Mingəçevirdə ölümlə nəticələnən qəza

Mikroavtobus süd satan qadını vuraraq öldürüb

Bu gün səhər saatlarında Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Sağ sahilində, Təbriz küçəsində qeydə alınıb. 4 saylı marşrut üzrə hərəkət edən mikroavtobus təxminən 55-60 yaşlı Şölə Qafar qızı İsmayılovanı vuraraq ağır xəsarət yetirib.

Şahidlərin sözlərinə görə, qadın ərazidə ağartı məhsullarının satışıyla məşğul olurmuş. Ş.İsmayılova ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü səhər tezdən işlədiyi marşrut xətt üzrə yola çıxırmış. Hadisə də məhz bu zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Azər