Statistika Komitəsi yenə saxta məlumatlar yayır

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev Dövlət Statistika Komitısinin məlumatlarında daha bir maraqlı məqamı ifşa edib. Bununla bağlı iqtisadçının yazdığı facebook statusunda deyilir: “Dövlət Statistika Komitəsi ictimaiyyətə yenə saxta məlumat ötürüb: guya əhali gəlirlərinin adambaşına düşən həcmi bu ilin yanvar-mart dövründə 4,6% artıb. Halbuki, bu göstərici 0,4% azalıb. Çünki adambaşına düşən gəlirlərin həcmi 2018-ci ilin yanvar-mart dövründə 1280,5 manat, 2019-cu ilin yanvar-mart dövründə isə 1275,7 manat olub. Bu iki göstəricini müqayisə etməklə gəlirlərin nominal həcminin necə və neçə faiz dəyişməsinə asanlıqla əmin olmaq olar (1275,7 ÷ 1280,5 × 100% – 100 ≈ – 0,4%).

[bax: https://www.stat.gov.az/news/macroeconomy.php?page=13&arxiv=1], [bax: https://www.stat.gov.az/news/macroeconomy.php?page=1].

Əhalinin ümumi gəlirlərinin 5,5 faiz artmasına dair Statistika Komitəsinin yaydığı məlumat da saxtadır. Gerçəklikdə bu göstərici 0,5% artıb. Ona görə ki, əhalinin nominal gəlirləri 2018-ci ilin yanvar-mart dövründə 12,533 mlrd manat olubsa, 2019-cu ilin yanvar-mart dövründə 12,591 manat olub
(12,591 ÷ 12,533 × 100% ≈ 0,5%).

Burada haşiyə çıxaraq bildirmək istəyirəm ki, Dövlət Statistika Komitəsinin buraxdığı bu xataları o zaman “hesablama xətası” saymaq olardı ki, bu münasibət davamlı xarakter almazdı. Bu cür xatalar davamlı şəkildə baş verdiyinə görə Komitənin siyasi sifariş yerinə yetirməsinə dair səslənən iddialar bu gün də əsaslı hesab olunur. Heç şübhəsiz ki, göstəricilərin təhrif olunmuş şəkildə ictimaiyyətə ötürülməsi “həyat səviyyəsi”, “inkişaf” haqqında yanlış təsəvvür yaratmaq məqsədlərinə xidmət edir.

Əgər Statistika Komitəsinin ölkədə 2,1% inflyasiya olmasına dair yaydığı rəsmi məlumatın doğru olmasına nəzəri cəhətdən inansaq belə, o zaman əhalinin həyat səviyyəsinin bu ilin yanvar-mart dövründə 2,5% pisləşməsi [-2,1% + (-0,4%) = -2,5%] ortaya çıxır.

Lakin rəsmi inflyasiya göstəricisi çox şübhəlidir və inandırıcı deyil. Hətta bu son üç ayda bazarlarda qiymətlərin necə dəyişməsini canlı şəkildə müşahidə eləmiş sadə insanları da bu “2,1% bahalaşma” ilə yola vermək mümkün deyil. Rəsmi məlumatların təhlilindən isə ortaya çıxır ki, daxili bazar payı 70 faizə yaxınlaşan idxal mallrının 30 faizə yaxın bahalaşması hesabına ölkənin məhsul bazarında azı 14%, ümumi istehlak bazarında isə azı 11 faiz bahalaşma əmələ gəlib [bax:https://www.facebook.com/nemat.aliyev.18/posts/2616608335022061].

Bu bahalaşma səviyyəsinin əhalinin ümumi alıcılıq qabiliyyətinə nə dərəcədə mənfi təsir etməsini təsəvvür eləmək elə də çətin deyil. Odur ki, ölkədə bu son üç ayda həyat səviyyəsinin yaxşılaşmasına dair səslənən fikirlərin heç bir əsası yoxdur”.