma, təhlükəsizlik və energetika sahəsində əməkdaşlıq olub.

Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev də görüşdə iştirak edib və geniş nitq söyləyib. O, Azərbaycanın yürütdüyü siyasəti “müstəqil, düşünülmüş, məntiqli” adlandırıb.
Daha sonra Azərbaycanda daxili hadisələrdən danışan H.Hacıyev deyib ki, hazırda Azərbaycan prezidenti ölkənin transformasiyası üçün strateji baxışa malikdir və Azərbaycanın dövlət xidməti sistemi dünyada ən yaxşılardan biridir.
Göründüyü kimi Hikmət Hacıyev AzTv-nin Azərbaycan xalqına çatdırdıqlarını, eyni formada ABŞ hökumətinin nümayəndələrinə də çatdırıb.
Vaşinqtondakılara izah edib ki, Azərbaycanda korrupsiyanın tüğyan etməsi, repressiyaların idarəetmə forması olması, hüququn məhv edilməsi, seçkinin bir institut kimi ləğv edilməsi “müstəqil, düşünülmüş, məntiqli” siyasətin nəticəsidir.
Ölkənin transformasiyası üçün strateji baxışın olduğunu da dəqiq vurğulayıb. Həqiqətən də 21–ci əsrdə ölkəni orta əsrlərə transformasiya etdiriblər. Bu ölkədə istənilən adamın asanlıqla şərlənə bilməsi, istənilən layihəyə korrupsiya elementi qatılması, istənilən seçkinin 100 faiz saxtalaşdırıla bilməsi, strateji baxışın töhfəsidi.
Hikmət Hacıyevin sonda söylədiyi fikir isə şedevrdi. “Axərbaycanın dövlət xidməti sistemi dünyada ən yaxşılardan biridir” deyə, Hikmətli diplomatımız bildirib.
Bu sözləri “qeyri-azad ölkə” siyahısına düşmüş, 100-dən artıq siyasi məhbusun olduğu, milli valyutası iki dəfə komaya düşmüş, xarici borcu dövlət büdcəsini iki dəfə üstələyən, azad mətbuatın məhv edildiyi, təhsili və səhiyyəsi dünyanın ən gerisində qalan, 20 faiz torpağı işğalda olan, minimum əməkhaqqını 100 dollar səviyyəsinə güclə çatdırmış, sərvətinin səsi offşorlardan gələn ölkənin nümayəndəsi söyləyib.
Bakıda Amerikanı, Avropanı söyüb, siyasi rəqiblərlə düşmən kimi davranıb, Vaşinqtonda demokratiyanın fəvvarə vurmasından, ABŞ-la yüksək əməkdaşlıqdan danışmaq siyasi riyakarlıqdır.
Bir sözlə, Hikmətin “hikmətli” çıxışı, Vaşinqtonda AzTv-li anlar yaradıb. Amma hələ də başa düşmürlər ki, 21-ci əsrdi və nağıllara inanmaq dövrü keçib.
Elə bilirlər ki, ABŞ-dakılar ölkədən yüzminlərlə insanın mühacirətə qaçmasından, 200 milyard neft pulunun həzm edilməsindən, Azərbaycanın xarici siyasətinin xaricdə rüşvətə meylli dövlət adamlarını satın almaqda ibarət olmasından xəbərsizdilər.
Qarabağ məsələsinə görə isə vəziyyət daha da acınacaqlıdır .Bütün dünya bilir ki, mövcud hakimiyyət dövlətin qürurunu satıb. Məhz bunun göstəricisidir ki, erməniyə atalıq edən Rusiyanın qarşısında səcdə vəziyyətindədilər.
Daxili siyasət rüsvayçı tellər üzərində qurulubsa, xarici siyasətdən danışmaq absurddur.

Samir