İyunun 23-də təkrar seçki keçiriləcək
Türkiyə Mərkəzi Seçki Komissiyasının martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.
Qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək.
Seçkidə başlıca şəhərlərdə, o sıradan İstanbulda məğlub olan hakim partiya seçkinin nəticələrinin ləğv olunmasını və yeni seçkinin keçirilməsini tələb edir.
Türkiyə Mərkəzi Seçki Komissiyasının təkrar seçki ilə bağlı qərarı açıqlanmazdan öncə AKP təmsilçisinin sosial şəbəkələrdə bu barədə yazması, əslində, qərarı MSK-nın yox, Ərdoğanın verdiyini bir daha ortaya çıxardı.
Mayın 6-da axşam İstanbulda seçiciləri qarşısında çıxış edən Əkrəm İmamoğlu 31 mart seçkisində qələbəsinin “ana südü kimi halal” olduğunu deyib. O, 16 milyonluq İstanbula güvənərək təkrar seçkidə də qalib gələcəyinə inandığını bildirib.
Martın 31-də Türkiyədə bələdiyyə seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.
İlkin nəticələrə görə(report), Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.
Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.
Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb. Aprelin 17-də Əkrəm İmamoğlu mandatını alıb və vəzifəsinin icrasına başlamışdı.