Bu sistem fundamentinə qədər sökülməlidir

Rafiq Manaflı

Axır ki, maraq güc gəldi, gündəmimizi zəbt etmiş bu qaloş səhnəsinə baxdım. İlk ağlıma gələn burada bir mitinqin adamı olması oldi.
Deyim ki, xüsusi bir acılıq, təəssüf ya başqa bir hiss keçirmədim. Gülməlidirsə, bizim görəv sahiblərinin hər ağzını açanda bizi güldürdüklərindən gülməli deyil. Ağlamalıdırsa, yaramaz idarəçiliyin bütün ölkəni çuğlatdırdığı faciədən ağlamalı deyil. Cahillikdirsə, İlham Əliyev və onun dəstəsindən daha artıq cahil deyillər. Baş üfunət qoxursa, bədən iylənməyə bilməz. O insanları o qapıya gəlib çıxmağa məcbur edən səhiyyəmiz cahildir.
Düzdür, Azərbaycanda şəxsən mənim tanıdığım elə həkimlər var ki, öz sahələrində dünyanın istənilən həkiminə dərs keçərlər. Digər tərəfdən, sağ ayağın yerinə sol ayağı kəsən, sinəsində problem olan qadınlarımızı 99% ehtiyac olmadan bıçaq altına yıxıb xanımlarımızı döşsüz qoymağı hədəfləyən, döş qəfəsini açıb da bağlayıb ürəyinizi şuntladım deyən həkimlərimiz də var. Səhiyyə sistemində kult sağlamlıq deyil pul oldusa, insan da xəstə deyil, müştəridir.
Səhiyyə müəssisənin bütün resursları, həkimin bütün fikirləri ölüm ayağında ora düşən kimsəni həyata qaytarmaq olmalıdır. Bütün resursları və bütün fikirləri xəstədən pul qoparmağa yönələn, pul olmasa ölsə də ona yaxın durmayan nə müəssisə səhiyyə müəssisəsi deyil, nə də ağ xalatlı həkim deyil.
Mən heç səhiyyə nazirini də yıxıb sürüməyin elə bir faydasını görmürəm. Guya Oqtay Şirəliyevi çıxarıb yerinə Şirəli Oqtayovu qoysalar nə dəyişəcək ki. O da bu sistemin bir elementidir və başqa elementlərdən heç nə ilə fərqlənmir.
İlham Əliyev dəyişməlidir. Onun quldurları hakimiyyətdən iti qovan kimi qovulmalıdırlar. Bu sistem fundamentinə qədər dağıdılıb yerlə-yeksan edilməlidir. Və dövlət də, dövləti dövlət edən alt sistemlər də yenidən, sıfırdan qurulmalıdır.