Regionlarda əməkhaqqı Bakıdan 2.3 dəfə azdır

AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev

Regionlar Bakı şəhərindən 2,3 dəfə, ölkə üzrə orta səviyyədən isə 38 faiz geri düşüb…

Kənarlaşma 1 faiz olar, 2 faiz olar, hətta 5 faiz, 10 faiz də ola bilər, amma 40 faiz, 50 faiz, 60 faiz ola bilməz və olmamalıdır! Kənarlaşma bu həddə çatıbsa, idarəetmə sistemi dərhal şübhə altına alınmalıdır.

Orta aylıq əmək haqqı göstəricisinə dair 01.04.2019-cu il tarixə açıqlanan rəsmi məlumatların müqayisəli təhlili göstərir ki, Regionların sosial-iqtisadi vəziyyəti olduqca ağırdır. Orta aylıq əmək haqqı göstəricisi Bakı şəhəri üzrə nisbətən yüksək olsa da, ölkə əhalisinin tam əksəriyyətinin məskunlaşdığı bölgələrdə bu göstərici çox aşağı səviyyədədir.

Respublikanın ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonunda orta aylıq əmək haqqı 195 dollara yaxındır (cədvələ bax). Halbuki bu göstərici Bakı şəhəri üzrə 481 dollar, ölkə üzrə isə 340 dollardır. Deməli, iqtisadi rayonun orta aylıq əmək haqqı göstəricisi Bakı şəhəri üzrə orta göstəricidən 59,6 faiz və ya 286 dollar azdır. Aran iqtisadi rayonu bu göstəriciyə görə ölkə üzrə orta səviyyədən 43 faiz aralı (aşağı) düşüb. İqtisadi rayona daxil olan Zərdab (163 dollar), Bərdə (168 dollar), Ağdaş (170 dollar) Ağcabədi (171 dollar), Göyçay (172 dollar), Sabirabad (172 dollar) rayonlarında əhalinin yaşayış vəziyyəti daha ağırdır.

Şəki-Zaqatala iqtisadi rayonunda orta aylıq əmək haqqı səviyyəsi vur-tut 182 dollardır. Bu göstərici ilə iqtisadi rayon Bakı şəhəri üzrə orta göstəricidən 62 faiz, ölkə üzrə orta göstəricidən isə 46 faiz geridə qalıb. Lənkəran, Dağlıq-Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax iqtisadi rayonları da oxşar taleləri yaşayırlar.

Ən aşağı orta aylıq əmək haqqı göstəricisi Yuxarı-Qarabağ iqtisadi rayonundan məcburi köçkün həyatı yaşayan işçilərə verilən əmək haqqıdır (177,6 dollar).

Aparılan hesablamalar göstərir ki, bütün iqtisadi rayonlar üzrə orta aylıq əmək haqqı 211 dollardır. Bu, çox aşağı göstəricidir. 211 dollarla Region əhalisinin indiki zamanda aylıq problemlərinin öhdəsindən gələ biləcəyini düşünmək sadəlövhlük olardı. İstənilən bir səhiyyə müəssisəsinin ilk həmləsi ilə bu vəsaitdən əsər-əlamət qalmayacağını bilməyən yoxdur indiki zamanda. Belə şərtlər altında 211 dollarla yaşamağın nə qədər çətin olması heç kəsə sirr deyil.

Normal şəkildə izahı olmayan növbəti məsələ ondadır ki, bu “211” göstəricisinə ölkənin sosial-iqtisadi inkişafına 245 milyard dollar sərmayə (bunun təxminən 80 milyardının Regionlara yönəldiyi bildirilir) xərclədikdən sonra nail olunub. Səbəb-nəticə əlaqələri baxımından nəticə heç adekvat deyil və çox uğursuzdur. Odur ki, “Daha neçə milyardları həzm-rabeədən keçirmək lazımdır ki, insanları normal əmək haqqı ilə təmin edə biləsən” sualı bu gün çox aktualdır.

211 dollar əmək haqqı səviyyəsi ilə Regionlar Bakı şəhərindən 2,3 dəfə, ölkə üzrə orta səviyyədən isə 38 faiz geri düşüb.

Beləliklə, aydın olur ki, Regionlar ilə Bakı şəhərinin inkişaf səviyyələri arasında dərin uçurum əmələ gəlib və Regionlar ölkə üzrə orta səviyyədən çox kənarlaşıb. Belə bir nəticəyə gətirib çıxarmış idarəetmə sistemindən dərhal imtina olunmalıdır.