“Gəncə işi”ndə tutulanların valideynləri PA önündə

Ötən il Gəncə olayları zamanı həbs edilən şəxslərin bəzilərinin valideynləri bu gün, mayın 7-də yenidən Prezident Administrasiyası (PA) önünə toplaşıblar.

Onların bir çoxu övladlarının haqsız yerə həbs edildiyini bildirərək, sözlərini Administrasiyaya çatdırmaq istədiklərini qeyd ediblər. Amma onlar qəbula düşə bilməyiblər. Üstəlik, polis müdaxiləsi ilə üzləşiblər.

Polis əməkdaşları onları PA-nın qarşısından uzaqlaşdırıb.

Bu zaman çəkiliş aparan bəzi media mənsublarına da maneələr yaradılıb, onlar da Administrasiya qarşısından kənarlaşdırılıblar.

«Getdik, guya bizi qəbul edəcəkdilər, amma etmədilər. Niyə etmədilər? Qorxduqlarından qəbul etmədilər. Elə qorxduqlarına görə övladlarımızın fotolarını da büküb bir tərəfə atırlar», – şikayətçi xanımlardan biri sonradan söyləyib.

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə deyir ki, mayın 7-də Prezident Administrasiyasının qarşısına toplaşan valideynlərdən bəziləri maşına otuzdurularaq naməlum istiqamətə aparılıb.

Amma baş verənlərə və hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

2018-ci ildə Gəncədə baş verən olaylara görə həbs edilən bir çox şəxslərin valideynləri bundan əvvəl də bir neçə dəfə aksiyalar keçiriblər. Onlar Gəncə və Bakıda polisdə saxlanarkən yaxınlarının işgəncələrlə üzləşdiklərini bildirərək, bununla bağlı şikayətlərin araşdırılmasını tələb ediblər. Amma rəsmi qurumlar həmin iddialara hər hansı münasibət bildirməyiblər. Bununla belə, rəsmilər polis və cəzaçəkmə müəssisələrində işgəncə baş verməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar.

Azadlıq radiosu