Yaxud mən niyə Uşaq Günündə sevindim?!
Rafiq Məmmədli, mail@mammadli.az
Ölkədəki vəziyyət barədə söhbət gedəndə elliliklə hamı ən odiyoz nazirlik və təşkilatlardan, məsələn Daxili İşlər, Ədliyyə, Müdafiə, Səhiyyə nazirlikləri, Gömrük komitəsi, prokurorluq və s.-dən danışır. Mən isə bu dəfə bunlardan yox, bunların yanında «imam övladı» sayılan Azərpoçt-dan, daha doğrusu bu təşkilatın yaratdığı «bespredel»dən söhbət açacağam.
Beləliklə, iş elə gətirdi ki, bizə də bir çoxları kimi dollarla kredit kompensasiyası almaq «xoşbəxtliyi» nəsib oldu. Prezident fərmanı 2019-cu ilin fevralın 28-də verilməsinə baxmayaraq biz 2600 manatlıq kompensasiyamızı nəhayət, iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ala bildik.
Bəs bu iş niyə bu qədər uzun, nə az, nə də çox, düz 3 ay çəkdi?
Mən lap əvvəldən başlamıram, onu demirəm ki, kompensasiya alacaq şəxslərin siyahısı, onların alacağı məbləğ haqqında informasiya əl altında olmağına baxmayaraq ilk kompensasiyalar yalnız apreldən verilməyə başlandı. Bizim isə bəxtimiz əvvəldən «gətirmədi». Çünki bankımız bankrot banklardan (Dəmirbank) biri olduğundan palatadan bizə kompensasiyamızı Azərpoçt-dan alacağımızı dedilər və bizə «gözləyin, adınız saytda çıxacaq və sizə SMS gələcək» komandası verildi. Günlər-aylar keçir, adımız saytda çıxsa da SMS gəlmirdi, bir neçə «müdrik» adamın məsləhətindən sonra əl-ayağa düşdük, palata və Azərpoçt-un əvvəl telefonlarını «saymağa» başladıq, bundan bir şey çıxmadığını görüb yollarını «su yoluna» döndərdik.
Nəhayət, çoxmərhələli bir proses başladı və nə başladı. Sən demə, bizim çətinliyimiz təkcə «Dəmirbank» deyilmiş, «deyir sən saydığını say, gör fələk nə sayır». Adımız siyahıda çıxanda məlum oldu ki, bizi Daşkəsənin (!) poçtuna salıblar… və həyatımızın ən böyük səhvlərindən birini buraxdıq. Avtobusa minib 6-7 saatlıq yol gedib, sakitcə kartımızı alıb gətirmək əvəzinə başladıq qanun-qayda davasına, beləliklə, mübarizənin növbəti mərhələsi başladı…
Biz elə hey deyirdik, axı nə üçün bizim kartı qeydiyyatda olduğumuz və yaşadığımız Bakıya deyil, ötən əsrin 70-ci illərindən (!) çıxdığımız Daşkəsənə göndəriblər?! Bu sirri öyrənmək elə də çətin olmadı, sən demə, bütün günahlar bizim yeni – rəqəmsal şəxsiyyət vəsiqəsində imiş, belə ki, bu vəsiqələrin üstündə vətəndaşın yaşayış ünvanı göstərilmədiyindən (!) onun kartını doğulduğu yerə göndərirlərmiş, absurd da olsa, yəni bu vəsiqələri oxumağa poçtda avadanlıq yox imiş. Bircə onu demək qalır ki, belə şeylər ancaq və ancaq analoqu olmayan dövlətlərdə baş verə bilər. Təsəvvür edin, vətəndaş Ermənistanda doğulsaydı, bəs bu «ağıllılar» onu hara göndərəcəkdi?
Biz poçtamtda kartımızın Bakıya gətirilməsi ilə bağlı ərizə yazdıq və növbəti «gözləyin» komandasını aldıq. Növbəti günlər-həftələr keçir, bizim kartdan xəbər deyən tapılmırdı, halbuki normal düşüncəli insanın ağlınca kartı Bakıya gətirmək üçün maksimum 6-7 saat kifayət idi.
