İndi bu adamı xilas etmək üçün səsini ucaltmaq bir insanlıq məsələsidir

AXCP sədri Əli Kərimli Nardaran məhbusu, aldığı güllə yarasından iflic olmuş Əbülfəz Bünyadovun həbsxanada vəziyyətinin kritikləşməsi ilə bağlı məsələyə münasibət bildirib. Ə.Kərimli hakimiyyəti bu şəxsə qarşı belə qəddar davranmasına görə pisləyib və ölkə ictimaiyyətinə çağırış edib. AXCP sədri feysbuk səhifəsində yazıb:

Heç birimiz yaxamızı kənara çəkməyək. Gözümüzün qarşısında bu vətəndaşımızı öldürürlər. Biz hamımız şahidlərik. İndi isə bir anlıq təsəvvür edək ki, onurğasından aldığı güllə yarasına görə bədəni ömürlük iflic olmuş bu şəxs Əbülfəz Bünyadov yox, bir erməni döyüşçüsü imiş (Əbülfəz bəy bağışlasın bu müqayisəyə görə). Onu da fərz edək ki, həmin bu “düşmən əsgəri” Azərbaycana qarşı vuruşan zaman bizim əsgərlər tərəfindən əvvəlcə onurğasından güllə yarası alıb, sonra əsir alınıbmış, illərdir ki, bizim həbsxanalarda əsirlik çəkirmiş. İndi mən sizdən soruşuram, sizcə, gerçəkdən də belə bir hal olsaydı, İlham Əliyev öz “humanizmini” dünyaya göstərmək üçün bu yataq xəstəsi olan “əsiri” Ermənistana qaytarmazdımı? Şəxsən mənim şübhəm yoxdur ki, qaytarardı və ətrafında da da “humanist prezident” haqda ciddi piar aksiya təşkil edərdi. Ancaq Əbülfəz Bünyadov şanssız və bəxtsiz bir azərbaycanlıdır, üstəlik nardaranlı və inanclıdır. Daha betəri, o, hacı Talehi Nardaranda öz evində qonaq etmiş bir şəxsdir. O, ordumuza qarşı vuruşarkən yox, evində güllələnib. Ona görə də ona humanizm göstərmək lazım deyil. Budur Azərbaycan hakimiyyətinin təfəkkürü.

Əbülfəz Bünyadovu 15 il müddətinə azadlıqdan məhrum ediblər. İndi Əbülfəz Bünyadovun dərdi tək o deyil ki, onurğası sındırılıb vә həbsxana divarları arasında yatağa məhkum edilib. Dərd bununla bitmir. İndi onun bədənini yaralar basıb, bağırsaqlarına ağır infeksiya düşüb, artıq yemək də yeyə bilmir. İndi bu adamı xilas etmək üçün səsini ucaltmaq bir insanlıq məsələsidir. Bəli, indi Əbülfəz Bünyadovun xilası üçün səsini ucaltmaq artıq inanc, siyasi mənsubiyyət, ideoloji fərqlilik müzakirələrinin fövqündədir. Sadəcə insan olmaq kifayətdir ki, bu dəhşətli işgəncəyə, adamın addım-addım və faktiki işgəncə ilə öldürülməsinə etiraz edəsən. Səsini ucalt, etiraz et!