“Ədliyyə nazirinin müavininə görə ailəm evsiz qalıb”

Bakı sakini Ağası Hüseynov məhkəmə ədalətsizliyi nəticəsində ailəsinin ev-eşiksiz qaldığını deyir. Buna görə isə qərar verən hakimlərlə yanaşı, ədliyyə nazirinin müavini Azər Cəfərovu da ittiham edir. Deyir ki, onun təsiri olmasaydı, hakimlər, icra məmurları belə özbaşınalıq edib, açıq-aşkar ədalətsiz qərar çıxarmağa cürət eləməzdilər.
“Nazir müavininə görə ailəm evsiz qalıb” deyən Ağası Hüseynovun Bakının Yasamal rayonu ərazisində, yeni binada yerləşən mənzili onun əlindən alınıb, borclu olduğu Fuad İbrahimovun adına rəsmiləşdirilib. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov bu barədə qərar verib. Halbuki, bu mənzil təkcə Ağası Hüseynovun yox, onun ailəsinin də yaşadığı evdir. Həm də onların qala biləcəyi yeganə yaşayış yerləridir. Qanun isə ailənin yaşamağa başqa yeri yoxdursa, həmin mənzilin müsadirəsini qadağan edir. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarında məhkəmə qərarı icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallar da əksini tapıb. O hallardan biri də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilin olmasıdır: “Mübahisəli mənzil isə mənim və ailə üzvlərimin birgə yaşamağımızı təmin edən yeganə yaşayış sahəsidir. Bu qərar icra məmuru tərəfindən necə qəbul olunub?”
Ağası Hüseynov deyir ki, icra məmuru bu qərarı çıxaranda ona, ailəsinə, yaxud da nümayəndəsinə heç bir məlumat verilməyib. Fevral ayında çıxarılmış qərardan onlar apreldə “Tamam” firmasından məktub gələndə (A.Hüseynovun mənzilinin F.İbrahimovun adına rəsmiləşdirilməsi bu firmaya həvalə olunub) xəbər tutublar. Ağası Hüseynov bundan dərhal sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinə müraciət edib, qərarını surətini alıb, ardınca da onun ləğvi üçün məhkəməyə üz tutub. Ancaq Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova qərardad çıxarıb ki, Ağası Hüseynovun şikayətinə baxıla bilməz, Çünki o, şikayət vermək üçün müddəti ötürüb. Yazıb ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin qərarı Ağası Hüseynovun qeydiyyatda olduğu ünvana vaxtında göndərilib, binanın nəzarətçisinə verilib.
“Mən hazırda həmin ünvanda yaşamıram və binanın nəzarətçisi məktubu alsa da, nə mənə, nə də ki, ailə üzvlərimə təqdim etməyib. Ümumiyyətlə, bu barədə məlumat verməyib. Qərardad rəsmi olaraq, mənim nümayəndəm və vəkilim olan Ramiz İbrahimova 15 aprel 2019-cu ildə təqdim edilib. Göründüyü kimi, şikayətin verilməsi üçün müddət tərəfimizdən ötürülməyib. Əksinə, qərarı bizə göndərənlər qanunvericiliyin tələblərinə əməl etməyib. Heç bir səlahiyyətə malik olmayan şəxsə – binanın nəzəratçisinə qərarı vermək nə deməkdir?”, – Ağası Hüseynov Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciətində belə yazıb.
O, hakim T.Xəlilovanın qərarında Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
“Hörmətli İman müəllim! Biz əminik ki, Ədliyyə nazirinin müavini Azər Cəfərov yenidən bu işə müdaxilə edəcək. Xahiş edirəm, bu işi nəzarətə götürəsiniz və ədalətli məhkəmə qətnaməsinin qəbuluna göstəriş verəsiniz”, – deyə Ağası Hüseynov məhkəmə sədrindən kömək istəyir.

Azadliq.info