Daşkəsən poçtundan aldığımız xəbərlərə görə, kartımız hələ də orada idi… Burada bir çox xoşagəlməz detalları qəsdən buraxıram ki, oxucuları yormayaq, bircə onu deyim ki, Azərpoçt-dakı bu məsuliyyətsizliklər hər dəfə görüşüb danışdığımız adi poçt işçilərinin həddən artıq nəzakətli davranışları fonunda baş verirdi. Azərpoçt bu gülümsər üzlü işçiləri sanki vətəndaşların başının altına yastıq qoymaq üçün hazırlamışdı.
Nəhayət, elə poçt işçilərinin biri bizə sirr olaraq dedi ki, gözləməyin, ən salamatı, nə qədər ki, hələ oradadır, gedin Daşkəsəndən kartınızı götürün, qarşıdan bayramlar-filan gəlir… Elə biz də bunu düşünürdük.
Beləliklə, poçtamtdan dəqiq kartımızın hələ də Daşkəsəndə olmasını öyrənib yola çıxmağa hazırlaşdıq. Amma dedik, «olmadı elə, oldu belə», birdən biz ora gedərik, kart da bura, biabırçılıq onda olar. Bunun üçün Daşkəsən poçtunun müdirinin mobil telefonunu öyrənfik, sevinclə ona zəng vurduq ki, nəhayət normal bir insanla danışıb dərdimizi söyləyəcəyik. Səhər-səhər zəng vurmağımıza baxmayaraq, «mən indi iclasdayam, saat 3-ün yarısı zəng vurun» dedi. Daha soruşmadıq Daşkəsən poçtunda bu nə iclasbazlıqdır və bu iclas niyə 4-5 saat çəkir? Dediyi vaxtda ona təkrar zəng vuranda bu dəfə telefonu götürmədi, poçtun İnternetdəki şəhər telefonuna isə düşmək olmadı, oradan-buradan müdirin daha bir mobil nömrəsini öyrənib zəng vurduq, təəccüblə, «sizə bu nömrəmi kim verib?», – dedi… Bizi 3-4 dəqiqə (!) telefonda gözlədərək, kağız-kuğuzları eşib baxandan sonra nəhayət, «kartınız burada, sizin nömrəniz 146-dır, gəlib götürə bilərsiniz», – dedi…
Bu daşdankeçən sözlərdən sonra, inanmıram ki, kimsə başqa bir şey düşünərdi. Gecəynən avtobusla Gəncəyə, oradan taksi ilə, avtovağzala, sonra taksi ilə Daşkəsənə çatıb, poçt açılmamış qapısını kəsdirdik (gedib-gəlmək bizə, ümumiyyətlə, 60-70 manata (!) başa gəldi). Sən saydığını say, gör fələk nə sayırmış, bir filmdə deyildiyi kimi, bizə dedilər ki, kartınız «tyu-tu», Bakıya gedib. Təbii ki, həmin o «iclassevər» müdiri tapdıq, kaş tapmayaydıq, bizə cavabını olduğu kimi yazırıq: «mənim burada nə günahım var, mühasibatlıq sizin kartınızı Bakıya göndərib»…
Sonradan öyrəndik ki, bu adamın müdir olmasına baxmayaraq heç bir işdən xəbəri yoxdur və iclas dediyi zamanlar isə küçələrdə veyillənir, bir-iki başqa xüsusiyyətlərindən də söz açdılar, amma qalsın öz aramızda…
Əlbəttə, yuxarıda dediyim kimi, adamları diri-diri udan «monstr»ların yanında Azərpoçt nədir ki, ona görə, burada baş verən hər bir qanunsuzluğa, məsuliyyətsizliklərə göz yummuşuq. Şəxsən mən, poçt işçilərinin aldıqları qəpik-quruş maaşlarını nəzərə alaraq heç zaman göndəriş və məktubları alanda və s. adamlardan sırtıqcasına tələb etdikləri qanunsuz ödənişlərə görə onları qınamamışam, hətta bir dəfə 2-3 dollarlıq (!) bir eynəyi Alibaba-dan sifariş verən zaman poçtda məndən 2 manata yaxın guya «gömrük haqqı» istəyəndə də mən susmuşam, amma nahaq, qanunsuzluğun, məsuliyyətsizliyin böyük-kiçiyi olmur…