Demokratik dövlət uşaqlarımıza ən yaxşı hədiyyə olar

AXCP sədri Əli Kərimli 

Bu barədə çoxdan yazmaq istəyirdim. Ancaq yəqin ki, bu söhbəti etmək üçün ən uyğun zaman məhz Beynəlxalq Uşaqlar günü olar.
Sizcə, uşaqlarımızın xoşbəxtlyi üçün ilk növbədə nələr lazımdır? Yəqin, əksəriyyət razılaşar ki, indiki zamanda 100 minlərlə uşaq üçün arzuladığı yeməkləri yemək, normal qidalanmaq belə əlçatmazdır. Ona görə də ilk növbədə uşaqlara normal uşaq pulu vermək, ailələrə şərait yaratmaq lazımdır ki, körpələrini, uşaqlarını normal, balanslı qidalandırsınlar. Uşaqlarımızın xoşbəxtliyi həm də onların sağlam böyüməsindən asılıdır. Uşaqların sağlamlığını təmin edəcək effektli səhiyyə sistemi olmazsa olmazdır. Unutmayaq ki, hazırda ölkəmizdə 73 min nəfər uşaq 1-ci qrup əlil olaraq böyüyür. Və onun xeyli hissəsi vaxtında və düzgün müalicə olunmadığı üçün ömürlük əlilə çevrilib. Əlbəttə ki, uşaqlarımızın xoşbəxt gələcəyi həm də indi bizdə yox dərəcəsində olan yaxşı təhsildən asılıdır. Bu da effektli uşaq bağçalarından başlayıb, keyfiyyətli orta və dərin ali təhsillə davam etməlidir. Bura qədər yazdıqlarım əslində şablondur, aşağı-yuxarı hər birimiz bu barədə danışıb, düşünürük. Ancaq məncə, bu yuxarıda sadalananlar uşaqların xoşbəxtliyi üçün ilk ağla gələnlər olsa da, heç də ən əsas şərtlər deyil. Uşaqlarımızın xoşbəxtliyi daha ciddi və dərin faktorlarla bağlıdır. Bu ölkədə 100 minlərlə uşaq faktiki atalarından ayrı yaşayırsa (atalar çörək qazanmağa xaricə gedib), 100 minlərlə uşaq ailəsinin evi olmadan böyüyürsə, atalar yüksək bank faizlərinin və işsizliyin məngənəsində əzilib ikiqat edilirsə, analar yoxsulluqdan övladlarının üzünə şax baxa bilmirsə, imkansızlıqdan ailələr kütləvi şəkildə dağılırsa, dağılmayanların da əksəriyyəti intriqa yuvasına çevrilirsə, uşaqlar gözlərini açıb ayrıseçkilik, ədalətsizlik və hüquqsuzluq görürsə, onları uşaq pulu və vaxtında müalicə olunmaq da xoşbəxt edə bilməz. Uşaqlarımnızı xoşbəxt etməyin tək bir yolu var: onlar üçün yaxşı dövlət qurmalıyıq. Hər bir övladına qabiliyyətindən, mənşəyindən, sağlam və ya əlil olmasından asılı olmayaraq valideyn kimi yanaşacaq, onlara bərabər imkanlar təmin edəcək dövlət. Elə bir dövlət ki, o hər bir uşağın vaxtında və keyfiyyətli müalicə olunmasını da, keyfiyyətli təhsilini də bizli-bizsiz təmin etsin. Elə bir dövlət ki, onun hüquq mühafizə orqanları hər yerdə balalarımızın keşiyində dursun. Elə bir dövlət ki, onun məhkəmələri övladlarımızın haqq və hüquqlarının ən etibarlı təminatçısı olsun. Elə bir dövlət ki, əlilliyi və digər problemləri olan övladlarımıza sona qədər sahib çıxsın, əlindən tutsun, istedadlı və bacarıqlı övladlarımızın isə daha da önə çıxması üçün valideyn fədakarlığı etsin.
Bəli, əziz həmvətənlər, övladlarımızın gerçək xoşbəxtliyi bu ölkədə normal, hüquqi dövlətin, rəqabətə açıq, şəffaf və ədalətli cəmiyyətin bərqərar olmasından keçir. Biz ki övladsevən xalqıq, övladlarımız üçün hansı əziyyətə qatlaşmarıq? Elə isə gəlin övladlarımız naminə bu əziyyətə də qatlaşaq, onların hər zaman yolunu açacaq, onlara arxa, dirək olacaq hüquqi, demokratik dövləti quraq. Cümhuriyyətimizin bərpası bizim uşaqlar üçün, övladlarımız üçün edə biləcəyimiz ən yaxşı iş olar.