Cəhənnəmə çevrilmiş vətəndə mübarizədən çəkinməyənlər

Araz Gündüz 

Prinsipiallıq tərslik etmək deyil, ona qalsa, ölkəmizdəki eşşəklərin hamısı və öz yamanlığından inadla yapışıb qopmaq bilməyən iqtidar, ən prinsipial subyektlər sayılmalıydı. Sözsüz, prinsipiallıq, bəlli, özü də mütərəqqi sayılan ptinsiplər üzrə yaşamaq, onların oturuşması uğrunda çalışmaqdır. Xalqın, ölkənin və dövlətçiliyimizin gələcəyi təhlükə altında olduğu indiki çağda, prinsipial olmaq üçün heç də yüksək dəyərlər uğrunda çalışmaq lazım gəlmir, eləcə, ən elementar insani, hüquqi, mənəvi dəyərlər əsasında yaşamağa çalışmaq prinsipiallıq olur, ən azından, onların qorunması üçün səsini qaldırmaq belə prinsipiallıq örnəyi sayılır. Bəli, biz o gündəyik ki, başqalarının idarəçiliyi, hüquq sistemini, insan haqlarının təminatını, sosial münasibətlərin ədalətliyini daha da təkmilləşdirməsi üçün çalışdıqları bir zamanda, bu təsisatların öz ölkəmizdə ən elementar şəkildə təmin edilməsi arzusu ilə yaşayaırıq.

Ölkədə elə eybəcər, elə əzablı, elə iyrənc bir mühit, başqa sözlə, elə bir cəhənnəm yaranıb ki, imkan tapan insanların çoxu buradan çıxıb getməyi yeganə çıxış yolu bilir. (Müəyyən səbəblərdən, 22 ildir ki, Rusiyada yaşayan mən də, bu sıradan sayılıram.) Bəs, getmək imkanı olub getməyənlər? Getməyi heç ağlına gətirməyib, gecə-gündüz demədən, çəkdiyi əzablara uf demədən, öz prinsipləri ilə yaşamağa davam edən insanlar? Onlar bu gücü haradan alır? Onlar, doğrudanmı, birbaşa dövlət terroru ilə qarşı-qarşıya qalmaqdan, sağlamlıqları və həyatları üçün təhlükəli olan bir mühitdə yaşamaqdan bezmirlər? Onları bunca dönməz edən hansı duyğudur? Məncə, bu sualın cavabı çox sadədir. Onlar, öz gələcəklərini bu ölkəsiz, bu xalqsız təsəvvür edə bilməyəcək dərəcədə prinsipial insanlardır. Onlar öz ata-babalarının vətənə çevirdiyi coğrafiyanı, övladlarına verməyi qət etmiş, prinsipial insanlardır. Onların özünüqoruma instinkti qaçmaqla canını qurtaran mühacirlərdən daha güclüdür, çünki onlar öz xalqları ilə vəhdətin mahiyyətini anlamışlar: anlamışlar ki, özünün bütün tarixi uğur və uğursuzluqları ilə gəlib bugünə çıxan bu xalqın, keçmişinə vaysınmaq olmaz, çünki, öz varlığımız üçün məhz bu vaysındığımız keçmişə borcluyuq, ancaq yol vermək olmaz ki, bugün dünayaya gətirdiyimiz uşaqlarımız və onların gələcək törəmələri bir gün, öz keçmişlərinə və indilərinə vaysınmaqda davam etsinlər. Əgər, bugün ölkəmiz Türkmənistana dönməyibsə, bu, həmən o prinsipial insanlarımıza görədir, onlara dil uzatmazdan, hansınınsa biraz qızğınlıq etməsinə, bir başqasının fikrini yarımçıq ifadə etməsinə dodaq büzməzdən öncə, bir anlığına dayanıb onların hansı işgəncələr içində yaşadığını da xatırlayın, bundan sonra, insafınız yol verərsə, yenə də söyməyinizə davam edin.

P.S. Ölkədən getməyə məcbur olan, ancaq var gücü ilə xalqımızın bu fəlakətdən qurtulması naminə çalışan insanların olduğunu da danmaq olmaz. Ancaq yenə də, ölkədəki qaniçən və terrorçu rejimlə qarşı-qarşıya savaşan insanlarımızın mövqeyi, prinsipiallıq baxımından mənə, daha üstün görünür.