Xarici sərmayə 39 faiz azalıb

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev 

Xarici sərmayə 39 faiz azalıb. Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycanda biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var… Bəs o “müsbət biznes mühiti”, bəs o “böyük irəliləyiş” harada gizlənib, niyə açıb göstərmək mümkün olmur onu, cənab İlham Əliyev! Axı açıqlanan rəsmi məlumatlar göstərir ki, bu ilin yanvar-aprel aylarında xarici investorlar Azərbaycana sərmayələri 39 faiz azaldıb (1,163 milyarddan 0,704 milyarda düşüb). Bu dörd aylıq sərmayə itkisinin həcmi 459 milyon dollar həcmində dəyərləndirilir. SOCAR kimi ən pullu bir dövlət şirkətinin bu gün qapı-qapı gəzib əhalidən “dollar” toplamağa, dövlət büdcəsindən isə subsidiyalar çəkməyə girişdiyi bir zamanda bu yarım milyarda yaxın sərmayə itkisinin nə qədər böyük itki olmasını anlamaq, əlbəttə, elə də çətin olmamalıdır. Azərbaycan kəndlərinin, şəhərlərinin, o cümlədən kiçik, orta, böyük iş adamlarının da ölkəni tərk etmiş o milyonlara böyük ehtiyacı var. Elə isə biznesin ehtiyac içərisində üzüldüyü bir şəraiti necə “müsbət mühit” kimi xarakterizə eləmək olar?! Bilmək lazımdır ki, xarici sərmayələrin iqtisadiyyatımızda payı bu gün 31 faizə düşüb. Halbuki bu pay bir əvvəlki ildə 48 faiz, iki əvvəlki ildə 63 faiz, üç əvvəlki ildə isə 68 faiz olub. Odur ki, sərmayələrin ölkəni sürətlə tərk etdiyi bir şəraitdə (ümumi inveytisiya qoyuluşu 8,1 faiz azalıb) biznes sahəsində böyük irəliləyişdən danışmaq absurddur.